RU

Bakıda “Tacik tikmə dünyası”

Azərbaycan Milli Xalça Muzeyində “Tacik tikmə dünyası” sərgisi qapılarını sənətsevərlərin üzünə açıb. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli Xalça Muzeyi və Tacikistan Milli Muzeyinin birgə təşkil etdiyi ekspozisiya iki ölkə arasında mədəni dialoqa töhfə vermək və mədəni mübadiləni davam etdirmək məqsədi daşıyır.

Tacikistan Milli Muzeyinin kolleksiyasından seçilmiş 56 nadir eksponatın nümayiş olunduğu sərginin açılışında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Xalça Muzeyinin direktoru Əminə Məlikova, Tacikistanın ölkəmizdəki səfiri İlhom Abdurahmon, Azərbaycan–Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və Tacikistan Milli Muzeyinin direktoru Zəfərşo İbrohimzoda Safo iştirak ediblər.

Qonaqları salamlayan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova və Tacikistan Milli Muzeyinin direktoru, tarix elmləri doktoru Zəfərşo İbrohimzoda Safo sərginin önəmindən söz açıblar.

Bildirilib ki, nümayiş etdirilən divar asma xalısı, kilim, canamaz, dəstərxan taciklərin gündəlik həyatında hər zaman mövcud olan, xüsusi texnikaya malik “gülduzi” (gül tikmə) sənət nümunələridir. Bu sənət Tacikistanın hər bölgəsində özünəməxsus xüsusiyyətləri ilə inkişaf edib. “Gülduzi”yə daxil edilən hər simvolun mənası var. Azərbaycan Milli Xalça Muzeyinin zəngin kolleksiyası göstərir ki, xalqlarımızın tikmə sənəti və xalçaçılıq, onların naxışları çox oxşardır.

Sərgidə Azərbaycan tamaşaçısına ilk dəfə tacik xalqının bədii-estetik zövqünü, dünyagörüşünü və mənəvi dəyərlərini əks etdirən qədim və zərif əl işləri təqdim olunub.

Ekspozisiyada Azərbaycan Milli Xalça Muzeyinin qızıl fondundan – XIX əsrə və müasir dövrə aid xovlu və yastı toxunmuş xalçalar, kilimlər, bədii metal işləri, tikmə nümunələri, habelə Xalq rəssamı Eldar Mikayılzadə və yamaq ustası Xalidə Nəsirovanın əsərləri də nümayiş etdirilir.

Tacikistandan xüsusi dəvət olunmuş tikmə ustası Malohat Mirzoyeva ustad dərsi nümayiş etdirib. Ziyarətçilər “gülduzi”nin yaradılması prosesini izləmək və hətta bəzi tikişləri özləri də sınamaq imkanı əldə ediblər. Tədbir Azərbaycan və Tacikistan incəsənət ustalarının ifasında musiqili çıxışlar və ənənəvi tacik mətbəxinin təamlarının təqdimatı ilə yekunlaşıb.

Sərgi oktyabrın 25-dək davam edəcək.

Arzu ƏLİYEVA
XQ

Избранный
10
xalqqazeti.az

1Источники