RU

Nazirlik “Fəxri yazar”ı necə seçir? SORĞU

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Son illər Bakı Beynəlxalq Kitab Sərgisinə “Fəxri yazar” elan olunur, amma bu seçimin qaydaları, prinsipləri və kim tərəfindən aparıldığı barədə ictimaiyyətə açıq, şəffaf məlumat verilmir. Bəzən yalnız bir kitab yazmış və ya yalnız xırda tərcümələri ilə özünü gözə soxan şəxslər “Fəxri yazar” elan olunur. Ədəbiyyat və nəşriyyat sahəsində illərlə çalışan, onlarla, yüzlərlə əsəri oxucuya çatdıran müəlliflər, naşirlər və ya tərcüməçilər isə kənarda qalır”.

Bakupost.az xəbər verir ki, bu fikirləri tanınmış naşir Şahbaz Xuduoğlu bildirib.

O qeyd edib ki, bütün bunlar ədəbi ictimaiyyətdə narazılıq və haqlı suallar doğurur: “Seçim hansı meyarlara əsaslanır?”

Elə həmin sualdan çıxış edərək biz də kiçik araşdırma apardıq və yazarlardan mövzuya münasibət öyrəndik.

Maraqlıdır, “Fəxri yazar” anlayışı nə deməkdir? Bu seçim hansı prinsiplərlə aparılmalıdır?

Yazıçı Cəlil Cavanşir Bakupost.az -a açıqlamasında bildirdi ki, Mədəniyyət Nazirliyi şəffaf seçimdən çox uzaqdır:

"Ona görə də onların "Fəxri yazar"ı necə və hansı prinsiplərlə seçdiklərindən xəbərsizəb. Kənardan görünən odur ki, xırda bir dəstə yaradıblar, bu dəstə və yaxud ədəbi "kruq" gedişatı idarə edir.

Məncə "Fəxri yazar" son illərdə Azərbaycan ədəbiyyatında ciddi xidmətləri olan, ədəbi fəaliyyəti ilə önə çıxan, heç olmasa, "Biləcəridən o tərəfdə" az da olsa tanınan qələm adamı olmalı, sonrakı mərhələdə ölkəmizi beynəlxalq ədəbiyyat tədbirlərində, sərgilərdə təmsil etməlidir.

Bu il baş tutacaq sərgi ilə əsla maraqlanmıram. Proqramdan, Fəxri qonaqdan da xəbərsizəm. Açığı, bütün bu sərgilərin Azərbaycan yazıçısına, şairinə bir faydası olduğunu, kitab bazarına ciddi təsir etdiyini düşünmürəm. Ona görə də bu sərgidə iştirak etməyəcəm. Reallıq hissini diri saxlayan qələm adamlarının da bu oyunda iştirak etməyəcəyinə ümid edirəm. Mədəniyyət Nazirliyi dövlətin pulunu göyə sovurmaqda davam etsin, kitab satanlara və ya satmaq ümidi ilə sərgiyə qatılacaq ədəbiyyat cameəsinə, kitabçılara da bazar olsun”.

Digər yazar Ayxan Ayvaz isə “Fəxri yazar” seçiminin absurd məsələ olduğunu vurğuladı:

“Təbii ki, nazirliyin keçirdiyi tədbirlərdə bu cür şablonlara ehtiyac olur. Amma məsələ odur ki, bu seçim şəffaf olmur. Biz bunu həmişə görürük. Yəni daha çox kim nazirliyə yaxındırsa, kimin fikirləri “təhlükəli” deyilsə, o şəxsləri seçirlər. Ona görə də şəffaflıq olmadığı üçün Şahbaz bəylə razıyam. Heç bir ictimai sorğu keçirilmir. Sorğu olsa, bəlkə də başqa yazıçıların adlarını çəkərlər”.

Yazıçı Kəramət Böyükçöl isə Bakupost.az -a açıqlamasında vurğulayıb ki, “Fəxri yazar” deyilən şəxs nə cəmiyyətə, nə də ədəbi ictimaiyyətə maraqlıdır:

“Özləri üçün orada kiməsə diplom verir, "Fəxri yazar" elan edirlər, özləri ağılda üç nəfər də əl çalır. Bu cür "Fəxri yazar" olmaq o demək deyil ki, o, həqiqətən Fəxri yazardır. Mən bu fikirlərdən, ümumiyyətlə, bu düşüncə və bu cür tədbirlərdən tamamilə uzaqdayam. Ona görə səmimi deyim ki, bu şeylər məni maraqlandırmır. Mən kitablarımı yazıram, Elmlər Akademiyasının qarşısındakı parkda kitabları özüm satıram, oxucularla ünsiyyətim, münasibətim var. Məni bunlardan kənarda nəsə maraqlandırmır. Bir də maraqlandırsa, maraqlandırsa, kitablarımın dünyada satışı, dünyaya çıxmaq, dünya oxucusuna çatmaq maraqlandırır".

Lalə,

BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
www.bakupost.az

1Источники