Bakı, 27 sentyabr, AZƏRTAC
ABŞ prezidenti Donald Tramp parasetamolun (Tylenol) qəbulundan imtina etməyə çağıraraq onun autizm ilə mümkün əlaqəsindən danışıb.
AZƏRTAC xəbər verir ki, “Nature” jurnalında dərc olunan yeni məqalədə tədqiqatçılar vurğulayıblar ki, bu əlaqəni sübut edən etibarlı dəlillər mövcud deyil.
FDA həqiqətən də preparatın təlimat vərəqəsinə “mümkün assosiasiya” barədə xəbərdarlıq əlavə edib. Amma İsveç və Yaponiyada aparılan genişmiqyaslı tədqiqatlar göstərib ki, risk səviyyəsindəki fərqlər minimumdur və ailəvi amillər nəzərə alındıqda bu risk ehtimalı tamamilə yoxa çıxır. Hətta qardaş və bacılar müqayisə edildikdə və onlardan biri preparatı qəbul etdikdə, heç bir əlaqə aşkar edilməyib.
Mütəxəssislər qeyd edirlər ki, parasetamol hamilə qadınlarda ağrı və qızdırmanın azaldılması üçün ən təhlükəsiz vasitələrdən biri olaraq qalır. Əsassız qorxular gələcək analarda stressi artırmaqla yanaşı, onların həlledici dövrdə effektiv tibbi yardımdan məhrum qalmasına da səbəb ola bilər.
Alimlər əlavə edirlər ki, autizm diaqnozlarının sayının artması parasetamol kimi dərmanların istifadəsi ilə deyil, ilk növbədə xəstəliklə bağlı meyarların dəyişməsi və cəmiyyətin bununla bağlı məlumatlılığının artması ilə izah olunur.