RU

Qlobal iqtisadi fraqmentasiya şəraitində dayanıqlı inkişaf: Azərbaycan nümunəsi

Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qlobal iqtisadiyyatda fraqmentasiya dərinləşir. Belə bir şəraitdə ənənəvi iqtisadi artım meyarları (sürət və miqyas) öz yerini təhlükəsizlik, dayanıqlıq və etimad kimi strateji göstəricilərə verir. Bu yeni reallıqda Azərbaycanın inkişaf modeli xüsusi əhəmiyyət kəsb edir. Tarixi təməllə müasir modernləşmənin sintezini özündə birləşdirən model “Əsrin müqaviləsi” ilə formalaşan etimada əsaslanır və Prezident İlham Əliyevin rəhbərliyi ilə rəqəmsal transformasiya, yaşıl enerji və iqtisadi diversifikasiya istiqamətlərində keyfiyyətcə yeni mərhələyə yüksəlib. Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu isə bu strateji baxışın qlobal auditoriyaya təqdim edildiyi mühüm platforma rolunu oynadı. Forum ölkəmizin regional liderliyini və eyni zamanda qlobal tərəfdaş, dünya iqtisadiyyatında dərinləşən fraqmentasiya fonunda körpü rolunu təsdiqlədi.

Yeni qlobal iqtisadi reallıq

Ötən əsrin sonlarında qlobal iqtisadi sistemin əsas prinsipləri miqyas üstünlüyü və istehsal səmərəliliyi üzərində qurulmuşdu. Lakin XXI əsrin ortalarına yaxın iqtisadi proseslərdə tamamilə yeni dəyərlər ön plana keçdi. İndi təhlükəsizlik, dayanıqlıq və etimad səmərəlilik qədər vacib meyarlara çevrilib. Beynəlxalq Valyuta Fondunun (BVF) 2025-ci il Qlobal İqtisadi İcmal hesabatı da bu dəyişikliyi təsdiqləyir: qlobal iqtisadi artım 3 faiz səviyyəsində sabitləşsə də, dünya iqtisadiyyatı ticarət gərginlikləri, enerji bazarlarındakı qeyri-sabitlik və geosiyasi risklər səbəbindən zəifləmiş vəziyyətdə qalır. 

Belə bir şəraitdə dünyada istehsal və ticarət modelləri də dəyişir. Friend-shoring (dost və etibarlı tərəfdaş ölkələrdə istehsalın qurulması), near-shoring (istehsalın uzaq ölkələrdən coğrafi baxımdan daha yaxın məkanlara qaytarılması) və reshoring (istehsalın tamamilə öz ölkəsinə geri gətirilməsi) kimi strategiyalar artıq istehsal və sərmayə axınlarının coğrafiyasını yenidən formalaşdırır. Şirkətlər tədarük zəncirlərini yalnız ucuz işçi qüvvəsi və istehsal xərclərinə görə deyil, siyasi sabitlik, etibarlılıq və risklərin idarə olunması meyarlarına əsasən qurmağa başlayırlar. Dünya Bankı və BVF-nin son hesabatları göstərir ki, bu meyillər artıq yeni qlobal norma halına gəlib. Xarici sərmayə qərarları əvvəlki kimi yalnız iqtisadi göstəricilərə deyil, həm də geoiqtisadi yaxınlıq, sabitlik və institusional şəffaflıq amillərinə daha həssas reaksiya verir.

BVF-ə görə “deqloballaşma yoxdur, lakin fragmentasiya dərinləşir”. Başqa sözlə, dünya iqtisadiyyatı tamamilə qloballaşmadan uzaqlaşmır, sadəcə mövcud axınların məkanı, tərəfdaşlıq şəbəkəsi və institusional bazası yenidən qurulur. Qlobal ticarətin ümumi daxili məhsula nisbəti ümumilikdə sabit qalsa da, bu axınların istiqaməti dəyişir. Şirkətlər yalnız ucuz istehsal imkanlarını deyil, həm də təchizat zəncirinin dayanıqlığını, siyasi risklərin idarə olunmasını və texnoloji məhdudiyyətləri nəzərə almağa məcbur olurlar. Bu isə “ucuz və uzaq istehsal mərkəzləri” modelini tədricən “yaxın və etibarlı tərəfdaş ölkələr” modeli ilə əvəzləyir.

Tarif riskləri və siyasət dəyişkənliyi biznesləri “öncədən yüklənmə” davranışına sövq edir, yəni gələcəkdə tətbiq oluna biləcək məhdudiyyətlərdən əvvəl istehsal və ixrac sürətləndirilir. Bunun nəticəsində təchizat zəncirinin coğrafi baxımdan yenidən çərçivələnməsi baş verir. Belə bir şəraitdə Azərbaycan özünəməxsus üstünlükləri ilə fərqlənir. Ölkə həm körpü funksiyası ilə Avrasiyanın əsas ticarət arteriyalarını birləşdirir, həm də institusional sabitlik və etimad mühiti ilə fragmentasiya dövründə xüsusi strateji dəyər qazanır. Tarixi təməlin – 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin yaratdığı etimadın üzərində qurulan bu model Azərbaycanın bu gün yeni qlobal iqtisadiyyatda seçilən mərkəzə çevrilməsinə imkan verir.

Azərbaycan: iqtisadi inkişafın təməli

Ölkəmizin son otuz beş illik inkişaf yolu həm regional, həm də qlobal miqyasda sürətli transformasiya nümunəsi kimi dəyərləndirilir. Müstəqilliyin bərpasının ilk illərində ölkə dərin iqtisadi geriləmə, siyasi xaos və sosial böhranla üzləşmişdi. 1990-cı illərin əvvəllərində iqtisadiyyatda 52 faizlik geriləmə müşahidə olunurdu. Yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan xaosdan sabitliyə və inkişaf yoluna çıxdı. Artıq 1995–2003-cü illərdə iqtisadiyyat hər il orta hesabla 6,2 faiz artmağa başladı və bu, postsovet məkanında ən yüksək templərdən biri oldu.

Əsas dönüş nöqtəsi 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” oldu. Bu saziş təkcə enerji sektorunun inkişafını təmin etmədi, həm də ölkəyə beynəlxalq etimad gətirdi. Xarici kapitalın və qabaqcıl texnologiyaların cəlbi, habelə beynəlxalq tərəfdaşlığın qurulması nəticəsində Azərbaycan qlobal enerji xəritəsində fərqli mövqe qazandı. Həmin dövrdə yaradılan Dövlət Neft Fondu isə resurs gəlirlərinin düzgün idarə edilməsini təmin edən strateji mexanizm oldu. İqtisadi təcrübədə bu model “resurs lənətinin qarşısını alan suveren sərvət fondu” kimi dəyərləndirilirdi və Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas sütununa çevrildi.

Sonrakı mərhələlərdə Azərbaycan resurs gəlirlərini institusional baza ilə tamamladı: maliyyə intizamı möhkəmləndirildi, müasir infrastruktur quruldu, qeyri-neft sektorunun inkişafına və insan kapitalına yönəlik genişmiqyaslı layihələr həyata keçirildi. Belə möhkəm bünövrənin yaradılması hesabına ölkə qlobal iqtisadi fraqmentasiya dövründə də öz güclü mövqeyini qorumağa nail oldu.

Azərbaycanın mövcud iqtisadi inkişaf modelinin təməl dayağı onun malik olduğu Liderdir – müstəqilliyin ilk illərində Ulu Öndər Heydər Əliyev, müasir dövrdə isə Prezident İlham Əliyev. Məhz Liderin uzaqgörən strateji baxışı, çevik idarəetmə qərarları və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan həm xarici təsirlərin neqativ təzyiqlərindən qorunmuş, həm də müasir qlobal çağırışlara uyğun dayanıqlı iqtisadi sistem formalaşdırmışdır. Bu proses ölkənin inkişaf modelində yeni bir konseptual yanaşmanı – “liderlik kapitalı” anlayışını ön plana çıxarır. Liderlik kapitalı təkcə siyasi idarəetmənin uğuru deyil, həm də iqtisadi inkişafın uzunmüddətli davamlılığının təminatçısı kimi nəzərdən keçirilməlidir.

Son illər qlobal qeyri-müəyyənliklər fonunda Prezident İlham Əliyevin baxışının əhəmiyyəti daha da artır. Ticarət müharibələri, enerji bazarındakı dalğalanmalar və geosiyasi böhranlar bir çox ölkələrin iqtisadi sabitliyini pozduğu halda, Azərbaycan balanslı iqtisadiyyatı və strateji planlaşdırması ilə bu riskləri effektiv şəkildə idarə edə bilmişdir. İlham Əliyevin uzaqgörən strategiyası sayəsində Azərbaycan regional iqtisadi güc və qlobal tərəfdaş kimi mövqeyini möhkəmləndirmişdir.

Bu transformasiyanın mərhələləri də Prezident İlham Əliyevin güclü Lider rolunu göstərir. Əvvəlcə kapital cəlbi mərhələsi yaşandı: neft və qaz hasilatına yönələn sərmayələr, Bakı–Tbilisi–Ceyhan və TANAP kimi layihələr ölkəyə milyardlarla dollar vəsait gətirdi və iqtisadi inkişaf üçün ilkin infrastruktur quruldu. Sonrakı mərhələdə isə Azərbaycan kapitalın çevrilməsi mərhələsinə qədəm qoydu. Neftdən əldə olunan gəlirlər həm də qeyri-neft sektoruna yönəldi. İstehsal və xidmət infrastrukturları müasirləşdirildi. Sənaye parkları, aqroparklar, logistika və turizm infrastrukturunun inkişafı bu yanaşmanın nəticəsi idi. Eyni zamanda ölkə xarici iqtisadiyyatın da sərmayəçisinə çevrildi. Beləliklə, ölkə sadəcə sərmayə qəbul edən məkan olmaqdan çıxaraq kapitalı iqtisadi transformasiyanın hərəkətverici gücünə çevirdi.

Müasir çağırışlara uyğunlaşma bacarığı isə Liderin - Prezident İlham Əliyevin təsirinin ən bariz sübutudur. Qlobal iqtisadiyyatda fraqmentasiyanın dərinləşdiyi, təhlükəsizlik, dayanıqlıq və etimadın əsas iqtisadi meyarlara çevrildiyi bir dövrdə Azərbaycan iqtisadiyyatı sabitliyi və institusional dayanıqlığı ilə bu reallığa vaxtında və çevik şəkildə adaptasiya edə bilmişdir. Friend-shoring və near-shoring kimi yeni qlobal tendensiyalar fonunda Azərbaycan sadəcə tranzit məkan deyil, eyni zamanda istehsal və ticarət zəncirlərində etibarlı körpü funksiyasını uğurla həyata keçirən strateji tərəfdaşa çevrilmişdir. Bu rol ölkənin geoiqtisadi mövqeyini möhkəmləndirməklə yanaşı, uzunmüddətli investisiya axınlarının davamlılığını və iqtisadi modelin rəqabətqabiliyyətliliyini təmin edən əsas üstünlüyə çevrilmişdir.

Bütün bu reallıqlar göstərir ki, ölkədə mövcud iqtisadi modelin uğuru yalnız təbii sərvətlərdən və coğrafi mövqedən qaynaqlanmır. Əsas rol çağırışları fürsətə çevirən və sabitliyi təmin edən Liderə məxsusdur. Bu yanaşma beynəlxalq iqtisadi nəzəriyyədə “liderlik dividenti” anlayışı ilə səciyyələndirilir. Azərbaycan təcrübəsi də sübut etdi ki, qlobal qeyri-müəyyənliklər fonunda ən böyük kapital Liderin özüdür.

Modernləşmə və tarixi təməlin sintezi

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin strateji xəttini yeni mərhələyə yüksəldərək Azərbaycanın iqtisadi modernləşmə hədəfini formalaşdırmışdır. Onun rəhbərliyi ilə ölkəmiz həm də qlobal tərəfdaş kimi mövqeyini möhkəmləndirmişdir. Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi enerji və logistika superlayihələri Azərbaycanın beynəlxalq dəyər zəncirindəki rolunu gücləndirmişdir. Paralel olaraq rəqəmsal dövlət modeli, müasir istehsal infrastrukturu və yaşıl enerji siyasəti kapital çevrilməsi mərhələsində ölkənin mövqeyini daha da möhkəmləndirmişdir.

Azərbaycanın inkişaf yolu bir neçə müasir nəzəriyyənin sintezini əks etdirir. Modernləşmə nəzəriyyəsinə uyğun olaraq, resurs gəlirləri ilkin inkişaf üçün istifadə olunmuş, sonrakı mərhələdə diversifikasiya və bilik iqtisadiyyatı ön plana keçmişdir. Dayanıqlı iqtisadiyyat konsepsiyası çərçivəsində makroiqtisadi sabitlik təmin olunmuş, borc yükü minimal səviyyədə saxlanılmış, valyuta ehtiyatları isə əhəmiyyətli dərəcədə artırılmışdır. Yaşıl keçid siyasəti Qarabağ və Xəzər layihələri ilə praktik müstəviyə daşınmışdır. İnklüziv artım yanaşması isə yoxsulluğun kəskin azalması və regionlarda rifahın yaxşılaşması ilə nəticələnmişdir.

Bu transformasiya yalnız nəzəri müstəvidə deyil, konkret göstəricilərdə də öz təsdiqini tapır. Azərbaycanın ümumi iqtisadi gücü və milli iqtisadiyyatın əsas göstəriciləri ölkəyə mühüm nüfuz qazandırmışdır. Son 20 ilin dinamikasına nəzər saldıqda görürük ki, ümumi daxili məhsul nominal ifadədə 15 dəfə artaraq 126,3 milyard manata yüksəlmiş, dövlət büdcəsinin gəlirləri isə təxminən 25 dəfə artmışdır. Belə bir iqtisadi yüksəlişin sosial təsiri də aydın görünür: 20 il əvvəl adambaşına büdcə xərcləri cəmi 178 manat təşkil edirdisə, bu gün həmin göstərici 3635 manatı üstələyərək dövlətin sosial təminat imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmişdir.

Eyni zamanda, Azərbaycanın xarici ticarət dövriyyəsi 6,7 dəfə artaraq 47,6 milyard ABŞ dollarına çatmış, ixrac həcmi isə 3,6 milyard dollardan 26,5 milyard dollara yüksəlmişdir. Bu artımın xüsusilə diqqətəlayiq tərəfi qeyri-neft ixracının 3,3 milyard ABŞ dollarına çatmasıdır ki, bu da iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əldə olunmuş mühüm nəticələri əks etdirir. Nəticədə strateji valyuta ehtiyatları 78 milyard ABŞ dollarına çatmış və ölkənin maliyyə dayanıqlığını, beynəlxalq likvidlik mövqeyini və iqtisadi təhlükəsizliyini gücləndirmişdir.

Bundan başqa, son 20 ildə ölkəyə 344,4 milyard ABŞ dolları həcmində sərmayə cəlb olunmuş, bunun 213,2 milyard ABŞ dolları qeyri-neft sektoruna yönləndirilmişdir. Bu, Azərbaycanın rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyat qurduğunu göstərir. Təkcə son dörd ilin göstəriciləri də bu tendensiyanı təsdiqləyir: qeyri-neft sektorunun orta illik artım tempi 6,7 faiz olmuş, onun iqtisadiyyatda payı isə 68 faizə yüksəlmişdir.

Beləliklə, həyata keçirilən iqtisadi siyasət mövcud resurslardan sadəcə qısamüddətli mənfəət əldə etməklə məhdudlaşmır, əksinə, uzunmüddətli dayanıqlı inkişaf strategiyası üzərində qurulur. Bu kurs ölkənin gələcək nəsillərə hesablanmış inkişaf modelini formalaşdırır və milli iqtisadiyyatın davamlılığını təmin edir. Siyasətin təməlində isə üç əsas strateji hədəf dayanır. Birinci istiqamət – iqtisadiyyatın şaxələndirilməsidir. Burada müasir istehsal və xidmət sahələrinin, o cümlədən turizmin inkişafı, informasiya-kommunikasiya texnologiyaları, startap ekosistemi və bərpa olunan enerji layihələri ön plana çıxır. Bu yanaşma “inklüziv artım” modelinə uyğun olaraq iqtisadi artımı yalnız iqtisadiyyatın böyüməsi ilə deyil, sosial təminatın güclənməsi, məşğulluğun artması və rifahın yaxşılaşması ilə ölçür. Azərbaycanın inkişaf modelinin dəyəri də məhz buradadır: iqtisadi göstəricilərdəki yüksəliş eyni zamanda sosial kapitalın və dayanıqlı rifahın güclənməsi ilə müşayiət olunur. Əhalinin həyat şəraitinin davamlı yaxşılaşması bunun bariz nümunəsidir. 

İkinci istiqamət – infrastrukturun modernləşdirilməsidir. Müasir infrastruktur üuruculuğu hesabına Azərbaycan bu gün Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə çevrilmişdir. Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin inteqrasiyası, sənaye parklarının fəaliyyəti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonası ölkəni yalnız tranzit məkanı deyil, həm də istehsal və xidmət ixracı platformasına çevirmişdir. Bu siyasət “şəbəkə iqtisadiyyatı” konsepsiyasına uyğun olaraq hər bir layihəni bütöv şəbəkənin yaratdığı əlavə dəyər ilə birləşdirir.

Üçüncü istiqamət – investisiya diplomatiyasıdır. Azərbaycanın açıq qapı siyasəti, hüquqi təminat, güzəştlər və şəffaf mexanizmlər xarici sərmayədarlar üçün etibarlı mühit yaratmışdır. Dövlət-özəl tərəfdaşlığı layihələri və beynəlxalq standartlara uyğun qanunvericilik ölkəyə milyardlarla dollar həcmində sərmayə cəlbinə imkan vermişdir. Bu siyasəti “etimad iqtisadiyyatı” konsepsiyası da möhkəmləndirir. Etimad Azərbaycanın biznes mühitinin əsas kapitalıdır. Xarici şirkətlərin mənfəətlərini ölkə daxilində yenidən sərmayəyə çevirməsi bu reallığın göstəricisidir.

Beləliklə, Azərbaycanın keçdiyi inkişaf yolu tarixi təməllə müasir strategiyanın sintezini əks etdirir. Heydər Əliyevin “Əsrin müqaviləsi” ilə yaratdığı etimad irsi İlham Əliyevin uzaqgörən strategiyası ilə yeni mərhələyə yüksəlmişdir. Azərbaycan bu gün Cənubi Qafqaz iqtisadiyyatının 55 faizindən çoxuna sahib olan, yoxsulluğu on dəfədən çox azaldan, borc yükü minimal olan, rəqəmsal və yaşıl modelə yönələn, regional sabitliyi təmin edən və qlobal əməkdaşlıqda mühüm tərəfdaş kimi çıxış edən dövlətə çevrilmişdir. Bu transformasiya tarixi davamlılığın, strateji sabitliyin, liderlik kapitalının və müasir konseptual yanaşmanın uğurlu vəhdətini nümayiş etdirir.

Birinci Beynəlxalq İnvestisiya Forumu: strateji gündəlik

Azərbaycanın qarşısında duran əsas məqsəd yalnız regional iqtisadi statusunu qorumaq deyil, eyni zamanda qlobal iqtisadi sistemdə dayanıqlı, rəqabətədavamlı və innovasiya yönümlü aktora çevrilməkdir. Yeni dövrə Azərbaycan artıq suverenliyini bərpa etmiş, müasir iqtisadiyyata, institusional sabitliyə və uzunmüddətli dəqiq strateji baxışa sahib dövlət kimi qədəm qoyur. Bu mərhələdə ölkənin əsas hədəfi qlobal rəqabət mühitində mövqelərini gücləndirmək və iqtisadi şaxələnmənin yeni imkanlarından maksimum faydalanmaqdır. Bu baxışın həyata keçirilməsini təmin edən amillər dörd strateji vektor üzrə cəmləşir:

1. Mövcud iqtisadi potensial. Azərbaycanın inkişaf trayektoriyasının təməl sütununu təşkil edən mövcud potensial son 20 ildə davamlı iqtisadi böyümə və sabit makroiqtisadi mühitlə möhkəmlənmişdir. Bu mərhələ ölkənin artıq bilik və texnologiya tutumlu iqtisadiyyata keçidini şərtləndirir. Təbii sərvətlər, demoqrafik dinamika və maliyyə imkanları strateji üstünlüyə çevrilərək rəqabətqabiliyyətli iqtisadiyyat üçün dayanıqlı baza yaratmışdır. Azərbaycanın Şərqlə Qərbin kəsişməsində yerləşməsi təkcə nəqliyyat dəhlizlərinin inkişafını deyil, həm də onların sənaye və innovasiya dəhlizlərinə transformasiyasını təmin edir.

2. Milli istək. Bu, daxili inkişafın ən mühüm drayveridir. Müstəqilliyin bərpası, ərazi bütövlüyünün təmin olunması və tarixi çətinliklərin dəf edilməsi xalqın gələcəyə inamını gücləndirmişdir. Bu iradə Azərbaycanın müstəqil və müasir iqtisadi sistem qurmaq əzmini möhkəmləndirmiş, milli kimliklə modern dövlətçilik fəlsəfəsini sintez edərək iqtisadi inkişafın ideoloji təməlini formalaşdırmışdır.

3. Geostrateji üstünlüklər. Geostrateji mövqe Azərbaycanın beynəlxalq nüfuzunu artıran əsas amillərdəndir. Enerji resurslarının səmərəli idarə olunması ölkəni qlobal enerji bazarında müstəqil və etibarlı oyunçuya çevirmişdir. Güclü iqtisadiyyat, balanslı xarici siyasət və hərbi potensial isə regional təhlükəsizlik arxitekturasını möhkəmləndirir. Müasir nəqliyyat, enerji və rabitə infrastrukturunun yaradılması nəticəsində Azərbaycan yalnız tranzit qovşağı deyil, həm də istehsal, xidmət və texnologiya ixracatçısı statusu qazanmışdır.

4. Qlobal dəyişikliklərə adaptasiya bacarığı. Dünya iqtisadiyyatında baş verən böhranlar, texnoloji rəqabət və geosiyasi risklər Azərbaycanın qabaqlayıcı addımlar atmaq qabiliyyətini gücləndirmişdir. “Sənaye 4.0” reallıqlarına adaptasiya, innovasiya yönümlü məhsul və xidmətlərin inkişafı, rəqəmsallaşma və yaşıl iqtisadiyyata keçid ölkənin qlobal dəyər zəncirində mərkəzə doğru irəliləməsini təmin edən əsas vektorlardır.

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Prezident İlham Əliyevin müraciəti bu vizionun ən parlaq təzahürü oldu. Müraciət sadəcə son otuz ilin uğurlarının retrospektivi deyildi, əksinə, strateji baxışların, nəzəri əsasların və gələcək iqtisadi prioritetlərin vahid mətnə çevrildiyi manifest idi. Prezidentin müraciəti göstərdi ki, Azərbaycan iqtisadiyyatı artıq keçid modelindən rəqabətədavamlı sistemə transformasiya olunub.

Müraciətdə vurğulanan əsas istiqamətlərdən biri Azərbaycanın dayanıqlı artım və rəqabət üstünlüyünün mərkəzinə çevrilməsi idi. Sərmayə həcmlərinin artması, qeyri-neft sektoruna yönəlmiş kapital axını və ixrac göstəricilərinin yüksəlməsi ölkənin bilik və texnologiya əsaslı iqtisadi sistemə keçdiyini nümayiş etdirdi. Bu göstəricilər yalnız statistika deyil, həm də “inklüziv artım” modelinin təzahürüdür: iqtisadi artım sosial nəticələr – məşğulluğun yüksəlməsi, regionların inkişafı və rifahın yaxşılaşması ilə ölçülür.

İkinci strateji xətt etimad kapitalıdır. Prezidentin vurğuladığı kimi, xarici şirkətlərin mənfəətlərini ölkə daxilində yenidən sərmayəyə çevirməsi Azərbaycanın “etimad iqtisadiyyatı” modelini möhkəmləndirir. Bu, qlobal iqtisadi fraqmentasiya şəraitində ölkənin ən böyük strateji üstünlüyü hesab olunur. Uzunmüddətli proqnozlaşdırıla bilən biznes mühiti yeni kapital axınlarını təşviq edir və davamlı artım üçün möhkəm zəmin yaradır.

Üçüncü istiqamət Azərbaycanın coğrafi mövqeyinin qlobal iqtisadi sinerjiyə çevrilməsi və körpü rolunun güclənməsidir. Prezidentin Orta Dəhliz, Şimal–Cənub dəhlizi və Zəngəzur dəhlizinə xüsusi diqqət ayırması Azərbaycanın sadəcə tranzit ölkə olmadığını, istehsal, logistika və xidmətlərin inteqrasiyasını təmin edən qlobal körpü funksiyasını yerinə yetirdiyini təsdiqlədi. Bu, “şəbəkə iqtisadiyyatı” nəzəriyyəsinə tam uyğun olaraq ölkəmizin dəyər yaradan mərkəzə yüksələcəyini göstərir.

Enerji siyasəti ilə bağlı mesaj isə ölkənin ikiqat üstünlüyünü açıq göstərdi: bir tərəfdən Azərbaycan ənənəvi enerji bazarlarında sabit oyunçu statusunu qoruyur, digər tərəfdən yaşıl enerji zonaları və hidrogen istehsalı ilə gələcəyin enerji iqtisadiyyatında liderliyə hazırlaşır. Beləliklə, Azərbaycan həm bugünkü enerji təhlükəsizliyinə, həm də sabahkı qlobal enerji keçidinə töhfə verir.

Nəhayət, Prezidentin müraciətində texnoloji transformasiya Azərbaycanın yeni inkişaf mərhələsinin əsas lokomotivi kimi təqdim olundu. Bulud texnologiyaları, rəqəmsal hökumət xidmətləri, startap ekosistemi və süni intellektin tətbiqi, Şumpeterin “yaradıcı dağıdıcılıq” nəzəriyyəsinə uyğun olaraq, iqtisadiyyatda köhnə modellərin yeniləri ilə əvəz olunacağını göstərdi. Bu isə ölkəmizin yaxın illərdə dördüncü sənaye inqilabının regional liderlərindən birinə çevriləcəyinə işarədir.

Bu əsasda Azərbaycan Birinci Beynəlxalq İnvestisiya Forumu ölkəmiz üçün strateji əhəmiyyət daşıyan yeni faktor oldu. Forum həyata keçirilən iqtisadi siyasəti və islahat gündəliyini investorlara təqdim edərək, uzunmüddətli etimad mühitinin formalaşmasına zəmin yaratdı. Burada vurğulanan qeyri-neft sektorunun imkanları, sənaye parkları, azad iqtisadi zonalar və logistika dəhlizləri uzunmüddətli investisiyalar üçün cəlbedici istiqamətlər kimi önə çıxdı. Beləliklə, Forum ölkəmizə dayanıqlı və uzunmüddətli sərmayələrin cəlbinə xidmət edən strateji başlanğıc nöqtəsinə çevrildi.

Bütün bunlar nəticə etibarilə üç əsas strateji mesajı ön plana çıxardı: Azərbaycan artıq sadəcə sabitlik ölkəsi deyil, həm də dayanıqlı artımın və rəqabət üstünlüyünün mərkəzidir. Ölkə parçalanmış qlobal iqtisadiyyat şəraitində birləşdirici körpü və etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir. Azərbaycan iqtisadi gələcəyini texnologiya, yaşıl enerji və rəqəmsal transformasiya üzərində qurur və bu, onun qlobal çəkisini daha da artırır.

Beləliklə, Azərbaycanın inkişaf modeli qlobal iqtisadi fraqmentasiya mühitində milli maraqlar ilə beynəlxalq reallıqların uzlaşdırılmasına əsaslanır. Etimad, dayanıqlıq və təhlükəsizlik prinsipləri bu modelin təməlini təşkil edir və ölkəni regional liderlikdən qlobal tərəfdaşlığa daşıyır. Strateji kurs resurs gəlirlərinin səmərəli idarəsi, qeyri-neft sektorunun inkişafı, rəqəmsal transformasiya və yaşıl enerji siyasəti ilə müəyyənləşir. Model həmçinin tarixi irs və müasir modernləşmənin vəhdətinə söykənir: Heydər Əliyevin qoyduğu etimad bazası Prezident İlham Əliyevin liderliyi ilə yeni məzmun qazanaraq müasir, dayanıqlı iqtisadi nümunəyə çevrilmişdir. Nəticədə, bu model həm strateji çərçivə, həm də ideoloji konsepsiya olaraq sabitliyi qoruyan, modernləşməni təşviq edən və qlobal iqtisadi fraqmentasiya dövründə körpü rolunu oynayan etibarlı dövlət yanaşmasını ifadə edir.

Şaiq Adıgözəlov

iqtisad üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
1
xalqqazeti.az

2Источники