RU

Yüzlərlə azərbaycanlı miqrant uşağın normal məktəbə getmək haqqı tanınacaq...


Şərqiyyə Məmmədova: “Türkiyədə yaşayan bəzi azərbaycanlı ailələrin övladları təhsildən kənarda qalmaq təhlükəsi ilə üzləşir”

İstanbulda Azərbaycan məktəbi açılacaq. Bu imkan iki qardaş ölkə arasında təhsil əməkdaşlığının daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Elm və təhsil naziri Emin Əmrullayev Bakı Türk Anadolu liseyinin yeni binasının açılış mərasimində çıxış edərkən bildirib ki, Azərbaycan-Türkiyə təhsil əlaqələrinin genişlənməsi çərçivəsində İstanbulda fəaliyyət göstərəcək Azərbaycan məktəbi həm orada yaşayan soydaşlarımızın uşaqlarının ana dilində və milli ruhda təhsil almasına, həm də iki ölkə arasında təhsil əməkdaşlığının daha da güclənməsinə xidmət edəcək. Bu imkan iki qardaş ölkə arasında təhsil əməkdaşlığının daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır: “Bu məktəb İstanbulda işləyən və ya digər səbəblərlə yaşayan Azərbaycan vətəndaşları üçün də əhəmiyyətli fürsət yaradacaq. Bu baxımdan bu layihə Azərbaycan və Türkiyə təhsil sistemləri arasındakı dostluğu daha da möhkəmləndirəcək”.

Məlumat üçün bildirək ki, İstanbul şəhərində “Özəl Hüseyn Cavid Azərbaycan millətlərarası” anaokulu fəaliyyət göstərir. Məktəbin qurucusu fədakar Şərqiyyə xanım Məmmədovadır. Qeyd edək ki, məktəbdə təhsil alan şagirdlərin 90 faizdən çoxu 90-cı illərdə işləməyə gedib, sonradan müxtəlif səbəblərdən orda qalan, qayıda bilməyən naxçıvanlıların övladlarıdır. Xüsusən, imkansız ailələrdir və çətinliklə dolanırlar.

“Dilimizi, tariximizi, dəyərlərimizi qorumaq baxımından uşaqlarımız azərbaycan dilində oxuyub-yazmalıdır”

Şəqriyyə Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, İstanbulda Azərbaycan məktəbi açılması əhəmiyyətlidir: “Bizim dilimiz azərbaycan dilidir, bu dili inkişaf etdirməliyik. Doğma dilimizi inkişaf etdirənlər də bizlərik, yetişdirdiyimiz nəsil, övladlarımızdır. Ona görə də dilimizi qorumaq hər kəsin mənəvi borcudur. Hesab edirəm ki, xarici ölkələrdə, o cümlədən, Türkiyədə Azərbaycan məktəbinin olması gözəl təşəbbüsdür və yaxşı nəticələr vəd edir. Məlum məktəblərdə Azərbaycanın tarixi, mədəniyyəti, dili, ədəbiyyatı öz vətəndaşlarımız tərəfindən tədris olunacaq. İllərdir rus dilinin təsirinə məruz qalmışıq, rusdilli məktəblərin sayı artır. Çalışmaq lazımdır ki, övladlarımız əcnəbi dillərdə deyil, ana dilimizdə tədris alsın. Dilimizi, tariximizi, dəyərlərimizi qorumaq baxımından uşaqlarımız azərbaycan dilində oxuyub-yazmalıdır. Bu səbəbdən də Türkiyədə azərbaycan dilli məktəbin olması vacibdir. Xarici ölkələrdə Azərbaycan məktəblərinin açılması həm strateji, həm də mədəni baxımdan böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, xaricdə Azərbaycan məktəblərinin yaradılması təkcə bir təhsil layihəsi deyil, milli kimlik, mədəni diplomatiya, beynəlxalq əməkdaşlıq və strateji inkişaf baxımından çoxşaxəli əhəmiyyət daşıyan tarixi bir addımdır”.

Həmsöhbətimiz bildirdi ki, Türkiyə böyük ərazidir. İstanbulda Azərbaycan məktəbinin hansı ərazidə açılacağı hələ məlum deyil: “Məlumdur ki, Türkiyənin hər bir bölgəsində azərbaycanlılar yaşayır. Yeni yaradılacaq məktəbin hansı ərazidə olacağı ilə bağlı məsləhətləşmələr aparılmalıdır. Yaxşı olar ki, bizim də fikrimizi alsınlar, çünki bu ölkədə məlum işi bizdən yaxşı görəcək başqa nümayəndə yoxdur. Konsulluq belə lazım olanda bizdən soruşur, öyrənir, məsləhət alır.

Məktəb açmaqla iş bitməməlidir. Kənar ərazilərdən uşaqların gətirilməsi problemi var. Bu kimi məsələlər nəzərə alınmalıdır. Yeni yaradılacaq məktəblə bağlı mənə müraciət olunarsa, məmnuniyyətlə dəstək olaram”.

Ş.Məmmədovanın dediyinə görə, İstanbul şəhərində “Özəl Hüseyn Cavid Azərbaycan millətlərarası” anaokulu hər zaman fəaliyyətdə olacaq: “Bu məktəb dövlətə aid deyil, özəldir. Bizim tədris ocağımız tam orta məktəb kimi fəaliyyət göstərir. 11-ci sinfin şagirdləri də bu məktəbdə təhsil alır. Türkiyədə yeni yaradılacaq azərbaycan dilli məktəb isə dövlətin nəzarətində olacaq”.

Həmsöhbətimiz xüsusi olaraq vurğuladı ki, İstanbulda çoxlu sayda azərbaycanlı uşaq var ki, təhsili yoxdur: “Türkiyədə yaşayan azərbaycanlı ailələrin övladları təhsildən kənarda qalmaq təhlükəsi ilə üzləşirlər. Həmin ailələrin bir çoxu illər əvvəl qazanc məqsədilə bu ölkəyə köçsə də, sənəd çatışmazlığı səbəbindən övladları təhsil hüququndan istifadə edə bilməyib. Direktoru olduğum məktəb Türkiyə qanunlarına uyğun şəkildə 2013-cü ildən açılıb və o vaxtdan bəri təhsildən kənarda qalan uşaqları cəlb etmək üçün mübarizə aparır. Hazırda ən böyük problemimiz Naxçıvanla bağlıdır. Uşaqlar burada 8-ci sinfi bitirirlər, amma Naxçıvanda onlara deyirlər ki, sən yenidən 8-ci sinfi oxumalısan. Halbuki, qanun deyir ki, bilik səviyyəsi kifayət edirsə, şagird imtahan verib növbəti mərhələyə keçə bilər. Belə halların qarşısını almaq üçün rəsmi qurumlara, hüquq şuralarına müraciət etmişəm, hətta bir şagird yüksək nəticə ilə 9-cu sinfə keçərək fizikadan birincilik diplomu da qazanıb”.

Günel CƏLİLOVA

Избранный
10
baki-xeber.com

1Источники