RU

Dünya liderləri ABŞ-da, Paşinyan isə… Moskvada – Nə baş verir?

Politoloq: “Erməni baş nazir seçkilərə qədər Kremli narazı salmamağa çalışacaq”

Hazırda əksər dünya liderləri BMT Baş Məclisinin 80-ci yubiley sessiyası çərçivəsində Nyu-Yorkdadadır. Onların arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də var.

Səfərin ilk saatlarından etibarən çoxsaylı müraciətlər əsasında ikitərəfli görüşlər keçirən Azərbaycanın dövlət başçısı artıq dünyanın bir saylı ofisinin rəhbəri, ABŞ lideri Donald Trampla növbəti dəfə bir araya gəlib. Amma baş nazir Nikol Paşinyan nədənsə Amerikaya getməyib. Ermənistanı Nyu-York zirvəsində xarici işlər naziri Ararat Mirzəyan təmsil edir.

Beləcə, hesab etmək olar ki, Paşinyan unikal bir fürsəti buraxıb. Daha qəribəsi odur ki, o, sentyabrın 25-də Putinin qatılacağı Rusiya atom sənayesinin 80 illiyi ilə bağlı qlobal tədbirdə iştirak üçün Moskvaya uçub. Maraqlı gedişatdır, həm də rəmzi mənada edilən seçimdir: Baş Assambleyanın 8-ci sessiyasındansa, atom sənayesinin 80 illiyi ilə bağlı tədbirə üstünlük verilib. Faktiki olaraq Paşinyan Putinlə görüşə önəm verdiyini nümayiş etdirib.

Paşinyan

Paşinyan 26-30 sentyabr tarixlərində Ümumdünya Atom Həftəsinin (World Atomic Week) keçiriləcəyi Moskvaya səfər etməyə üstünlük verib ki, burada önəmli olan atom sənayesi deyil. Şübhəsiz ki, bu səfər və seçim Paşinyanın ürəyincə sayıla bilməz. Çünki onun 8 avqustda, Vaşinqtonda Azərbaycan və ABŞ liderləri ilə görüşdə nə qədər xoşbəxt göründüyünü də unutmamışıq, kəsəsi, uçmağa qanadı yox idi. Rusiya rəsmiləri bir müddət öncə verdikləri açıqlamalarda Paşinyanı Rusiyada gözlədiklərini bildirmişdilər və bununla da Ermənistan baş nazirinin ABŞ-yə yolunu kəsmiş olmuşdular. Xüsusilə də ABŞ-nin Zəngəzur dəhlizi – Tramp marşrutunun maliyyələşdirilməsi ilə bağlı 145 milyonluq tranş ayırması Rusiyanı qəzəbləndirib və şübhə yoxdur ki, Paşinyan bu istiqamətdə Rusiyanı sakitləşdirməkdən ötrü əlindən gələni edib, səfərin də bu məqsəd daşıdığını söyləmək olar.

İstisna deyil ki, bu barədə ABŞ-yə də mesajlar çatdırılıb. Xüsusilə də Ermənistanın iqtisadiyyat nazirinin ABŞ-yə dəvət olunması və Zəngəzur dəhlizində işlərə başlamaq istiqamətində təşəbbüslər Kremli qıcıqlandırıb və İrəvan Rusiyanı sakitləşdirməkdən ötrü cəhdlər göstərir. Həm də seçkilərə yaxınlaşan Ermənistanda siyasi hərarətin artması birbaşa Rusiya ilə bağlıdır ki, Paşinyan bunu çox yaxşı anladığı üçün Qərbə doğru “bir addım irəli, iki addım geri” atır. Putinlə görüş zamanı Paşinyan bildirib ki, Ermənistan özünə uyğun olan kiçik modul tipli atom layihələri axtarır və bu məsələdə Rusiya ilə aktiv dialoq aparır: “Rosatom korporasiyası ilə də səmərəli əməkdaşlıq mövcuddur. Bu gün biz atom texnologiyaları barədə çox yeni məlumatlar əldə etdik və sizin paylaşdığınız bilgilərə görə təşəkkür edirik. Ermənistan üçün də atom energetikası olduqca önəmlidir”.

Baş nazirin sözlərinə görə, rəsmi İrəvan hazırda Ermənistan Atom Elektrik Stansiyasının istismar müddətini 2036-cı ilə qədər uzatmaq üzərində çalışır. Paşinyan iki ölkə arasındakı ticarət dövriyyəsinə də diqqət çəkərək qeyd edib ki, bu il müəyyən azalma müşahidə olunub: “Bu, qlobal proseslərlə bağlıdır. Amma qarşılıqlı ticarətin 2023 və 2024-cü illərdəki templə artmasını davam etdirmək üçün bu istiqamətdə işləmək vacibdir”.

Ermənistanın baş naziri Paşinyan budəfəki görüş ərəfəsində də Rusiya prezidenti tərəfindən aşağılanıb. Publika.az-ın Rusiya mətbuatına istinadən bildirdiyinə görə, Paşinyan Putinlə görüşmək üçün az qala gecə yarısına qədər gözləməli olub və o, sentyabrın 26-dakı görüş zamanı az qala saat 01:00-a qədər gözləməli olub. Görüşdə Rusiya tərəfdən baş nazirin müavini Aleksey Overçuk, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Dmitri Lyubinski, Rusiya Dəmir Yollarının baş direktoru Oleq Belozerov, “Rosatom” Dövlət Korporasiyasının rəhbəri Aleksey Lixaçev iştirak ediblər.

Rusiya prezidenti “Bir-birimizi bu yaxınlarda görsək də, həmişə danışacaq bir şeyimiz var, lakin buna baxmayaraq, sizi Moskvada görməyə çox şadıq”, deyib. Görüşdə Rusiya tərəfdən baş nazirin müavini Aleksey Overçuk, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Dmitri Lyubinski, Rusiya Dəmir Yollarının baş direktoru Oleq Belozerov, “Rosatom” Dövlət Korporasiyasının rəhbəri Aleksey Lixaçev iştirak ediblər. N.Paşinyan Rusiyada artıq neçənci dəfədir ki, aşağılanır, ələ salınır. Amma güman ki, qarşıdakı seçki səddini Rusiya maneəsi olmadan aşmaqdan ötrü “bütün məhrumiyyətlərə dözür”.

Bəs Paşinyan nədən Putini Trampdan üstün tutub? Erməni baş nazirin gerçək hədəfi nədir?

Elxan

Elxan Şahinoğlu 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında öncə mühüm bir məqama diqqət çəkdi. Bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti kimi BMT Baş Assambelyasının sessiyasına qatılsaydı, iki lider növbəti dəfə görüşüb fikir mübadiləsi aparacaqdı: “Nikol Paşinyan bunun əvəzinə ”beynəlxalq atom həftəsi” konfransında iştirak məqsədilə sentyabrın 25-də Moskvaya getdi. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra bu ölkənin tərəfdaşlarının sayı azalıb. Kreml bu görüntünü ortadan qaldırmaq üçün Rusiyada müxtəlif beynəlxalq tədbirlər keçirməyə çalışır. “Beynəlxalq atom həftəsi” konfransı da bu məqsədə xidmət edir. Rusiya Prezidenti Vladimir Putin tədbirə Nikol Paşinyanı da dəvət etmişdi. Ermənistanın baş naziri bu tədbirdə iştirak etməklə iki ölkə arasında münasibətlərin normal olduğunu göstərməyə çalışdı. Çünki onun rəqibləri Paşinyanı Ermənistanın ənənəvi müttəfiqi Rusiyadan üz döndərərək Qərblə təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməkdə ittiham edirlər”.

E.Şahinoğlu digər bir məqamı vurğulayaraq xatırlatdı ki, Nikol Paşinyan iyun ayında verdiyi açıqlamada Ermənistanın Kollektiv Təhlüksəzilik Müqaviləsi Təşkilatını tərk edə biləcəyini söyləmişdi: “Bu açıqlama Rusiyanın siyasi dairələrində narahatlıq yaratmışdı. Paşinyanın Avropa İttifaqına üzvlüklə bağlı açıqlamaları da Kremli narahat etmişdi. Avropa İttifaqı Ermənistanla sıx əlaqələr qurub. Rusiya rəsmiləri Paşinyanı seçim qarşısında qoydular: ”Ermənistan ya Avrasiya İqtisadi Birliyini, ya da Avropa İttifaqını seçməlidir”. Daha sonra Paşinyan Avropa İttifaqı üzvlüyü fikrini korrektə etdi və ölkəsinin əvvəlkitək Avrasiya İqtisadi Birliyində üzvlüyünə davam etdirəcəyini söylədi. Nikol Paşinyan Ermənistanın Rusiya ilə iqtisadi və ticarət əlaqələrinin davam etdirilməsini istəyir”.

Politoloqun ehtmalına görə, Paşinyan Ermənistanda parlament seçkilərinə qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etmək barədə danışmayacaq: “Paşinyan Rusiyanın Ermənistanda seçki öncəsi təxribat törədə biləcəyindən qorxur. Ona görə də Paşinyan parlament seçkilərinə qədər Kremli narazı salmamağa çalışacaq. Onun Moskvada konfransda iştirakı və Vladimir Putinin görüşü buna dəlalət edir”.

Moskva görüşü ilə bağlı bir məqam da diqqət çəkir. Prezident Putin Paşinyanla görüşündə xatırladıb ki, Rusiya ilə ticarət münasibətləri Ermənistanın xarici ticarət dövriyyəsinin 34 faizini təşkil edir. O, Rusiya ilə Ermənistan arasında münasibətləri “sabit və yaxşı” inkişaf etdiyini bildirib.

“Ticarət dövriyyəsi demək olar ki, 11 milyard dollardır. Bu, Ermənistanın xarici ticarət dövriyyəsinin 34 faizidir. Bizim statistikaya görə, Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 11,7 milyard dollardır. Bu, 2024-cü il üçün rekord göstəricidir”, – deyə Putin konkret rəqəmlərə istinad edib. Həmçinin iki ölkə arasında əlaqələrin digər sahələrdə də inkişaf etdiyini deyib. Bu faktın özü Ermənistanın Rusiya orbitindən çıxışının mümkünsüz olduğu barədə açıq eyhamdır. Dolayısı ilə Kreml erməni iqtisadiyyatını sabotajla təhdid edir. Özü də bu mesaj təkcə Paşinyana deyil, həm də Qərbdəki tərəfdaşlarına ünvanlanıb.

İndi görək ABŞ-nin, xüsusən də bir neçə dəfə N.Paşinyan haqqında müsbət fikirlər söyləyən D.Trampın bu seçimə reaksiyası necə olacaq?..

Musavat.com

Избранный
16
1
editor.az

2Источники