RU

Qərb mərkəzli dünya sistemi çökür: “Regional güclərin yüksəliş dövrü BAŞLAYIR”

Dünya artıq yeni güc balansının formalaşması mərhələsindən keçir. Qərbin uzun illərdir beynəlxalq münasibətlərdə hökmranlıq edən “vahid güc mərkəzi” modeli getdikcə zəifləyir. ABŞ-ın istədiyi kimi davranmaq imkanlarının tükənməsi, BMT kimi qlobal təşkilatların böhranlara adekvat reaksiya verə bilməməsi bu prosesin əsas göstəricisidir. Eyni zamanda, Şanxay Əməkdaşlıq Təşkilatı kimi platformalarda Çin və digər regional güclərin fəallaşması, beynəlxalq münasibətlərin artıq çoxqütblü bir mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu yeni reallıq göstərir ki, qarşıdakı dövrdə qlobal siyasətdə regional güclərin təsiri daha çox hiss olunacaq və beynəlxalq təşkilatların ənənəvi mexanizmləri getdikcə öz əhəmiyyətini itirəcək.

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Editor.az-a açıqlamasında bildirib ki, BMT artıq beynəlxalq münasibətlərdə formalaşan yeni güc balansına adekvat cavab verə bilmir:

“Son proseslər göstərir ki, Qərb mərkəzli dünya gücü konsepsiyası sıradan çıxmaq üzrədir. Əslində, yeni güclər artıq formalaşıb. Məsələn, Şanxayda keçirilən son görüş də açıq şəkildə nümayiş etdirdi ki, Çin mərkəzli alternativ dünya mövcuddur və getdikcə daha da güclənir.

Bu proses onu göstərir ki, artıq dünyada bir qütb yoxdur və ABŞ əvvəlki kimi istədiyini diktə edə bilmir. Belə şəraitdə beynəlxalq təşkilatların da əvvəlki təsir gücü zəifləyir, onların mexanizmləri aktuallığını itirir. Gedişat göstərir ki, beynəlxalq münasibətlərdə yeni mərhələ başlayır – regional güclərin önə çıxdığı və regional təşkilatların dominant rol oynadığı dövr…”.

//Gülnarə Abasova, Editor.az

Избранный
7
editor.az

1Источники