Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 28-də Moldovada keçiriləcək parlament seçkilərini müşahidə etmək məqsədilə bu ölkəyə səfər edəcək.
AZƏRTAC xəbər verir ki, Moldova Mərkəzi Seçki Komissiyasının sədri Anjelika Karamanın rəsmi dəvəti əsasında həyata keçiriləcək bu səfər iki ölkənin ali seçki qurumları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Səfər çərçivəsində M.Pənahovun digər rəsmi şəxslərlə yanaşı, moldovalı həmkarı ilə görüşün keçirilməsi, seçki idarəetmə orqanları arasında uzunmüddətli əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi imkanları, həmçinin seçkilərin təşkili və idarə olunması sahəsində maraq doğuran məsələlər ətrafında müzakirələr aparılması nəzərdə tutulur.
Nümayəndə heyəti səsvermə gününədək parlament seçkilərinə ümumi hazırlıq prosesləri ilə tanış olacaq və seçki günü paytaxt Kişineudakı məntəqələrdə səsvermə prosedurlarını da izləyəcəklər.