Son günlər mətbuatda 2026-cı ilin yazında Azərbaycan Dövlət Başçısı İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İrəvana səfər edəcəyi ilə bağlı fikirlər yayılıb. Bildirilir ki, hər iki dövlət başçısının gələn il İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi (EPC) Sammitində iştirakı gözlənilir. Son illər mühüm siyasi platformaya çevrilən Sammitdə Avropa İttifaqına üzv və qeyri-üzv dövlətlər bir araya gəlirlər.
Hətta, yayılan xəbərlərdə ABŞ Prezidenti Donald Trampın da bu toplantıda iştirak edəcəyi bildirilir. Məsələnin maraqlı tərəflərindən biri odur ki, Azərbaycan Dövlət Başçısının İrəvana gedişi qeyri-adi hadisə kimi qarşılanır. Doğrudur, hazırkı vəziyyətdə iki ölkə arasında sülhə tam nail olunmayıb. Ancaq bu istiqamətdə böyük addımlar atılıb. 2026-cı ilin yazına, yəni sözügedən Sammitin keçirilməsinə kimi isə çox güman ki, qarşıda duran bütün maneələr dəf ediləcək.
O ki, qaldı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin İrəvana səfərinə, bu, sadəcə qonşu dövlətə gediş deyil. Öz ata-baba torpaqlarına və tarixi yurdlarına ziyarətidir. Qərbi Azərbaycan və qədim İrəvan şəhəri xalqımızın milli kimliyi, ululardan miras qalan köküdür.
Kökünə, milliliyinə və kimliyinə sahib çıxmaq isə hər bir insanın vətəndaşlıq borcudur. Gün gələcək Böyük Qayıdış planına uyğun olaraq Qarabağa qayıdan köç karvanlarının sırasına Qərbi Azərbaycana sarı üz tutan soydaşlarımızın da sevincinə şərik olacağıq.
Zaman bütün çətinliklərin açarıdır. Sadəcə, səbr...
Ramidə Allahveriyeva