RU

Anım günü Zəfərlə bitən savaş tariximizin şərəfli səhifəsidir

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən 27 sentyabr – Anım günü Zəfərlə bitən savaş tariximizin şərəfli səhifəsidir. Bu tarix həm də qüdrətli Azərbaycanın ən yeni tarixinin - şanlı Zəfər salnaməsinin, 30 illik işğala və ikiəsrlik tarixi ədalətsizliyə son qoyan 44 günlük Vətən müharibəsinin başlandığı gündür. Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanı ətrafında sıx birləşib illərlə düşmən tapdağı altında qalan torpaqlarımızın azadlığı uğrunda səfərbər olduğu tarixdir.

Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızın qələbə əzmini sarsıda bilmədi. Ermənistan Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli artilleriya atəşinə tutmaqla hərbi qulluqçularla yanaşı, 11 dinc sakinin, o cümlədən 2 uşağın ölümünə səbəb oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi - "dəmir yumruq" əməliyyatı başladı. Həmin gün xalqa müraciətində Ali Baş Komandan hər kəsi birliyə çağırdı və dövlət-xalq-ordu vəhdəti milli həmrəyliyin təntənəsi oldu. Cənab İlham Əliyevin xalqa müraciətindəki mətinlik, qətiyyət onu göstərdi ki, qüdrətli Sərkərdə güclü ordusuna və arxasında dayanan Azərbaycan xalqına güvənir. Xalq isə hər zaman olduğu kimi, öz liderinə arxalanır və qələbə müjdəsini səbirsizliklə gözləyirdi. Məhz bu dövrdə həm də Azərbaycana qarşı beynəlxalq təzyiqlər daha da gücləndi. Ermənipərəst dövlətlərin və bəzi beynəlxalq təşkilatların Azərbaycana göstərdikləri çox ciddi təzyiqlərə və təhdidlərə baxmayaraq, Ali Baş Komandan İlham Əliyev əsl diplomatik məharətini nümayiş etdirərək bir daha dünyaya səs saldı. Azərbaycan Prezidenti müharibə günlərində verdiyi müsahibələr kontekstində Ermənistana, onun havadarlarına və dünya erməniliyinə informasiya savaşında da qalib gəldi. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Prezident İlham Əliyev 30-a yaxın xarici KİV-ə müsahibə verdi. Bu müsahibələrdə dövlət başçısı Azərbaycanın haqlı mövqeyini, müharibənin başlanma səbəblərini sistemli şəkildə, siyasi uzaqgörənliklə auditoriyanın diqqətinə çatdırdı. Məhz bu müsahibələr Azərbaycanın informasiya savaşında da qələbəsini təmin etdi.

Bizim mübarizəmiz torpaqlarımızın işğaldan azad olunması uğrunda haqq işimiz olmaqla yanaşı, beynəlxalq hüququn bütün tələblərinə uyğun aparıldı. Azərbaycan qoşulduğu bütün beynəlxalq konvensiyalara həmişə sadiq oldu, biz hərbi əməliyyatları heç vaxt döyüş meydanından kənara çıxarmadıq, dinc əhali, mülki infrastrukturları qətiyyən hədəf almadıq. Döyüş meydanında uduzan düşmən isə həmişəki kimi beynəlxalq hüquqa zidd olan terror və təxribatlar törətdi, dinc əhalini, mülki obyektləri, işğal altında olan torpaqlarımızdan kənarda yerləşən rayonları hədəf aldı, üçüncü dövlətləri münaqişəyə cəlb etməyə çalışaraq münaqişənin miqyasını genişləndirməklə Azərbaycan qarşısında siyasi məsuliyyətdən qaçmağa çalışdı. Lakin bütün bu cəhdlər düşməni məğlubiyyətdən, kapitulyasiya aktına imza atmaqdan xilas edə bilmədi. 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Zəfəri və torpalarımızın düşmən işğalından azad edilməsi ilə nəticələndi, ədalət bərpa olundu.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 44 gün ərzində müasir dövrün ən effektiv müharibəsini aparmaqla, torpaqlarımızı işğaldan azad etdi. 2020-ci il 10 noyabr tarixində Ermənistan kapitulyasiya sənədini imzalamaq məcburiyyətində qaldı. Bununla Azərbaycan dünyaya nümayiş etdirdi ki, həqiqətən sülhsevən dövlətdir, regionda təhlükəsizliyin etibarlı təmin olunmasını istəyib və bu istiqamətdə təşəbbüskar rolunda çıxış edib.

Ötən beş il müddətində Azərbaycan Ordusunun daha da müasirləşdirilməsi istiqamətində təsirli addımlar atılıb. Maddi-texniki təchizatın ən yüksək səviyyədə təmin olunması üçün hərbi texniki sahədə əməkdaşlıq dairəsi xeyli genişləndirilib, həmçinin yeni hərbi birləşmələr yaradılıb. Dövlət sərhədimizin təhlükəsizliyinin təmin olunması istiqamətində bütün effektiv tədbirləri həyata keçirə bilər. Ermənistan tərəfi də aydın görür ki, törətmiş olduğu təxribatlar onların özünə baha başa gəlir

44 günlük Vətən müharibəsi ordumuzun gücünü, qüdrətini, rəşadətini göstərməklə yanaşı, Azərbaycanın hərb yolu ilə torpaqlarını işğaldan azad etmək əzmini göstərdi. Dünyaya bəyan etdi ki, Azərbaycan heç zaman torpaqlarının işğalı ilə barışmayıb. Torpaqlarını işğaldan azad edib, Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edən ölkəmiz artıq regionda yeni reallığın yarandığını, həmçinin Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olmasının, təhlükəsizliyin tərəfdarı olduğunu göstərdi. Özü haqqı, ədaləti bərpa etdi.

Anar Məmmədov,

Milli Məclisin deputatı

Избранный
22
1
sabahinfo.az

2Источники