RU

Azərbaycan Prezidenti BMT tribunasından beynəlxalq ictimaiyyətə mühüm mesajlar ünvanladı

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyası beynəlxalq münasibətlərin mürəkkəbləşdiyi, yeni güc balanslarının formalaşdığı bir dövrə təsadüf edir. Belə bir mərhələdə təşkilatın ali tribunasından səslənən çıxışlar qlobal gündəmin əsas istiqamətlərini müəyyənləşdirir.

Milli Məclisin deputatı Pərvin Kərimzadə "İki sahil" TV-yə müsahibəsində qeyd edib ki, Prezident İlham Əliyevin BMT tribunasındakı çıxışı Azərbaycanın beynəlxalq hüquqa sadiqliyini, ədalətsizliyə qarşı prinsipial mövqeyini nümayiş etdirməklə yanaşı, bölgədə formalaşmış yeni reallıqlara da aydınlıq gətirdi.

-Pərvin xanım, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında səsləndirdiyi “Azərbaycan ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq özü bərpa etmiş ölkədir” fikri kontekstində  Azərbaycanın regional rolu və bu mövqenin beynəlxalq əhəmiyyəti barədə nə deyərdiniz?

-Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında səsləndirdiyi bu fikir Azərbaycanın beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini və suverenliyini təmin etmək üçün göstərdiyi qətiyyətli siyasi iradəni bir daha nümayiş etdirir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının illərlə icra olunmayan qətnamələrini özü yerinə yetirərək həm ədaləti bərpa edib, həm də beynəlxalq hüququn aliliyinə sadiqliyini sübut edib. Bu mövqe regionda Azərbaycanın rolunu keyfiyyətcə yeni mərhələyə çıxarır. Azərbaycan bu gün təkcə ərazi bütövlüyünü təmin etmiş ölkə deyil, eyni zamanda bölgədə sabitliyin, əməkdaşlığın və sülhün təşəbbüskarı kimi çıxış edir. Bu isə onu regional liderə çevirir və beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Eyni zamanda, bu çıxış dünya birliyinə ünvanlanmış ciddi bir mesajdır. Azərbaycan beynəlxalq hüququ yalnız tələb edən deyil, onu praktikada həyata keçirən ölkədir. Bu da ölkəmizin qlobal səviyyədə nüfuzuna və geosiyasi çəkisinə əhəmiyyətli dərəcədə təsir göstərir.

-Prezident İlham Əliyev çıxışında Azərbaycanın Ermənistanla sülhə hazır olduğunu, beş əsas prinsip irəli sürdüyünü qeyd etdi. Bu prinsiplərin regional təhlükəsizlik və əməkdaşlıq üçün əhəmiyyəti nədən ibarətdir?

-Dövlət başçısının qeyd etdiyi bu prinsiplər  dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı şəkildə tanınması, bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiqindən və onunla hədələməkdən çəkinmək, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılmasıdır. Bu prinsiplər təkcə iki ölkə arasında münasibətlərin normallaşması üçün deyil, bütövlükdə Cənubi Qafqazda sabitliyin və davamlı sülhün təmin olunması üçün əsas baza rolunu oynayır. Bu prinsiplərin əhəmiyyəti ondan ibarətdir ki, onlar regionda qarşılıqlı etimada əsaslanan münasibətlər sisteminin formalaşmasına yol açır və yeni qarşıdurma risklərini minimuma endirir. Bu çərçivədə tərəflər bir-birinin hüquqlarını tanıyır, ərazi iddialarından imtina edir və gələcəyə baxan əməkdaşlıq platforması yaradır. Digər tərəfdən, bu prinsiplərin reallaşması regional inteqrasiyanı və iqtisadi əlaqələrin genişlənməsini dəstəkləyir. Kommunikasiyaların açılması, sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı tanınma təkcə siyasi sabitlik deyil, eyni zamanda iqtisadi inkişaf və enerji-logistika layihələrinin gerçəkləşməsi üçün də mühüm zəmin yaradır. Qeyd edim ki bu beş prinsip regionda münaqişə yox, əməkdaşlıq mədəniyyətinin formalaşmasına xidmət edən fundamental əsaslardır və bu baxımdan onların beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi mühüm əhəmiyyət daşıyır.

-Ölkə rəhbərinin  BMT tribunasından etdiyi çıxışında beynəlxalq ictimaiyyəti ikili standartların aradan qaldırıldığı, ədalətin təmin olunduğu və sülhün təkcə sözlərlə deyil, əməli addımlarla qurulduğu bir dünya yaratmağa çağırdı. Bu çağırışın beynəlxalq münasibətlər sistemində ədalətli vasitəçilik və qlobal hüquq nizamı baxımından əhəmiyyəti nədən ibarətdir?

-Dövlət başçısının BMT tribunasından səsləndirdiyi bu çağırış beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartlara, qeyri-obyektiv vasitəçilik cəhdlərinə və beynəlxalq hüququn seçici şəkildə tətbiqinə qarşı prinsipial mövqeyi ifadə edir. Bu çıxış, eyni zamanda, qlobal səviyyədə daha ədalətli və balanslı nizamın qurulmasına yönəlmiş konkret mesajdır. Dövlət başçısının vurğuladığı kimi, ədalət yalnız bəyanatlarla deyil, konkret və ardıcıl əməli addımlarla təmin olunmalıdır. Bu fikir müasir beynəlxalq münasibətlərdə ədalətli vasitəçilik missiyasının əhəmiyyətini ön plana çıxarır. Çünki əgər vasitəçilər qərəzsiz, beynəlxalq hüququ rəhbər tutaraq fəaliyyət göstərsələr, bu, münaqişələrin ədalətli həllinə, tərəflər arasında etimadın qurulmasına və davamlı sülhün yaranmasına xidmət edər. Digər tərəfdən,  bu çağırış BMT-nin və digər beynəlxalq təşkilatların nüfuzunun artırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Qanunun aliliyi,  suverenliyin və ərazi bütövlüyünün bərabər şəkildə tanınması, bütün dövlətlərin hüquqlarına hörmət edilməsi bunlar qlobal təhlükəsizlik və davamlı inkişafın əsas şərtləridir.

-Vaşinqtonda imzalanan tarixi Birgə Bəyannamə Azərbaycanın sülh və əməkdaşlıq yönümlü siyasətinin mühüm nəticəsi kimi dəyərləndirilir. Sizcə, bu sənədin yaratdığı siyasi zəmin və nümayiş etdirdiyi strateji iradənin Prezident İlham Əliyevin BMT tribunasından etdiyi çıxışda əks olunması beynəlxalq ictimaiyyətə hansı mesajları verdi?

-Vaşinqtonda imzalanan tarixi Birgə Bəyannamə Azərbaycanın sülh, əməkdaşlıq və beynəlxalq hüquqa əsaslanan siyasətinin real nəticəsidir. Bu sənəd Cənubi Qafqazda yeni mərhələnin başlanğıcını qoymaqla yanaşı, bölgədə davamlı sülhün təmin olunması istiqamətində ciddi iradənin ifadəsidir. Dövlət başçımızın BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxışda da bu iradə aydın şəkildə öz əksini tapdı. Dövlət başçısı sülh müqaviləsinin paraflanması, ikitərəfli danışıqların uğurla irəliləməsi və Azərbaycanın konstruktiv mövqeyi barədə çıxış etməklə beynəlxalq ictimaiyyətə açıq mesaj verdi. Azərbaycan münaqişələri güc yolu ilə deyil, beynəlxalq hüquq və siyasi vasitələrlə həll edən, sülh təşəbbüsləri irəli sürən və regional sabitliyin təminatçısı olan bir dövlətdir. Dövlət başçımız bildirdi ki, Vaşinqton Sammiti, həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir: ”Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunu Prezident Donald Tramp ilə birgə imzaladıq. Bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır. Eyni zamanda, Prezident Trampın 1992-ci ildə Azadlığa Dəstək Aktına 907-ci düzəliş şəklində Azərbaycana qarşı tətbiq olunmuş sanksiyaların icrasını dayandırması qərarı da tarixi addımdır. ABŞ Konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi ikili standartların mirasına son qoymaqla, Azərbaycanın qlobal təhlükəsizlik və sabitliyə töhfə verdiyi bir dövrdə etimad və əməkdaşlığı möhkəmləndirərdi. Ümumilikdə avqust ayında ABŞ-a səfərim zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır.Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdığına, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək qərarına və Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə dəstəyinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edirəm.”

Bu çıxışla Prezident İlham Əliyev Azərbaycan-ABŞ münasibətlərində yaranmış yeni mərhələni xüsusi vurğulayır. ABŞ Prezidenti Donald Trampın səyləri nəticəsində iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, eyni zamanda Ermənistanla sülh prosesinə verdiyi dəstək yüksək qiymətləndirilir. Bu təşəkkür təkcə diplomatik nəzakət ifadəsi deyil, həm də Vaşinqtonda əldə olunmuş razılaşmaların arxasında duran siyasi iradənin və əməkdaşlıq ruhunun təqdiridir. Bu münasibətlər həm ikitərəfli əməkdaşlıq, həm də Cənubi Qafqazda davamlı sülhün bərqərar olunması baxımından yeni imkanlar açır. Bu çıxış  həm də onu göstərdi ki, Azərbaycanın mövqeyi artıq təkcə regional deyil, qlobal səviyyədə də diqqətlə izlənilən, nümunə göstərilən bir mövqedir. Prezidentin verdiyi mesajlar beynəlxalq vasitəçilərə və təsisatlara da ünvanlanaraq, onları ədalətli, qərəzsiz və prinsipial mövqe tutmağa çağırdı.

-Azərbaycanın BMT Təhlükəsizlik Şurası, və İnsan Hüquqları Şurasında üzvlüyü beynəlxalq təşkilatlarda ölkəmizin nüfuzunu möhkəmləndirdi. Sizcə, bu platformalarda iştirak Azərbaycanın qlobal siyasətdə söz sahibinə çevrilməsinə hansı yeni imkanlar açdı?

-Bu qurumlarda təmsilçilik Azərbaycanın beynəlxalq təşəbbüslərə qoşulmasını, diplomatik çevikliyini və beynəlxalq hüququn aliliyinə verdiyi önəmi nümayiş etdirdi. Eyni zamanda, bu iştirak ölkəmizə qlobal miqyasda yeni tərəfdaşlıqlar qurmaq, milli maraqları müdafiə etmək və beynəlxalq qərarların formalaşmasında iştirak etmək üçün strateji imkanlar açdı. Azərbaycanın bu nüfuzlu platformalarda iştirakı ölkəmizin qlobal siyasətdə söz sahibi olan dövlətlər sırasına daxil olmasına mühüm zəmin yaratdı.

-Azərbaycan yalnız siyasi deyil, həm də humanitar istiqamətdə fəal mövqedədir 140-dan çox ölkəyə yardım, pandemiya dövründə 80 ölkəyə dəstək. Sizcə, Azərbaycanın donor ölkə kimi bu mövqeyi beynəlxalq aləmdə hansı dəyərləri və prinsipləri ön plana çıxarır?

-İlk növbədə bu yanaşma Azərbaycanın insani həmrəylik, məsuliyyətli tərəfdaşlıq və qlobal ədalət prinsiplərinə sadiq olduğunu nümayiş etdirir. Azərbaycan bu addımları ilə yalnız öz maraqlarını qorumağa çalışan deyil, həm də beynəlxalq ictimaiyyətin ümumi rifahına töhfə verən bir dövlət kimi çıxış edir. Bu, onu qlobal problemlərə biganə qalmayan, ortaq dəyərləri bölüşən və təşəbbüskar aktor kimi tanıdır. Eyni zamanda, bu fəaliyyət Azərbaycanın beynəlxalq etimad kapitalını artırır. Donor ölkə mövqeyi, xüsusilə inkişafda olan və yardıma ehtiyacı olan dövlətlər arasında Azərbaycanla həmrəyliyin və əməkdaşlığın möhkəmlənməsinə səbəb olur. Bu da ölkəmizin beynəlxalq təşkilatlarda dəstəklənməsi, diplomatik nüfuzunun artması və qlobal siyasətdə manevr imkanlarının genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycanın humanitar yardımları həm də onun multikulturalizm, tolerantlıq və bəşəri dəyərlərə hörmət kimi daxili siyasətdə təzahür edən prinsiplərinin beynəlxalq müstəvidə davamı kimi qiymətləndirilə bilər.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Избранный
9
ikisahil.az

1Источники