RU

Antibiotik müalicəsi zamanı nələri yemək olar, nələri olmaz?

1929-cu ildə Aleksandr Fleminqin penisilini kəşf etməsi ilə tibbdə yeni bir dövr başlandı. Antibiotiklər bu gün bir çox bakterial infeksiyanın müalicəsində əsas vasitədir. Onlar bakteriyaları ya çoxalmasının qarşısını almaqla (bakteriostatik), ya da birbaşa məhv etməklə (bakteriosid) təsirsiz hala gətirirlər.

E-saglam.az xəbər verir ki, antibiotiklər təsir mexanizminə görə aşağıdakı qruplara bölünür:

Hüceyrə divarının sintezini pozanlar

Protein sintezini dayandıranlar

Nuklein turşularının sintezini pozanlar

Hüceyrə membranının keçiriciliyini dəyişənlər

Metabolizmə təsir edənlər

Lakin antibiotiklər təkcə xəstəlik törədən bakteriyaları deyil, həm də bağırsaq mikrobiotasının faydalı bakteriyalarını da zədələyə bilir. Bu səbəbdən, onların istifadəsi yalnız həkim təyinatı ilə, düzgün müddət və dozada aparılmalıdır. Həmçinin antibiotiklərin qidalarla və digər dərmanlarla qarşılıqlı təsirinə xüsusi diqqət yetirilməlidir.

Qida və antibiotik qarşılıqlı təsirləri

Penisillin yağlı qidalarla birlikdə qəbul edildikdə mənimsənilməsi təxminən 36% azalır. Əksinə, bromelainlə zəngin ananas, kivi, incir və kələm penisillinin təsirini artıra bilər.

Aminoqlikozidlər uzun müddət istifadə olunduqda bağırsaqda B12 vitamininin mənimsənilməsini azalda bilər. Bu halda qırmızı ət, balıq və yumurta kimi qidalar menyuda olmalıdır.

Maqneziumla zəngin qidalar (ispanaq, lobya, mərcimək, balqabaq toxumu, küncüt, badam, fındıq, yulaf) levofloksasinin mənimsənilməsini zəiflədir.

Süd məhsulları siprofloksasinin və tetrasiklinlərin təsirini azalda bilər. Antibiotiklə süd məhsulları arasında ən azı 3 saatlıq fasilə olmalıdır.

Tetrasiklin qəbulu yeməkdən 1 saat əvvəl və ya 2 saat sonra edilməlidir. Çünki o, kalsium və dəmirlə birləşərək həll olunmayan maddələr yaradır.

Spirtli içkilər antibiotiklərlə uyğun deyil. Onlar dərinin qızarması, baş ağrısı, ürəkbulanma və qarın ağrılarına səbəb ola bilər. Müalicə bitdikdən sonra ən azı 72 saat spirt qəbul edilməməlidir.

Sitrus meyvələri (portağal, qreyfrut), pomidor və şokolad yüksək turşuluq səbəbindən antibiotiklərin mənimsənilməsini zəiflədir.

Tövsiyə olunan qidalar

Yüngül şorbalar

Qeyri-sitrus meyvələri

Probiotiklə zəngin məhsullar (kefir, kimçi, fermentə tərəvəzlər, parmezan pendiri)

Bunlar bağırsaq mikroflorasını bərpa etməyə kömək edir və antibiotiklərin yan təsirlərini azaldır.

Qeyd edək ki, antibiotik terapiyası zamanı düzgün qidalanma həm dərmanların effektivliyini artırır, həm də bağırsaq sağlamlığını qoruyur. Ən vacibi isə – antibiotiklər yalnız həkim göstərişi ilə qəbul edilməlidir.

Nəzrin Abbas

E-saglam.az

Избранный
8
e-saglam.az

1Источники