RU

Azərbaycan hər zaman sülhün, təhlükəsizliyin, əməkdaşlığın tərəfdarı olması ilə diqqətdədir

BMT Baş Assambleyasının «Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə” mövzusunda keçirilən 80-ci sessiyası hazırkı dövrün çağırışlarının, Azərbaycanın sülhün, təhlüksizliyin təmin edilməsinə töhfələrinin təqdimatında əhəmiyyətli rol oynayır

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən Baş Assambleyanın 80-ci sessiyası 150-dən çox dövlət və hökumət başçısının iştirakı ilə «Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə” mövzusunu müzakirəyə çıxararaq hazırkı dövrün əsas çağırışlarının nədən ibarət olduğunu açıqlayır. Sessiya çərçivəsində, həmçinin dünyanın bəzi yerlərində davam edən münaqişələr, Dayanıqlı İnkişaf Məqsədləri, iqlim böhranı və digər mövzular ətrafında da müzakirələr aparılır. Sessiya sentyabrın 30-dək davam edəcək.

BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfər edən cənab İlham Əliyevin qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi görüşlərin say tərkibinə diqqət yetirməklə Azərbaycanın bir daha beynəlxalq münasibətlər sistemində yeri və rolunun aydın mənzərəsini təqdim edə bilərik. Prezident İlham Əliyev səfərin ilk günü, sentyabrın 22-də Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey, “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker və dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt ilə ayrı-ayrılıqda görüşlər keçirdi. Sentyabrın 23-d isə Prezident İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid, Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis, Avropa Şurasının Baş katibi Alen Berse, Keniya Respublikasının Prezidenti Uilyam Samoei Ruto, Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşdü. Hər bir görüş dövlətlərarası münasibətlərdə qarşılıqlı etimad mühitinin rolunu açıqlamaqla yanaşı, əlaqələrin inkişafında, dövrün çağırışlarının yerinə yetirilməsində mövcud imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Görüşlərin hər birində dövlət başçısı İlham Əliyevin avqustun əvvəlində ABŞ-a səfəri çərçivəsində əldə olunan razılaşmalara xüsusi diqqət yönəldildi. Sessiyanın mövzusuna diqqət yetirdikdə bu gün regionda dayanıqlı sülün və təhlükəsizliyin təmin edilməsinin gələcək üçün əhəmiyyəti daha aydın görünür. Görüşlərdə Vaşinqton görüşündə ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılmasına, iki ölkə arasında münasibətlərin normallaşmasına dair sazişin paraflanmasına və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Vaşinqton Bəyannaməsinin əhəmiyyətinə diqqət yönəldilərək bütün bunların regionda davamlı sülhün təmin olunması baxımından vacibliyi qeyd edildi.

Cənab İlham Əliyevin son iki ayda ABŞ-a iki dəfə səfər etməsi Azərbaycan-ABŞ münasibətlərinin hazırkı inkişaf səviyyəsinin də aydın mənzərəsini yaratdı. Son zamanlar Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər təkcə ənənəvi diplomatik əməkdaşlıq çərçivəsində inkişaf etməklə kifayətlənmir, eyni zamanda, keyfiyyətcə yeni - strateji müttəfiqlik səviyyəsinə yüksəlməkdədir. Xüsusilə Donald Trampın ikinci prezidentliyi dövründə Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb. Enerji təhlükəsizliyi, regional sabitlik və antiterror əməkdaşlığı kimi sahələrdə qarşılıqlı maraqların artması bu iki ölkə arasında münasibətlərin daha dərin və qarşılıqlı etimada əsaslanan bir platformaya keçməsini şərtləndirir. Hər iki səfər məhz bu yüksələn dinamikanın davamı və yeni strateji mərhələnin əsasını qoya biləcək mühüm siyasi addım kimi qiymətləndirilməlidir. Yüksəksəviyyəli liderlər dialoqu ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır, qarşılıqlı anlaşmanın və əməkdaşlığın dərinləşməsi üçün zəmin yaradır. Liderlər diplomatiyası vasitəsilə ölkələr arasında strateji tərəfdaşlıq daha möhkəm, dayanıqlı və çevik xarakter daşıyır. Sentyabrın 23-də Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbul təşkil olundu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak etdilər. Rəsmi qəbulda çıxış edən Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp «Ermənistan və Azərbaycan. Mən Sizə təşəkkür etmək istəyirəm, dostum. Oradakı münaqişənin iyirmi iki il davam etdiyini dediniz, düzdür, 22 il? Bu 22 il ərzində Siz müharibə şəraitində idiniz» söyləyərkən dövlətimizin başçısı İlham Əliyev qeyd etdi ki, daha da çox, 30 ildən artıq: «Siz möcüzə yaratdınız, cənab Prezident.» Prezident Donald Tramp Baş Assambleyanın sessiyası ilə bağlı təəssüratlarını belə ifadə etdi ki, bir neçə dost qazandım. Çox gözəl oldu. Bu gün Yaxın Şərq ölkələrinin liderləri ilə gözəl bir görüş keçirdik. Biz onları bir araya gətirməli və həmin müharibəyə tez bir zamanda son qoymalıyıq. Bu çağırış da səsləndirildi ki, ki, birlikdə bu işlərdən zövq alacağıq. Biz dinc dünyada yaşayacağıq.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Azərbaycan və ABŞ prezidentlərinin Nyu-Yorkdakı dialoqunun videosunu paylaşıb.

Reallıq budur ki, Azərbaycan 2020-ci il Vətən müharibəsində əldə etdiyi Qələbə ilə Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırıb və bu reallıqlar beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq sülhün qurulması üçün yeni əsaslar yaradır. Bu gün Bakı qalib tərəf kimi regionda sülh gündəliyini müəyyən edən əsas aktor olmaqla, yaranmış reallıqların beynəlxalq miqyasda tanınması, hüquqi çərçivəyə salınması mərhələsinə qədəm qoyub. Azərbaycanın sülh müqaviləsi ilə bağlı irəli sürdüyü əsas şərtlər beynəlxalq hüquqa və dövlətlərin suverenliyi prinsipinə əsaslanır. Bu şərtlərin arasında birinci yerdə Ermənistanla birgə BMT-yə ünvanlanan müraciət əsasında ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən son qoyulması və Ermənistan konstitusiyasında yer alan Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması dayanır. Bu tələblər ikitərəfli münasibətlərin normallaşması ilə yanaşı, regionda sülhün və əməkdaşlığın davamlı əsaslarla qurulmasına xidmət edir. Cənab İlham Əliyevin avqust ayında ABŞ-a səfəri çərçivəsində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsi paraflanıb. ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət ünvanlandı və bu proses artıq məntiqi sonluqla yekunlaşıb. Artıq sülh müqaviləsinin imzalanması, regionda davamlı sülhün və sabitliyin əldə olunması yolunda yalnız bir əngəl qalır – Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması. Azərbaycanın sülh strategiyası qalib tərəfin konstruktiv təşəbbüslərinə əsaslanır və regionda uzunmüddətli təhlükəsizlik, inkişaf və əməkdaşlıq üçün real zəmin formalaşdırır.

Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı da yüksələn xətlə inkişaf edir. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, Azərbaycan 30 illik işğal dövründə artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in keçmiş Minsk qrupu ilə yanaşı, digər beynəlxalq təşkilatların, o cümlədən BMT-nin potensial imkanlarından maksimum bəhrələnməyə səy göstərdi. Ölkəmizin BMT-yə müraciət edərək işğal olunmuş ərazilərimizdə vəziyyəti öyrənmək, burada süni məskunlaşma faktını aşkarlamaq məqsədilə Faktaraşdırıcı Missiyanın yaradılması təşəbbüsü ilə çıxış etməsi bunun bariz nümunəsidir. Baxmayaraq ki, işğalçı Ermənistan və onun himayadarları bunu Azərbaycanın ATƏT-in uğursuz Minsk qrupunun vasitəçiliyindən imtina kimi dəyərləndirməyə çalışdılar. Lakin ölkəmiz bu çağırışı etdi ki, bunun Minsk qrupunun vasitəçiliyinə heç bir aidiyyəti yoxdur. Biz bütün beynəlxalq təşkilatların potensialından istifadə etməyə çalışırıq. Onu da nəzərə alaq ki, keçmiş Minsk qrupunun həmsədr ölkələri - ABŞ, Fransa və Rusiya, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləridir.

BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində erməni silahlı birləşmələrinin ərazilərimizdən qeyd-şərtsiz çıxarılması, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu öz əksini tapdığı halda Azərbaycan 30 il dünyadan ədalət gözlədi. BMT Baş Assambeyasının sessiyalarında rəsmi Bakı daim dünya güclərinin ikili standartlara əsaslanan siyasətinə etirazını ifadə edərək bunu ədalətsizlik kimi dəyərləndirdi. Bircə faktı qeyd etmək kifayətdir ki, 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr 2020-ci il tarixindən üç gün əvvəl, 24 sentyabrda keçirilən BMT Baş Assambleyasının 75-ci sessiyasında dövlət başçısı İlham Əliyev diqqəti Ermənistanın yeni ərazilər üzrə müharibə planına yönəldərək bildirmişdi ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Ermənistanın müdafiə naziri “yeni ərazilər uğrunda yeni müharibəyə” çağırır. Ermənistan Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna – Mingəçevir su anbarı və Bakının yaxınlığında yerləşən dünyanın ən iri neft-qaz terminallarından biri olan və onlarla dövlətin enerji təhlükəsizliyini təmin edən Səngəçal terminalına zərbə endirməklə hədələyir.

Lakin dünya gücləri yenə də bu çağırışa laqeyd yanaşdılar. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən ərazilərimizi raket atəşinə tutması işğalçı dövlətin yeni ərazilər üzrə müharibə planının təsdiqi oldu. Dövlətimizin başçısı İlham Əliyev həmin çıxışında bu çağırışı da etmişdi ki, BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Çağırışlarda bu məqam da xüsusi qeyd edilirdi ki, işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir. Bu mənada biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq.

Hazırda tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqları yaşasaq da 30 illik işğal dövründə ölkəmizin, xalqımızın üzləşdiyi faciələri unuda bilmərik. Bu gerçəkliklər hər zaman real faktlara, tarixi həqiqətlərə söykənən təbliğatımızda əsas yer tutmalıdır. Azərbaycan daim BMT-də islahatların aparılmasına, BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsinə çağırışlar edir. Dövlət başçısı İlham Əliyev sentyabr ayının 8-də keçirilən “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində bildirmişdir ki, Azərbaycan müasir dövrdə müstəmləkəçiliyin utancverici mirasının aradan qaldırılması və neokolonializm təzahürlərinin ifşa olunması sahəsində yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Biz bu vacib məsələ ilə əlaqədar beynəlxalq həmrəyliyin səfərbər edilməsi yolunda səylərimizi bundan sonra da qətiyyətlə davam etdirəcəyik. Qlobal Cənub ölkələri yeni ədalətli dünya nizamının formalaşdırılmasında yaxından iştirak etməli və bu işə öz töhfələrini verməlidirlər. Bu xüsusda, BMT-də müvafiq islahatların aparılması, Təhlükəsizlik Şurasının daimi üzvləri sırasında Qlobal Cənub ölkələrinin təmsil olunmasının təmin edilməsi çox vacibdir. TŞ artıq günümüzün reallıqları ilə uzlaşmayan təsisata çevrilib. Azərbaycan vaxtilə işğal olunmuş torpaqlarının azad edilməsinə çağıran, lakin sadəcə kağız üzərində qalmış TŞ qətnamələrinin icrasını özü təmin etmiş bir ölkə kimi bunu çox gözəl anlayır. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda təşviq etdiyimiz sülh gündəliyi xarici siyasətimiz üçün yeni üfüqlər açır və onun daha qlobal xarakter daşıması baxımından mühüm amil rolunu oynayır.

Hazırda Azərbaycan öz xarici siyasətində beynəlxalq hüququn ali prinsiplərini əsas götürərək, ənənəvi tərəfdaşlarla, eyni zamanda üzvü olduğu beynəlxalq təşkilatlarla əlaqələrini yeni istiqamətlər üzrə inkişaf etdirməklə yanaşı, yeni körpülərin qurulmasında maraqlıdır. Sülh müqaviləsinin imzalanması ilə regionda təmin ediləcək dayanıqlı sülh və təhlükəsizlik yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq.

Azərbaycan-BMT münasibətlərinin təməlində Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi üç mühüm ümumi prinsip dayanır. Bunlar tərəfdaşlıq, davamlı sülh və təhlükəsizlikdir. Ölkəmizdə hüquqi, demokratik və sülhpərvər dövlət quruculuğu kursunun uğurla davam etdirilməsi bu prinsiplərin möhkəmləndirilməsinə əsaslı zəmin yaradır. Ümumilikdə Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır. BMT-dən sonra ikinci böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına 4 illik sədrliyi, həmçinin ötən il dünyanı Bakıya toplayan COP29 iqlim konfransı bunun bir daha təsdiqidir. Azərbaycan hər zaman sülhün, təhlükəsizliyin, əməkdaşlığın tərəfdarı olmağı ilə diqqətdədir.

Hazırkı dövrdə tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar fonunda Azərbaycanın sülh gündəliyinin müəllifi kimi nüfuz qazanması qeyd etdiklərimizin ümumiləşdirilmiş ifadəsidir. Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində şanlı Qələbə qazanan lider olmaqla yanaşı, Cənubi Qafqazda dayanıqlı sülhün əsas memarı kimi adını tarixə yazdırdı. Onun təşəbbüsü ilə irəli sürülmüş və beynəlxalq hüquqa əsaslanan “5 əsas prinsip” regionda normallaşma və əməkdaşlıq üçün möhkəm təməl yaradır. Azərbaycan artıq bu prinsipial gündəliyi uğurla sona çatdırmağa çox yaxındır. Azərbaycan təkcə regionun deyil, daha geniş beynəlxalq sistemin etibarlı və nüfuzlu aktoruna çevrilib.

Yeganə Əliyeva, «İki sahil»

Избранный
22
ikisahil.az

1Источники