Azərbaycan xalqı tarixində dönüş nöqtəsi olan Vətən müharibəsini daim qürurla xatırlayır. 44 gün davam edən bu müharibə xalqımızın həm milli birliyini, həm də əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığını bütün dünyaya göstərdi. Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqları azad etdi, dövlətimizin ərazi bütövlüyü təmin olundu. Bu uğur təkcə hərbi qələbə deyil, eyni zamanda siyasi, mənəvi və tarixi ədalətin bərpası idi.
Məhz bu tarixi hadisələrin davamı olaraq, 2020-ci il dekabrın 2-də cənab Prezident İlham Əliyev xüsusi bir Sərəncam imzaladı. Həmin sənədə əsasən, hər il 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd olunur. Bu qərar dövlətin şəhidlərimizə göstərdiyi ən yüksək ehtiramın təcəssümüdür. Çünki məhz onların canı və qanı bahasına bu torpaqlar azad olundu, üçrəngli bayrağımız Qarabağda dalğalandı.
Anım Gününün təsis olunması, ilk növbədə, Azərbaycanın dövlətçilik fəlsəfəsinin təzahürüdür. Bu, həm daxili siyasətdə milli həmrəyliyin möhkəmlənməsinə, həm də beynəlxalq aləmdə Azərbaycanın haqq işinin vurğulanmasına xidmət edir. Dövlət başçısı bu qərarla bütün dünyaya göstərdi ki, Azərbaycan heç vaxt şəhidlərini unutmur və onların xatirəsi hər zaman uca tutulacaq.
Digər mühüm məqam isə odur ki, bu gün yalnız hüzn deyil, həm də qürur günüdür. Azərbaycan xalqı şəhidlərini yad etməklə yanaşı, onların mübarizəsinin bəhrəsini də görür: işğaldan azad olunmuş torpaqlarda həyat bərpa olunur, şəhərlər və kəndlər dirçəlir. Beləliklə, Anım Günü həm də gələcəyə ümidin, yenidənqurmanın və güclü dövlət quruculuğunun rəmzinə çevrilir.
Tarix göstərir ki, hər bir xalq öz milli kimliyini və gələcək inkişafını məhz yaddaş üzərində qurur. 27 sentyabrın hər il qeyd olunması gələcək nəsillərə bir mesajdır: Azərbaycan heç vaxt ərazi bütövlüyünə qəsd edilməsinə göz yummayacaq və milli birliyini qorumaq gücündədir. Bu, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün mühüm bir ideoloji dayağa çevrilir. Məktəblərdə, ali təhsil müəssisələrində və ümumilikdə ictimai mühitdə şəhidlərimizin qəhrəmanlıq tarixinin təbliği, onların şərəfli adlarının yaşadılması dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib.
27 sentyabr – Anım Günü Azərbaycan tarixində əbədi olaraq qəhrəmanlıq, fədakarlıq və milli qürur simvolu kimi qalacaq. Bu gün xalqın yaddaşında yalnız kədərli xatirələrlə deyil, həm də böyük Zəfərin təntənəsi ilə yaşayır. Cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən bu tarixi qərar, əslində, Azərbaycanın gələcək nəsillərə verdiyi siyasi-mənəvi mesajdır: Vətən yolunda canından keçənlərin adları əbədidir, onların mübarizəsi isə dövlətimizin əzəli-əbədi suverenliyinin əsas sütunlarından biridir.
Fərid Ramazanov, YAP Zaqatala rayon təşkilatının sədri.