RU

Rusiya "Yekaterinburq işınə" əsaslı sübutlar tapa bilmir

Rusiya İstintaq Komitəsi sübut tapa bilmir

Rusiya İstintaq Komitəsi hələ də Yekaterinburqda həbs olunan Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və Səfərovların cinayət törətməsi barədə əsaslı sübutlar tapa bilmir.

Bu barədə Rusiyanın “ruscriminal.info” nəşri yazıb.

İttihamların əsassız qalması

Nəşrin bildirdiyinə görə, ittiham tərəfi azərbaycanlı Səfərovlar və Şıxlinskilərin Yekaterinburqda niyə belə vəhşicəsinə saxlanıldığını və onlara qarşı irəli sürülən ittihamların nəyə əsaslandığını izah edə bilmir.

Qeyd olunub ki, təxminən üç aylıq istintaqdan sonra Ural müstəntiqlərinin əlində bir neçə məhbusun etiraflarından başqa heç nə yoxdur. Nəşr bu etirafların Hüseyn və Ziyəddin Səfərovların ölümlərində olduğu kimi, amansız işgəncələr altında verilə biləcəyinə işarə edib.

Federalların yoxlamaları və mayorun etirafı

O da bildirilib ki, məlum hadisələrdən sonra Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk Regional İdarəsi və Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İstintaq İdarəsində mərkəz tərəfindən geniş yoxlamalar aparılıb.

“Federallar iş materiallarını nəzərdən keçiriblər, hər iki qurumun rəhbərləri ilə, eləcə də azərbaycanlılara qarşı işə rəhbərlik edən müstəntiqlə - İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə dördüncü idarəsinin rəisi, mayor Yaroslav Kuzvesovla söhbət aparıblar. Yoxlamalardan sonra mayor Kuzvesov cinayət işlərində əlində olan sübutlar barədə general-mayor Boqdan Frantsişko (İstintaq Komitəsi) və general-mayor İqor Nikolayevi (FTX) aldatdığını etiraf edib. Kuzvesovun həmkarlarının dediyinə görə, o, Sverdlovsk İstintaq Komitəsinin digər idarələrin rəislərinin polkovnik rütbəsinə malik olmasından, yalnız onun mayor rütbəsində olmasından narazıdır. Hətta Kuzvesovun müavininin rütbəsi daha yüksəkdir, o, polkovnik-leytenantdır”, - deyə mənbə qeyd edir.

Karyera məqsədləri ilə açılan cinayət işi

“Kuzvesov azərbaycanlılara qarşı açılan cinayət işinə özünün karyera yüksəlişi üçün əla fürsət kimi baxır”, - nəşr yazıb.

“Ruscriminal.info” Yekaterinburq müstəntiqinin Sverdlovsk təhlükəsizlik strukturlarının rəhbərlərini beynəlxalq münaqişəyə cəlb etdiyini də bildirib.

Müstəntiqin sərxoş qalmaqalı

Rusiyanın “VÇK-OQÇP” teleqram kanalı isə bu gün azərbaycanlılar Şıxlinski və Səfərova qarşı cinayət işi üzrə istintaqı aparan müstəntiq Kuzvesovun iş yerində sərxoş olub, özünü nalayiq aparması haqqında məlumat yayıb. Bildirilib ki, mayor Yaroslav Kuzvesovun həmkarlarının dediyinə görə, işdə sərxoşluğun və isteriyanın səbəbi Sverdlovsk İstintaq Komitəsinin rəhbəri general-mayor Boqdan Frantsişko ilə münaqişə olub.

“Frantsişko Kuzvesovu çağırıb və ondan azərbaycanlılarla bağlı istintaqı sürətləndirməyi tələb edib. General Kuzvesovun arxasında dayanmayacağını bildirib. Kuzvesov isə hər şeyin yaxşı olduğunu, işin öhdəsindən gələcəyini söyləyib. Bu zaman onlar arasında mübahisə başlayıb”, - “VÇK-OQÇP” yazıb.

Əməliyyat və nəticələri

Qeyd edək ki, bu ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən həyatını itiriblər. Digər Səfərovlar məhkəmənin qərarı ilə həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb. Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb. Mutvalı Şıxslinskiyə qarşı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə cinayət işi açılıb. Şahin Şıxlinski isə sifarişli qətlə cəhd və dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddələri ilə ittiham olunur.

Избранный
27
5
anspress.com

6Источники