RU

Bakıda “tıxac vergisi” ödəyəcəyik: Məbləğ nə qədər olacaq?

Bakının mərkəzinə giriş ödənişli olacaq. Bu, Prezident İlham Əliyevin imzaladığı “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanda öz əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində paytaxtın inzibati ərazisində ödənişli hərəkət zonalarının yaradılması və bu zonalara daxil olmağa görə ödənişin məbləği ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etməlidir. Qanunvericilikdə nəzərdə tutulur ki, ödənişli zonalara daxilolma haqqı “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun maliyyələşmə mənbələrindən biri olacaq.

Bəs bu sistem necə reallaşacaq? Nəzarət hansı üsullarla həyata keçiriləcək? Bu zonalara giriş haqqı nə qədər olacaq?

“Bakıya 300 mindən çox avtomobil daxil olur”

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib ki, yeni yanaşma ilkin olaraq Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində nağdsız ödəniş sisteminə keçirilmiş sıxılmış təbii qazla və elektrik mühərriki ilə təchiz edilmiş avtobuslara tətbiq ediləcək: “Gəncə şəhərinin inzibati ərazisinə münasibətdə, həmçinin istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizel mühərrikli avtobusların sistemin əhatə dairəsinə daxil edilməsi nəzərdə tutulub. Gün ərzində ətraf ərazilərdən Bakıya 300 mindən çox avtomobil daxil olur. Bunlardan 100 mindən çoxu Sumqayıt-Xırdalanın payına düşür. 200 min avtomobil isə ətraf ərazilərdən Bakı şəhərinə daxil olur”.

“Bu, texnoloji baxımdan mümkündür”

Nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, bu sistemin ölkəmizdə reallaşdırılması heç də çətin deyil. O vurğulayır ki, dünyada bununla bağlı analoji nümunələr mövcuddur: “İndi texnologiyalar inkişaf edib və texniki həllər rahatlıqla mümkündür. Burada heç bir çətinlik yoxdur. Həm ödənişli zonaların tərtibatı, həm həmin zonalara girişdən əvvəl ödənişlərin həyata keçirilməsi, həm də ödəniş etməyənlərin cərimə edilməsi texnoloji baxımdan realdır”.

“Ödəniş vətəndaş üçün əlçatan səviyyədə olacaq”

Mütəxəssis düşünür ki, ödənişli zonalar sıxlıq yaşanan, yüklənmiş magistrallarda ola bilər: “Məbləğlər hələ dəqiqləşməyib. İlk olaraq monitorinq aparılacaq, sosial və iqtisadi təsirlər qiymətləndiriləcək. Bundan sonra ödənişin məbləği açıqlanacaq. Amma yəqin ki, vətəndaş üçün əlçatan səviyyədə olacaq. Burada bölgü də aparmaq olar. Məsələn, hüquqi şəxslərlə fiziki şəxslərin ödədiyi məbləğ fərqli ola bilər. Bundan əlavə, gündəlik, aylıq və illik ödəniş paketlərinin tətbiqi də mümkündür”.

“Bu yolla sıxlığın qarşısı alınır”

Избранный
37
7
publika.az

8Источники