RU

Politoloq: Əliyevin ABŞ səfəri siyasi-iqtisadi baxımdan xüsusi əhəmiyyət daşıyır

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər. Qarşılanma zamanı İlham Əliyev BMT-nin Baş katibi Antonio Quterreşlə səmimi söhbət aparıb. Açılış mərasimindən öncə dövlət başçısı Assambleyaya qatılan bir sıra ölkələrin nümayəndələri ilə də ayaqüstü fikir mübadiləsi aparıb.
O, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşündə Azərbaycan-Yunanıstan enerji əməkdaşlığının uğurlu inkişafına toxunub. Daha sonra Prezident iraqlı həmkarı Əbdüllətif Camal Rəşidlə bir araya gələrək, ikitərəfli münasibətlərdə hökumətlərarası komissiyanın rolunu müzakirə edib.
Azərbaycan liderinin, həmçinin, Finlandiya Prezidenti Aleksandr Stubb, Keniya Prezidenti Uilyam Ruto və Avropa Şurasının Baş katibi Alan Berslə görüşləri və dünyanın aparıcı maliyyə qurumlarının rəhbərləri ilə də danışıqları olub.

Politoloq Turab Rzayev Sherg.az-a deyib ki, bu səfərin xüsusi əhəmiyyəti var:

"Buradakı əsas məsələlər çərçivəsində keçirilən görüşlər həm ayrı-ayrılıqda, həm də qrup şəklində dövlət rəhbərləri ilə baş tutur. Bu da mühüm məqamlardan biridir. Aydındır ki, Tramp üçün əsas məsələ yalnız Zəngəzur dəhlizinin açılması deyil. O, daha çox Azərbaycanın sülh prosesində real nəticələr əldə etməsinə çalışır. Buna görə də Azərbaycan tərəfi də məsələni daim Ağ Evin sahibinin gündəmində saxlamağa çalışır. Yəni, Zəngəzur yolunun açılması baş tutmasa belə, artıq bu, Trampın vasitəsilə yeni siyasi yolun ifadəsi kimi dəyərləndirilə bilər. Eyni zamanda, böyük ehtimalla, Azərbaycan və Türkiyə rəhbərləri arasında mühüm görüşlər keçiriləcək. Qarabağ, Zəngəzur dəhlizi, İranla bağlı məsələlər, eləcə də Yaxın Şərq, Aralıq dənizi, Qara dəniz və Körfəz bölgəsindəki siyasi proseslər müzakirə olunacaq. Bu müzakirələr xüsusilə Azərbaycan və onun müttəfiq ölkələri arasında mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, Azərbaycan üçün investisiya məsələsi də önəmlidir. Çünki neft tükənən resursdur, hasilatı azalmaqdadır. Buna görə də ölkənin alternativ investisiya mənbələrinə çıxışı vacibdir. Bu istiqamətdə Azərbaycan Prezidenti həm Bakıda, həm də xaricdə dəfələrlə nüfuzlu şirkət rəhbərləri ilə görüşlər keçirib. "Goldman Sachs" və digər beynəlxalq investisiya şirkətləri ilə Bakıda və xaricdə keçirilən görüşlər buna nümunədir. Hazırda ABŞ-də yeni investisiya şirkətləri ilə danışıqlar aparılması da Azərbaycanın alternativ sərmayələrə çıxış imkanlarını genişləndirdiyini göstərir".

Analitik əlavə edib ki, ölkəmiz üçün əsas prioritet yalnız daxili imkanlarla kifayətlənmək deyil, həm də xarici ölkələrdən investisiya cəlb etməkdir:
"Bu sərmayələr enerji, alternativ enerji, infrastruktur layihələri, daşınmaz əmlak və digər sahələrə yönələ bilər. Azərbaycanın həm Bakıda, həm də ehtiyac duyulan digər ölkələrdə, məsələn, Özbəkistanda daşınmaz əmlak bazarına maraq göstərməsi də bunun bariz nümunəsidir. Bütün bu məsələlərlə bağlı geniş müzakirələrin nəticələrini isə yaxın günlərdə daha dəqiq şəkildə öyrənə biləcəyik".
Избранный
22
1
sherg.az

2Источники