Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq və qürur günü kimi həkk olunan 27 sentyabr tarixində başlanan 44 günlük Vətən müharibəsi nəticəsində dövlətimiz uzun illər davam edən işğala son qoyaraq tarixi ədaləti bərpa etdi. Ermənistanın əsassız "dənizdən-dənizə Ermənistan" xülyasın məhv Azərbaycanın suverenliyinin tam bərpa olunduğu həmin tarix qızıl həriflərlə yazıldı.
Müharibədən sonrakı müddət ərzində Azərbaycan hökuməti həyata keçirdiyi siyasətlə həssas təbəqədən olan vətəndaşların yanında olduğunu bir daha göstərdi. Prezident İlham Əliyevin müvafiq fərmanı ilə "YAŞAT" Fondu yaradıldı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsi ilə sosial tədbirlər paketi təsdiq olundu və bu paket hər il daha genişləndirilir.
Vətən müharibəsində qazanılan tarixi Qələbə dövlət mükafatlarında da öz əksini tapdı. "Zəfər" və "Qarabağ" ordenləri, eləcə də "Vətən Müharibəsi Qəhrəmanı" adı və onlarla yeni medal Azərbaycan əsgərinin igidliyini əbədiləşdirən ali dövlət təltifləridir. Bu mükafatlar həm də gələcək nəsillərə bir çağırışdır: vətənpərvərlik, igidlik və dövlətə sədaqət ən yüksək dəyərdir.
Prezident İlham Əliyevin Sərəncamı ilə Bakıda inşa edilən Zəfər parkı xalqımızın qəhrəmanlıq dastanının simvolu, şəhidlərimizin əziz xatirəsinin isə əbədiyyət ünvanıdır.Burada ucaldılan 44 metr hündürlüyündə Zəfər Tağı, 8 Noyabr Zəfər Günü abidəsi, Zəfər Muzeyi xalqımızın mübarizə yolunu, igid övladlarımızın fədakarlığını və milli həmrəyliyi gələcək nəsillərə çatdıracaqdır.
Sonda isə onu qeyd edək ki, Anım Günü təkcə xatırlamaq deyil, həm də qəhrəmanlıq ruhunu yaşatmaq və gələcək nəsillərə ötürmək baxımından mühüm əhəmiyyət daşıyır.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı