RU

Məktəblərdə pul yığılması bank vasitəsilə həyata keçirilməlidir AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Valdeyn komitələrinin rəsmiləşdirilməsi ilə bağlı təkliflər var.

Redaktor.az-a danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirdi ki, bu, çox mühüm və həssas məsələdir.

"Azərbaycan məktəblərində valideyn komitələrinin fəaliyyəti ilə bağlı bir sıra problemlər mövcuddur. Xüsusilə onların qeyri-rəsmi statusda fəaliyyət göstərməsi və pul yığımı məsələləri qanunvericilik baxımından suallar doğurur.

Valideyn komitələri rəsmi qurum sayılmır. Hazırda Azərbaycan qanunvericiliyində, xüsusən də “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda valideynlərin məktəb həyatında iştirakı nəzərdə tutulur. Lakin bu komitələrin hüquqi statusu və fəaliyyət çərçivəsi tam aydın deyil. Yəni onlar rəsmi qurum kimi sayılmır və rəsmi hüquqi şəxs deyillər. Bu komitələr dövlət qeydiyyatından keçmiş təşkilat deyillər, məktəb daxilində ictimai əsaslarla formalaşır və fəaliyyət göstərirlər. Onların fəaliyyəti təhsil müəssisəsinin rəhbərliyinin razılığı və nəzarəti altında həyata keçirilməlidir".

Müsahibimiz pul yığımının qanuni olub-olmaması haqqında da danışdı:

"Fond pulu, təmir pulu, ümumiyyətlə hədiyyə pulu kimi müəllimlərin və ya valideyn komitələrinin pul toplaması qanunsuz hesab olunur. Azərbaycan Respublikasının qanunvericiliyi təhsil müəssisələrində məcburi və təşəbbüslə belə pul toplanmasına qadağa qoyur. Məsələn, hansısa müəllimə qızıl hədiyyə edilməsi təşəbbüsü belə qadağan edilir. Elm və Təhsil Nazirliyi və nazirliyin tabeliyindəki Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi dəfələrlə bu barədə qadağa və xəbərdarlıq yayıb. Əgər valideynlərdən pul yığılırsa və bu, müəllimin və ya məktəb rəhbərliyinin göstərişi ilə həyata keçirilirsə, bu, intizam və hüquqi məsuliyyət yaradır. Valideyn komitələri rəsmiləşdirilməlidirmi? Bu məsələ müzakirəyə açıqdır, lakin bir neçə əsas arqument var".

Onun sözlərinə görə, rəsmiləşdirmənin üstünlükləri var:

"Hesabatlılıq yaranır, pul və digər təşəbbüslər şəffaf şəkildə həyata keçirilir, səlahiyyət və məsuliyyət dəqiq müəyyən olunur, ictimai nəzarət güclənir. Müəllimlər bu prosesdən özlərini uzaq tuta bilərlər. Rəsmiləşdirilməməyin riskləri də var. Qeyri-rəsmi yolla pul yığımı davam edə bilər, valideynlər arasında narazılıq və etimadsızlıq yarana, müəllimlərə əlavə təzyiq düşə bilər.

Nə etmək olar? Ümumilikdə Elm və Təhsil Nazirliyi tərəfindən valideyn komitələrinin statusunu müəyyən edən normativ sənəd hazırlanmalıdır. Məktəblərdə valideyn şuraları yaradılmalı və hüquqi əsaslarla fəaliyyət göstərməlidir. Pul toplanması yalnız rəsmi fondlar vasitəsilə, könüllü əsasda və ya şəffaf şəkildə, bank vasitəsilə həyata keçirilməlidir".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
3
redaktor.az

4Источники