Xalq qazeti saytına istinadən ain.az xəbər verir.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 25-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclası Ermənistanın müdafiə nazirinin sabiq müavini Manvel Qriqoryanın mətbuata müsahibəsinin cinayət işi üzrə sübut kimi tədqiq olunması ilə davam etdirilib. Ermənistandan Azərbaycan ərazilərini işğal etməsi üçün göndərilmiş M.Qriqoryan müsahibədə Ermənistandan aldığı təlimatlar əsasında Azərbaycanın suveren ərazilərində, o cümlədən Ağkənddə törətdiyi cinayətlər, o cümlədən təxribatlar barədə danışıb.
Müsahibədə M.Qriqoryan Ermənistanın keçmiş prezidentləri Robert Koçaryanın və Serj Sarkisyanın Azərbaycan ərazilərinin vaxtilə işğal edilməsində iştirakından da danışıb. O, Ermənistandan yüksəkrütbəli hərbçilərin, general və polkovniklərin Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində hərbi bölmələr yaratmaq üçün göndərildiyini də söyləyib. M.Qriqoryan azərbaycanlıların qətlə yetirildiyini, kəndlərin talan edildiyini də etiraf edib və deyib: “Başladıq türklərin (azərbaycanlıların – red.) kəndlərini tutmağa. Girirdik, kəndləri dağıdırdıq, məhv edirdik.
M.Qriqoryan Ermənistan silahlı qüvvələrinə məxsus briqadanın komandiri olmasından da bəhs edib. Bildirib ki, bununla əlaqədar Ermənistana çağırılıb, müdafiə naziri Vazgen Manukyanın əmri ilə Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərinə göndərilib. Bundan sonra Azərbaycanın Füzuli rayonunun 47 kəndini işğal ediblər.
Daha sonra məhkəmədə cinayət işi üzrə bir sıra sənədlər elan olunub. 1992-ci il iyunun 8-də Qazax rayonunun Aşağı Əskipara və digər kəndlərinin atəşə tutulması, 1992-ci il fevralın 29-da hərbi hissənin şəhərciyinə basqın edilməsi, hərbi hissədən silah-sursatın ələ keçirilməsi, 1993-cü il dekabrın 16-da Beyləqan şəhərinin artilleriya atəşinə tutulması, Xankəndi şəhərinin və Kərkicahan qəsəbəsinin işğal edilməsi faktları üzrə sənədlər elan edilib.
Şuşa rayonunun, Xankəndi şəhərinin, Xocavənd, Xocalı, Ağdərə, Laçın, Kəlbəcər, Füzuli, Qubadlı, Cəbrayıl, Ağdam və Zəngilan rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində əhalinin yaşadığı ərazidən didərgin düşməsi (deportasiya) ilə bağlı sənədlər də elan olunub.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsirlikdə olan hərbi qulluqçuları və beynəlxalq humanitar hüquqla müdafiə olunan mülki və digər şəxslərlə amansız rəftar edilməsi, işgəncələr verilməsi, Birinci Qarabağ müharibəsi zamanı dəfn edilmiş naməlum şəhid məzarları, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin meyit qalıqlarının Şuşa şəhərində təhvil verilməsi, Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlığın aşkar edilməsi faktları üzrə sənədlər də elan edilib.
Elan olunan digər sənədlər azərbaycanlıların öldürülməsi, xəsarət yetirilməsi, öldürülməsinə cəhdlər və digər cinayətlərlə bağlı olub.
Sənədlərlə eyni vaxtda bir sıra fotoşəkillər də nümayiş etdirilib.
Məhkəmə prosesi sentyabrın 26-da davam etdiriləcək.
XQ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.