RU

Maaş azlığından şikayət edirdilər KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bir neçə gün əvvəl “Aztelekom” MMC-nin Sumqayıt Telekommunikasiya qovşağında çalışan əməkdaşlar maaşlarının uzun illərdir artırılmaması ilə bağlı KONKRET.az-a şikayət etmişdilər.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, əməkhaqqı artımları yalnız ölkə üzrə minimum əməkhaqqının dəyişdirilməsi ilə bağlı tətbiq olunur və sonuncu dəfə bu artımlar 2025-ci ilin 1 yanvar tarixində həyata keçirilib.

Lakin əməkdaşlar redaksiyamıza yenidən müraciət ünvanlayaraq iddia ediblər ki, hazırda onlara öz xahişləri ilə ərizə yazıb işdən çıxmaları üçün təzyiqlər göstərilir.

Şikayətdə qeyd olunur:

“25 sentyabr 2025-ci il tarixində kadrlar inspektoru Fəridə xanım bizə zəng edərək bildirdi ki, işçilərdən 4-5 nəfər öz ərizəsi ilə işdən azad olunacaq. Aramızda şəhid ailələri de var. Hamımız məcbur edilirik ki, öz ərizəmizlə işdən azad olunaq. Əks halda müxtəlif yollarla işdən çıxarılacağımız deyilir. Hətta şəhid ailəsi olan əməkdaş – İsgəndərova Arzu Yadigar qızı da bu təzyiqlərlə üzləşib”.

Şikayətçilər əlavə ediblər ki, 19 sentyabrda Sumqayıt Telekommunikasiya qovşağında “imtahan” adı ilə keçirilən yoxlama formal xarakter daşıyıb:

“20 dəqiqəlik görüşdə bizə sadəcə suallar verdilər. Halbuki bu, test şəklində imtahan deyildi. Yeni avadanlıqlarla bağlı biliklər tələb olundu, amma bizə həmin texnikalarla bağlı heç bir təlim keçirilməmişdi. Sonra da bildirildi ki, texniklərə ehtiyac yoxdur. Mən 29 ildir burada işləyirəm, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecini bitirmişəm. Hazırda tək anayam və banklara borcluyam. Necə olur ki, illərlə işləyən əməkdaşlara indi ‘siz lazım deyilsiniz’ deyilir?”.

Əməkdaşlar iddia edirlər ki, “Aztelekom” rəhbərliyi ixtisarları “öz xahişi ilə ərizə” forması altında həyata keçirmək istəyir:

“Dövlət müəssisəsində belə bir yanaşma qəbuledilməzdir. Bizim maaşımız uzun illər 400 manat olaraq qalıb, yalnız 2-3 ay əvvəl azacıq artırılıb. İndi isə ixtisar bəhanəsi ilə bizi işdən çıxarmağa çalışırlar. Bu məsələyə Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev şəxsən müdaxilə etməlidir”.

Məsələ ilə bağlı “Aztelekom” MMC-yə yenidən sorğu ünvanlamışıq. Sorğumuza verilən cavabı mütləq dərc edəcəyik.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
1
konkret.az

2Источники