
Ağ evin tarixində indiyədək görünməmiş qəribə hadisə baş verib. ABŞ-nın 46-cı prezidenti Co Baydenin digər portretlər sırasındakı portreti "prezidentlərin şərəf xiyabanı"ndan götürülüb və yerinə avtoqələm fotosu qoyulub.
Reyting.az xəbər verir ki, Vaşinqtondakı Ağ evin Qərb qanadında yerləşən, eyni zamanda, müxtəlif dövrlər ərzində ABŞ prezidenti seçilmiş şəxslərin heç birinin bu məkanın hamı tərəfindən qəbul edilən ənənəvi dizaynına müdaxilə etmədiyi, o cümlədən ehtiram göstərdiyi "prezidentlərin şərəf xiyabanı"nda artıq ABŞ-nın keçmiş prezidenti Co Baydenin iri portreti asılmayacaq.
Baydenin portretinin asıldığı yerdə, eləcə də ABŞ-nın 45-ci və 47-ci prezidenti olan Donald Trampın portretlərinin arasındakı boşluqda Ağ ev divarlarında çox qəribə görsənən, həmçinin Baydenin prezident kimi istifadə etdiyi, sənədləri avtomatik imzalayan müasir avtoqələm qurğusunun portreti yerləşdirilib. Ağ ev rəsmi şəkildə bununla bağlı ilk görüntüləri sentyabrın 24-də "X" sosial şəbəkəsində paylaşıb.
Bu avtoqələm C. Baydenin prezidentlik müddətinin sonunda verilmiş əfv və cəza yüngülləşdirməsi qərarlarında daha çox istifadə olunub. Prezidentliyi dövründə də Bayden bildirmişdi ki, qərarları şifahi təsdiqləyib, lakin çoxsaylı sənədlərə görə köməkçiləri eyni zamanda da avtoqələm vasitəsindən yararlanıblar.
Tramp isə iddia edib ki, əslində, Baydenin imzası olan bu qərarlar etibarsızdır, çünki sənədlər avtoqələm ilə imzalanıb. Tramp hətta qurğunun Baydenin özünün belə xəbəri olmadan işə salındığını deyib, lakin Baydenbunları təkzib edib.
İkinci prezidentlik müddətinə seçildikdən sonra Donald Tramp Barak Obamanın portretini də nümayiş olunan yerdən Ağ evin qapalı hissəsinə köçürülməsinə göstəriş verib. Tramp həmçinin ABŞ prezidentləri olmuş Corc Buş-ata və Corc Buş-oğulun portretlərinin də çox gözə dəyməsindən narahat olub. Pezident Tramp onların da portretlərinin diqqət cəlb etməyən, daha az görsənən yerə keçirilməsini tələb edib.
Oqtay QORÇU