RU

Üzeyir Hacıbəylinin əsərlərinin Qırğızıstanda tamaşaya qoyulması mədəni inteqrasiyanın bariz nümunəsidir

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəyli yalnız milli musiqinin deyil, həm də ümumtürk mədəniyyətinin inkişafında mühüm rol oynamış şəxsiyyətdir. Onun “Arşın mal alan” operettası və “Koroğlu” operasının müxtəlif ölkələrin teatrlarında, xüsusilə də qardaş Qırğızıstanda tamaşaya qoyulması mədəni inteqrasiyanın bariz nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” beynəlxalq elmi simpoziumu çərçivəsində ölkəmizdə səfərdə olan Qırğızıstan MEA Ç.Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru akademik Abdıldacan Akmataliyev çıxışı zamanı səsləndirib.

Akademik Abdıldacan Akmataliyev bildirib ki, “Arşın mal alan” operettası ilk dəfə 1933-cü ildə Cəlal-Abad teatrında tamaşaya qoyulmuş və qısa zamanda Qırğız teatr sənətinin inkişafında mühüm hadisəyə çevrilmişdir. Əsərin milli musiqi üslubu ilə Avropa operetta ənənələrinin sintezi tamaşaçılar arasında böyük maraq doğurmuş, sonrakı onilliklərdə dəfələrlə səhnəyə qaytarılmışdır.

Alim, həmçinin 2009-cu ildə TÜRKSOY layihəsi çərçivəsində Bişkekdə təqdim olunmuş “Koroğlu” operasında klassik Avropa operasının prinsipləri ilə Azərbaycan muğam üslubunun və qəhrəmanlıq eposu ənənələrinin sintezinin qırğız tamaşaçılarında böyük maraq oyatdığını qeyd edib.

“Bu tamaşalar yalnız musiqi və teatr sənəti üçün deyil, həm də Azərbaycan-Qırğız mədəni əlaqələrinin möhkəmlənməsi baxımından əhəmiyyətlidir”, – deyən akademik Abdıldacan Akmataliyev dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərinin türk xalqları arasında ortaq mədəni yaddaşın formalaşmasına, gənc nəslin bədii-estetik zövqünün inkişafına, ümumtürk həmrəyliyinin güclənməsinə töhfə verdiyini vurğulayıb.

Избранный
8
azertag.az

1Источники