Bakı, 26 sentyabr, AZƏRTAC
Almaniyanın 37-ci zirehli briqadasının komandiri, general David Markus bildirib ki, zərurət yaransa, 6 min alman əsgəri və 2 min texnika bir neçə gün ərzində Litvaya yerləşdirilə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb. “Almaniya ordusunun 37-ci zirehli briqadası bir neçə gün ərzində Litvaya göndərilə və bir neçə saat ərzində ölkədəki təyinat nöqtələrinə yerləşə bilər. Biz qısa zamanda Litvada tam döyüş hazırlığı vəziyyətinə gəlmiş olarıq”, – deyə general bildirib.
Onun sözlərinə görə, NATO müvafiq qərar verərsə və ölkə rəhbərliyi bunu zəruri sayarsa, bütün qüvvələr səfərbər ediləcək və briqada Litvaya göndəriləcək.
Qeyd edək ki, Bundesverin 37-ci briqadası Almaniya ordusunda ən yüksək əməliyyat hazırlığı səviyyəsinə malik hərbi birlik sayılır. Hazırda Litvada Almaniyanın təxminən 500 hərbçisi xidmət edir və 2027-ci ilədək onların sayının 5 minə çatdırılması planlaşdırılır.