RU

Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində nöqsanlar aşkar edib

Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il üzrə İş Planına müvafiq olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və tabeliyindəki qurumlar üzrə dövlət vəsaitlərinin və digər dövlət əmlakının istifadə olunmasına dair uyğunluq auditi aparılmışdır.

Audit obyekti kimi müəyyən edilmiş Aqrar Xidmətlər Agentliyi (AXA) aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılması, həmin dövlət xidmətlərinin daha az həcmdə resurs sərf edilməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə yaradılmışdır.

Dövlət büdcəsindən maliyyələşdirilən Agentliyin fəaliyyəti hər biri ayrı-ayrı mühasibat uçotunun subyekti olmaqla Aparat və tabeliyindəki qurumlar, o cümlədən Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi (HSBXM), Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi (LESM), Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi (BMFM), Aqrar Təlim Mərkəzi (ATM), eləcə də “Təchizat Bazası” MMC (anbar) vasitəsi ilə həyata keçirilir.

Kənar dövlət maliyyə nəzarəti tədbiri ilə 01.01.2023-cü il tarixindən 01.01.2025-ci il tarixinədək olan müddət əhatə olunmuş, audit predmetinin pul vəsaitlərinin hərəkəti üzərindən faktiki maliyyə tutumu ümumilikdə daxilolmalar üzrə 111,3 mln. manata, xaricolmalar üzrə 105,0 mln. manata bərabər olmuşdur.

Toplanmış sübutlara əsaslanaraq auditin nəticələri əsasən aşağıdakılardan ibarət olmuşdur.

Ölkə üzrə kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsi əsasən yerinə yetirilməmişdir ki, bu da baytarlıq sahəsi üzrə bir sıra xüsusi təhlükəli xəstəliklərin profilaktik peyvəndləmə işlərinin planlaşdırılması və icrasında mütərəqqi təcrübələrə və risk əsaslı yanaşmalara deyil ümumi naxırda tam sürü prinsipinə üstünlük verilməsini şərtləndirmişdir.

İdentikləşdirilmə prosesinin lazımi səviyyədə həyata keçirilməməsi və elektron informasiya sisteminin formalaşdırılmaması şəraitində, həmçinin heyvanların hərəkətinin izlənilməsi, profilaktik peyvəndləmə işlərinin ünvanlılığının (həqiqiliyinin) müəyyənləşdirilməsi mümkünsüz olmuşdur. Eyni zamanda, iribuynuzlu və xırdabuynuzlu heyvanların baş saylarının hesabatlılıq göstəriciləri Dövlət Statistika Komitəsinin göstəricilərindən əhəmiyyətli (11,0-16,0% intervalında) fərqlənməklə ölkə üzrə uçotun etibarlı olmaması müəyyən edilmişdir.

Heyvanların identikləşdirilməsi prosesi ilə bağlı strateji hədəflər, illik əməliyyat planları və daxili nəzarəti təmin edən monitorinq reqlamentləri mövcud olmamışdır. Mütərəqqi beynəlxalq və regional təcrübələr nəzərə alınmaqla qanunvericilik təşəbbüsləri irəli sürülməmişdir. Qeyd olunan və digər hallar uzun illər davam edən sahəvi inzibatçılıq modelinin dövlət sektoru kontekstində düzgünlük aspektlərinə cavab vermədiyini göstərmiş, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın tədbirlər planı ilə nəzərdə tutulan müvafiq hədəflərə 2025-ci ilin sonunadək nail olunmayacağını demək üçün əsaslar yaranmışdır.

AXA-nın fəaliyyəti üzrə Strateji İnkişaf Planı, illik Əməliyyat Planları və monitorinq sistemi tətbiq edilməmiş, eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi sistemi üzrə fəaliyyət planları və icra məlumatlarında bitkiçilik və heyvandarlıq sahələrində respublikanın regionları üzrə hansı xəstəliklərə qarşı mübarizə aparıldığı, nəticələrinin necə olduğu, xəstəliklərlə bağlı monitorinqlər və nəticələri, aşkar olunmuş xəstəliklər, həmçinin kənd təsərrüfatı yönümlü texnikalar üzrə dövlət texniki nəzarət sahəsində monitorinq göstəriciləri və digər bu kimi mühüm indikatorlar öz əksini tapmamışdır.

AXA üzrə “Elektron kənd təsərrüfatı” informasiya sistemində torpaq analizləri və toxumların sertifikatlaşdırma prosesi üçün alt modullar 2024-cü ildə istifadəyə verilmiş, toxumçuluqda fəaliyyətin səmərəliliyinin artırılması üçün hüquqi aktların təkmilləşdirilməsinə dair layihələr hazırlanmış, eləcə də funksional fəaliyyət çərçivəsində fermerlərin maarifləndirilməsinə diqqət artırılmış, o cümlədən bitkiçilik, bitki mühafizəsi, heyvan sağlamlığı, heyvandarlıq və baytarlıq istiqamətlərinə daha çox önəm verilmişdir.

Hüquqi mandatında və əməliyyat sxemində dəyişikliklərin baş verməməsi şəraitində AXA-nın Aparatı üzrə dövlət büdcəsindən maliyyələşdirilməklə xərclənmiş vəsaitin məbləği 2023-cü ildə 19297,2 min manata bərabər olduğu halda 2024-cü ildə 47,1% azalaraq 10201,1 min manat təşkil etmişdir ki, bu da büdcə vəsaitlərinin daha qənaətli xərclənməsi prinsiplərini rəhbər tutulmuşdur. Bu, eyni zamanda, 2023-cü ildə dövlət büdcəsinin vəsaitlərinə olan illik tələbatın düzgün müəyyənləşdirilməməsi, əsasən dərman, sarğı ləvazimatları, peyvəndlər və bitki mühafizəsi vasitələrinin satınalma prosedurları çərçivəsində ehtimal olunan qiymətlərinin yüksək intervallarda hesablanaraq alış müqavilələrinin baha qiymətlərlə rəsmiləşdirilməsi və bəzi hallarda alışların illik tələbatdan artıq həyata keçirildiyindən növbəti illərə keçən anbar qalıqlarının olması və ya akkreditivlərin yaranması kimi hallarla səciyyələnmişdir.

Ehtimal olunan qiymətlərin hesablanması üçün səmərəli (regional coğrafiyadakı istehsalçılar üzərindən) bazar araşdırmaları aparılmadan Kosta-Rika mənşəyinə üstünlük verilərək ticarətçi qeyri-rezident şirkətlə bir dəstinin qiyməti 32,13 manata sənədləşdirilmiş müqavilələr bağlanılmış və ümumilikdə ödənilmiş dəyəri 1669,1 min manata bərabər 51949 dəst feromon (P588) tələlərinin qeyri-optimal qiymətlərlə satınalınmasına yol verilmişdir. İki il ərzində istifadə olunmasına baxmayaraq həmin feromon tələlərinin hal-hazıradək dövlət sınağından keçməsi və dövlət qeydiyyatına alınması təmin edilməmişdir.

Eyni zamanda, feromon tələlərindən 01.01.2025-ci il tarixinə 35018 dəstinin qalıqda qalması və köhnəlməsi qeyri-rezident şirkətlə bağlanmış müqavilələr üzrə tələbatın düzgün müəyyənləşdirilməməsini və 1,0 mln. manata yaxın büdcə vəsaitinin 2023-cü ildə səmərəsiz xərclənməsini deməyə əsas vermişdir.

Həmçinin, auditə təqdim edilmiş sənədlər zəif və ya sıx qaydada aşkarlanan zərərvericilərin ölkənin bəzi (şimal və şimal-qərb) regionları üzrə müşahidə olunduğunu, feromon tələlərinin isə risk əsaslı yanaşmalarla deyil, 2024-cü ildə az qala bütün regionlar üzrə asıldığını (müvafiq hallarda, fermer təsərrüfatları üzrə rəsmiləşdirilmədən) göstərmişdir ki, bu da büdcə vəsaitlərindən səmərəsiz istifadəni bir daha təsdiq edir.

AXA-nın səlahiyyətlərinə ümumilikdə 390-dan çox sayda haqqı ödənilməklə həyata keçirilməli olan müxtəlif xidmətlərin aid edilməsi müqabilində yalnız 10-na yaxın sayda olan xidmətlərin rəsmiləşdirilməsindən gəlirlər əldə olunmuşdur. Bu isə sifarişçilər və sifarişin predmetləri üzrə hesablanmış və ödənilmiş məbləğlərin uçotu, sifarişlərin elektron müraciət sisteminin formalaşdırılmaması və sifarişçi bazasının müəyyənləşdirilməməsi şəraitində qeyri-büdcə mənbələri üzrə potensial daxilolmaların itirilməsi kimi riskləri səciyyələndirmişdir.

Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin tabeliyindəki 11 dövlət sort-sınaq məntəqələrinin ərazilərinə aid torpaq sahələrindən yalnız 7,8%-i (37,27 hektarı) əsas funksional fəaliyyət çərçivəsində istifadə olunmuşdur ki, bu da maddi-texniki bazanın qanunvericiliklə müəyyən edilmiş əsas vəzifələrin yerinə yetirilməsinə hədəflənməsi səviyyəsinin aşağı olması deməkdir.

Eyni zamanda, toxumların sınaq məqsədlərinə deyil, gəlir əldə etmək üçün kənd təsərrüfatı məhsullarının istehsalına cəlb edilmiş müvafiq torpaq sahələrində istehsal prosesinin, o cümlədən çəkilən xərclərin, satışlardan daxilolmaların və borcların uçotu bir qayda olaraq aparılmamış, satışdan vəsaitlər nağd qaydada əldə edilmişdir. Əkini sənədləşdirilmiş həmin torpaq sahələrindən əldə olunmuş məhsulların (əsasən buğda, arpa, pambıq və fındıq) miqdarı bəzi hallarda ölkə üzrə orta məhsuldarlıq göstəricilərinin 40,0%-lik aşağı hədlərindən (bəzi ərazilərin dəmyə və ya suvarılmayan ərazilər olduğu da nəzərə alınmaqla) belə az miqdarda rəsmiləşdirilməsi, dincə qoyulması və ya yararsız olması barədə məlumatlar təqdim edilmiş torpaq sahələrinin isə faktiki olaraq istehsal prosesinə cəlb edilməsi və bu kimi digər halların mövcudluğu ümumilikdə 175,0 min manata yaxın satış potensialının reallaşdırılmadığını biruzə vermişdir.

Heyvanların xüsusi təhlükəli xəstəliklərin əleyhinə peyvəndlənməsinə ümumilikdə 39004,4 min manat məbləğində vəsaitin xərclənməsi müqabilində sənədləşmələrdə heyvanların sayının artıq göstərilməsi, heyvanlara vurulmalı olan peyvəndlərin müvafiq ay üzrə gündəlik sayının fasiləsiz (ardıcıl günlər) olaraq yüksək (200 və daha çox civarında) intervallarda qeyd edilməsi, təsərrüfat sahiblərinin imzalarının olmaması kimi hallar fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan şəxslərlə (baytarlarla) bağlanmış müqavilələrin şərtlərində sifarişçinin müqaviləyə dərhal xitam verilməsi üçün əsasları kimi müəyyənləşdirilməmiş, peyvəndlənən heyvanların identikləşdirilmə rekvizitləri üzrə hesabatlılığına dair icbari şərtlər də təsbit edilməmişdir.

Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən bağlanmış müqavilələrin şərtləri çərçivəsində müvafiq malların (ehtiyatların, o cümlədən baytarlıq preparatları (peyvəndlər), xüsusi geyim dəstləri, dezinfeksiyaedici məhlullar və digər vasitələr qismində 2023-cü il üzrə 17768,8 min manatlıq, 2024-cü il üzrə 10872,8 min manatlıq) baytarlara təqdim edilməsi prosesi elektron qaimə-fakturalarla rəsmiləşdirilməmiş, istifadəsiz qalanların qaytarılması müqavilə şərtləri ilə əhatə olunmamışdır.

Uzun müddətli kommersiya tərəfdaş olan qeyri-rezidentlə bağlanmış müqavilələrə əsasən ümumilikdə ödənilmiş dəyəri 3302,5 min manata bərabər rəsmiləşdirilməklə dabaq xəstəliyi əleyhinə peyvəndlərin alınmasına və istifadə olunmasına baxmayaraq baytarlıq preparatlarına aid edilən həmin peyvəndlərin hal-hazıradək dövlət qeydiyyatına alınması təmin edilməmişdir.

Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən bir qayda olaraq zəruri ilkin sənədlərin rəsmiləşdirilməsi aparılmadan, o cümlədən torpaq sahəsinin ünvanı və fermerin rekvizitləri əks etdirilmədən, fermerin sifarişinin şərtlərini tənzimləyən hər hansı təsdiqedici sənəd olmadan, fermerin maliyyə-təsərrüfat əməliyyatına aidiyyəti olmayan yerli icra hakimiyyətlərinin, bələdiyyələrin və s. nümayəndələri qeyd olunan aktlar tərtib edilərək bitki mühafizəsi və fumiqasiya tədbirlərinə sərf olunması qismində ümumilikdə 1526,6 min manat dəyərində sink fosfidin və digər pestisidlərin uçotdan silinməsinə yol verilmişdir. Analoji hallar LESM-i üzrə də baş vermiş, analizlərin aparılmasına sərf olunması qismində 2023-cü ildə anbardan 362,9 min manat dəyərində reaktivlər məxaric edilmiş, həmin reaktivlərin 2023-cü ildə silgisinə dair ümumiyyətlə uçot aparılmamış, 2024-cü ildə isə silgisi ümumi şəkildə rəsmiləşdirilməklə 231,1 min manat dəyərində reaktivlər uçotdan silinmişdir.

Alınmış müvafiq partiya peyvəndlərin anbara 2023-cü ilin dekabr ayının 28-də, 29-da və 2024-cü ilin yanvar ayının 7-də mədaxil edildiyi halda 2024-cü il üçün heyvanlar arasında epizootiya əleyhinə diaqnostik və profilaktik Tədbirlər Planının icra reqlamenti funksional fəaliyyətin düzgün təşkil edilməməsi səbəbindən gecikdirilərək istifadə edilməsinə yol verilmiş, o cümlədən istifadə müddətinin bitməsinə 1-2 ay qalmış ümumilikdə 2795230 dozanın respublikanın 64 rayonuna çatdırılması sənədləşdirilmişdir. Bu da həmin peyvəndlərin intizamlı qaydada iribuynuzlu heyvanlara vurulduqda belə tələb olunan müddətli immunitetin formalaşmasında və nəticə etibarı ilə dövlət vəsaitlərinin səmərəli istifadəsində ciddi risklərin mövcudluğundan xəbər vermişdir.

Tədbirlər Planı ilə nəzərdə tutulan və həmin plana sonradan müvafiq qaydada razılaşdırılmaqla əlavələr edilən xırdabuynuzlu heyvanların sayına müvafiq istifadə edilməsi sənədləşdirilmiş, 2023-cü il üçün dabaq xəstəliyinə qarşı peyvəndlərin sayından əlavə (zəruri ilkin sənədlərlə təsdiqlənmədən təkrar peyvəndləmənin mümkünlüyü adı ilə) 64545 doza miqdarında peyvəndlər də uçotdan silinmişdir ki, bu da əlavə (HSBXM-nin regional strukturları üzrə ilin sonuna peyvəndlərin qalığı və itki norması nəzərə alınmaqla) xərclərə yol verildiyini deməyə əsas vermişdir.

Baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin və digər aktivlərin daşınması və yerlərə çatdırılmasında istifadə olunan nəqliyyat vasitələri, eləcə də balansdakı kənd təsərrüfatı texnikaları hərəkətin izlənilməsinə imkan verən elektron sistemlə təmin edilməmişdir ki, bu da zəruri daxili nəzarətin təşkil edilməməsini səciyyələndirmişdir. Bununla yanaşı, baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin və müxtəlif diaqnostikumların ölkədaxili tələbatının fasiləsizliyi şəraitində həmin malların daxili istehsalının təşkil edilməsi üçün aidiyyəti təşəbbüslər irəli sürülməmiş, biznes layihələrinin müsabiqələrinin formalaşdırılması üçün müvafiq tədbirlər həyata keçirilməmişdir.

Müvafiq nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi prosesində kifayətedici resurs bazası formalaşdırılmamış, inzibatçılığın təkmilləşdirilməməsi və daxili nəzarət sisteminin lazımi səviyyədə təşkil edilməməsi dövlət rüsumları və utilizasiya haqqları qismində dövlət büdcəsinin 100,0 min manatlarla ifadə olunan real daxilolmalarının yayındırılmasına əlverişli şəraitin mövcudluğundan xəbər vermişdir.

Uyğun namizədlərin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlərin lazımi səviyyədə həyata keçirilməməsi şəraitində baş mühasib ştatları 3 qurumda vakant qalmışdır ki, bu da mühasibat uçotu subyektində uçotun formalaşdırılması və mühasibat uçotu sənədlərinin saxlanılması üzrə cavabdehlik məsələlərinin həll edilmədiyini deməyə əsas vermişdir.

Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək AXA tərəfindən nöqsanların aradan qaldırılması istiqamətində dövlət rüsumu ilə bağlı dəqiqləşdirilmiş hesabatların təqdim edilməsini nəzərə almış, dövlət sort-sınaq məntəqələri üzrə müvafiq məhsulların satışından nağd qaydada əldə olunan daxilolmaların, həmçinin əmək haqqı, ezamiyyə, yanacaq və ehtiyat hissələri üzrə artıq xərclərinin bərpası və s. tədbirlərin görülməsi barədə qərar qəbul etmişdir. Eyni zamanda, aşkar edilmiş məsələlərlə əlaqədar səlahiyyətlərinə uyğun tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti qurumlara məlumatların göndərilməsi qərara alınmışdır.

 

Mənbə REPORT

Избранный
15
14
banker.az

10Источники