RU

Ali Məhkəmədən mühüm qərar: bu halda lizinq alandan ödəniş tələb oluna bilməz!

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Lizinq müqaviləsi əsasında istifadə edilən avadanlıqlar hansısa səbəbdən məhv olandan sonra tərəflər arasında yaranan mübahisələr tez-tez məhkəmə predmetinə çevrilir.

Bizimyol.info xəbər verir ki, Ali Məhkəmənin Kommersiya Kollegiyası bu mövzu ilə bağlı mühüm qərar qəbul edib. Qərarda göstərilib ki, əgər avadanlıq lizinq alanın iradəsindən və nəzarətindən kənar, obyektiv səbəblər, o cümlədən müharibə şəraiti nəticəsində məhv olarsa, bu halda, lizinq alan şəxs əmlak üçün lizinq ödənişlərini davam etdirmək öhdəliyini daşımır.

Ali Məhkəmədə baxılan işdə şəxs birinci instansiya məhkəməsinə müraciət edərək göstərib ki, lizinq müqavilələri əsasında heyvandarlıq kompleksinə alınmış avadanlıqlar İkinci Qarabağ müharibəsi zamanı atılmış mərmi nəticəsində tamamilə yararsız hala düşüb. Müharibənin başlandığı 27 sentyabr 2020-ci ildən sonra həmin əmlak üzrə hesablanmış lizinq ödənişlərinin ümumi öhdəliklərdən çıxılmasını tələb edib. İddiaçı lizinq predmetinin məhv olmasının cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş inventarizasiya aktı ilə də təsdiqləndiyini əsas gətirib.

Məhkəmə iddianı rədd edib. Qərarı da belə əsaslandırıb ki, müqavilədə və qanunvericilikdə lizinq əmlakının lizinq alanın təqsiri olmadan məhv olmasına görə lizinq verənin məsuliyyəti nəzərdə tutulmur. Bundan başqa, məhkəmə qeyd edib ki, lizinq alan əmlakı sığortalatmaq üçün vaxtında müraciət etməli idi və bunu etmədiyi üçün riskləri özü daşımalıdır.

Apellyasiya instansiya məhkəməsi isə bu mövqe ilə razılaşmayaraq qərarı ləğv edib və iddianı təmin edib. Apellyasiya instansiyası qeyd edib ki, lizinq alanın müharibə şəraitində riskləri idarə etmək imkanının olmaması onun məsuliyyətini istisna edir.

Bundan sonra lizinq verən - cavabdeh ASC kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmənin Kommersiya kollegiyası kassasiya şikayətinə baxaraq, apellyasiya instansiyasının qətnaməsini qüvvədə saxlayıb.

Ali Məhkəmə Mülki Məcəllənin 448.1, 448.4 və 748.7.1-ci maddələrinin birgə təhlilinə əsasən qeyd edib ki, lizinq alan yalnız onun nəzarət və iradəsi daxilində olan risklərə görə məsuliyyət daşıyır. Riskin idarə edilməsi üçün real imkanın olmadığı hallarda məsuliyyətin birmənalı şəkildə lizinq alana yüklənməsi hüquqa və ədalət prinsiplərinə ziddir. Qorunma tədbirləri yalnız lizinq alanın real və hüquqi imkanları daxilində olduqda tələb edilə bilər. Müharibə zamanı düşmən mərmilərinin atılması şəraiti belə tədbirlərin həyata keçirilməsini faktiki olaraq mümkünsüz edib. Əgər lizinq alan lizinq predmetini mühafizə edə bilməyibsə və bu, onun nəzarətindən kənar səbəblərlə baş veribsə, o zaman bu şəxsin öhdəliyin pozulmasında təqsirli sayılması hüquqa ziddir.

Ali Məhkəmə qəbul etdiyi qərarda həmçinin göstərib ki, tərəflər arasında bağlanmış lizinq müqavilələrinə əsasən, əmlakın sığortalanmasını lizinq alanın müraciəti əsasında lizinq verənin özü həyata keçirilməli idi. Bununla belə, nəzərə alınmalıdır ki, əmlak üzərində lizinq verənin mülkiyyət hüququ saxlandığından, sığortalamanı lizinq alanın müraciəti ilə şərtləndirmək əmlakın mülkiyyətçisi kimi lizinq verənin iqtisadi maraqları ilə uzlaşmır. Belə ki, sığorta ödənişindən məhz mülkiyyətçi olaraq lizinq verən faydalanacaqdır. Ona görə də lizinq alanın əmlakı sığortalamaq üçün lizinq verənə müraciət etmədiyi əsas gətirilərək iddianın rədd olunması tamamilə əsassız və ədalətsiz olardı.

Ali Məhkəmə xüsusi olaraq vurğulayıb ki, məhv olmuş və ya sıradan çıxmış əmlak üçün lizinq ödənişi tələb etmək, Mülki Məcəllənin 748.10.1-ci maddəsinə də zidd olmaqla, lizinq hüquqi institutunun təbiəti ilə uzlaşmır.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
41
bizimyol.info

10Источники