RU

Keçmiş məmurun oğlu gəlir yerini gizlətməyə çalışır

Əvvəllər korrupsiya ittihamı ilə məhkum edilmiş “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun biznesmen oğlu Babək Məmmədzadə hakimin bir neçə çağırışından sonra bu gün məhkəməyə gəlib.

"Bakuinfo" xəbər verir ki, AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu Nizami Alışan tərəfindən 1 milyondan çox dələduzluğa məruz qaldığını iddia edən iş adamı açıq məhkəmə iclasında danışmaqdan imtina edib.

Onun vəkili etirazın səbəbini belə əsaslandırıb ki, sorğu-sual zamanı Babək Məmmədzadənin haradan gəlir əldə etməsi müzakirə ediləcək. İş adamı bununla kommersiya sirrinin pozulacağını düşünür. Bu səbəbdən prosesin bu dəfəlik qapalı keçirilməsi istənilib.

Təqsirləndirilən şəxs və müdafiəçisi isə buna etiraz edib. Nizami Alışanın vəkili Samir İsayev deyib ki, zərərçəkmiş şəxsin gəlirinin açıqlanması heç bir kommersiya sirri təşkil etmir. Bu səbəbdən iclas açıq və şəffaf şəkildə davam etməlidir.

Hakim Aytən Əliyeva müdafiə tərəfinin etirazına baxmayaraq, iclasın qapalı keçirilməsinə qərar verib. Nəticədə jurnalistlər zaldan çıxarılıb.

Qeyd edək ki, bu iş üzrə Nərimanov rayon prokurorunun keçmiş müavini Zeynal Usubov, digər iş adamı Yadigar İsrafilov zərərçəkmiş kimi tanınıb. Onlar şikayətlənirlər ki, Nizami Alışan hər üçünü internet üzərindən gəlir əldə etmək vədinə inandıraraq birja tipli platformaya yatırım etməyə təşviq edib. Vədə inanan iş adamları iddia edir ki, Nizami sonda onları aldadıb, 4 milyon manat pulu ələ keçirib. Təqsirləndirilən birjaçı isə ittihamı qəbul edir. Deyir ki, birlikdə pul qoyub birlikdə qazanıblar. Sonuncu dəfə platformadan pulu çəkə bilməyib. Nizami Babəklə sinif yoldaşı olsa da məhkəmədə həbsini onun təşkil etdiyini deyib.

Qeyd edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elariz Məmmədoğlunun isə kürəkənidir. O, 1 ildən çoxdur həbsdədir. (Qafqazinfo)

Məhəmməd Məmmədov

Избранный
11
14
bakuinfo.net

10Источники