RU

Türkiyə və ABŞ prezidentləri Nyu-Yorkda keçirilən görüşdən əvvəl mətbuata açıqlama veriblər  

Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş baş tutub.

AZƏRTAC xəbər verir ki, Ağ Evdə keçirilən rəsmi qarşılanma mərasimindən sonra iki lider mətbuata birgə açıqlama verib.

Səfərini BMT Baş Assambleyası ilə paralel şəkildə reallaşdırdığı üçün məmnunluğunu ifadə edən Prezident Ərdoğan açıqlamasında müxtəlif mövzuları müzakirə etmək imkanı əldə edəcəklərinə inamını bildirib.

O deyib: “Donald Trampın hakimiyyətinin həm birinci, həm də ikinci dövründə Türkiyə-Amerika münasibətlərində fərqli bir proses yaşanır. Onun da az əvvəl qeyd etdiyi kimi, istər F-35, istər F-16 mövzusu, istərsə də “Halkbank” məsələsi ilə bağlı aramızdakı əlaqələri bu gün ətraflı müzakirə etmək fürsəti tapacağımıza inanıram. Heybəliadakı ruhani məktəbi ilə bağlı isə üzərimizə nə düşürsə, onu yerinə yetirməyə hazırıq”.

ABŞ lideri Prezident Ərdoğanın möhtəşəm bir ordu qurduğunu və onu Ağ Evdə qarşılamağın şərəf olduğunu bildirib: "Türkiyə ilə çoxsaylı işlər görürük. Türkiyə əla məhsullar istehsal edir. Biz onlardan çox şey alırıq, onlar da bizdən çox şey alırlar".

BMT-də Prezident Ərdoğan və digər liderlərlə Qəzza mövzusunda çox yaxşı bir görüş keçirdiklərini qeyd edən Tramp bu məsələdə razılaşmaya doğru gedildiyini bildirib.

Prezident Ərdoğanın Putin və Zelenski tərəfindən böyük hörmətlə qarşılandığını xatırladan ABŞ Prezidenti hər kəsin, o cümlədən özünün də Prezident Ərdoğana hörmət bəslədiyini ifadə edib.

İki lider arasındakı görüşdə Türkiyə–ABŞ münasibətlərinin bütün aspektləri ilə müzakirəsi, eləcə də ötən il iki ölkə arasında 35 milyard dollar olan ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılması və bu istiqamətdə qarşılıqlı investisiyaların artırılması üçün atılacaq addımların ön plana çıxması gözlənilir.

Bununla yanaşı, iki liderin görüşündə İsrail-Fələstin və Rusiya-Ukrayna qarşıdurmaları başda olmaqla, bölgədəki mövcud böhranların həlli, Suriyadakı vəziyyət kimi aktual məsələlərin də yer aldığı bildirilir.

Избранный
2
5
azerbaijan-news.az

6Источники