RU

Atanı çox istəyirsən, ananı?

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Atanı çox istəyirsən, ananı? Böyüyəndə kim olacaqsan?

Dünyanın ən çətin sualları adama uşqlıqda verilir.

Uşaqlıda ürəklə verdiyimiz cavabların hansıları həyata keçib?

Vətən, ana haqda şeirlər əzbərlədirik uşaqlara… Övladımız doğulandan sonra başa düşdüyümüz şeirləri onlara körpə vaxtı əzbərlədirik.

Mən gözümü açıb ətrafımda hərbi uniformalı qadınlar görmüşəm… Böyük qardaşımla birinci Qarabağ müharibəsində döyüşən qadın hərbçilər, hərbçi qadınlar…

Bizim “Qəzənfər”, “Qəqəni” kimi tanıdığımız Xanımzər, Kəmalə… Svetlana Aleksiyeviç “Müharibə qadın simalı deyil” romanı ilə Nobel mükafatı alsa da, mən uşaqlıqdan Azərbaycan qadının simasında müharibə görmüşəm. 

Böyük qardaşım 1990-cı illərdə hər müharibədən evə dönəndə döyüşdən nəsə gətirirdi; bir dəfə dəri kürkünün cibində audiopleyer gətirmişdi, bir dəfə kitelinin qoltuğunda kiçik Azərbaycan bayrağı, bir dəfə də başında qəlpə...

“Oskol” sözünü ilk dəfə onda eşitmişdim. Qardaşım Manqurt kimi heç kəsi başına yaxın buraxmırdı, təsadüfən kiminsə əli dəyəndə qıvrılıb göynəyirdi.

İllər keçdi… “Qarabağ veteranı” adı üçün bir qəlpə kağızın həmin “oskol”dan lazımlı olduğu gün qardaşım başını unutdu… Bir vaxtlar onu göynədən qəlpə də lazımsız olduğunu bilib daha ağrı vermədi, hələ də qardaşımın başında “yaşayır”.

Qardaşımın “oskol”una toxunanda gözündən axan yaşdan savayı 1990-cı illərdə gördüyüm hərbi uniformalı, barıt qoxulu hər şey əyləncəli gəlirdi mənə.

Anamda soruşmuşdum ki, görən mən böyüyənə qədər müharibə bitəcək? 

O da elə bilirdi, mən bu sualı qorxudan verirəm. Düşünürdü, böyüyüb müharibəyə getməkdən qorxuram. Qonşu qadınların yanında qəşş edib gülür, ona verdiyim sualı mənim dilimdən uşaq kimi kəkələyə-kəkələyə təkrarlayar, ətrafındakı gəlinlər də qımışardı. Mənsə, onları başa sala bilmirdim ki, qorxmuram, müharibəyə getmək istəyirəm...

Bu gün qızımın oxuduğu 109 saylı məktəbin adını daşıdığı Rəhilə Orucovanın doğum günüdür…  Şəhidlər Xiyabanında dəfn olunmuş ilk azərbaycanlı qadın döyüşçü.

Ona görə də mən qızımdan heç vaxt soruşmuram: Böyüyəndə kim olacaqsan?

Sərdar Amin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
19
3
qafqazinfo.az

4Источники