RU

Sabah ın kapitanı: Məqsədimiz Qarabağ ı taxtdan salmaqdır MÜSAHİBƏ

Sportal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Sabah"ın kapitanı Pavol Safranko ölkəsinin mətbuatına müsahibə verib.

Sportal.az slovakiyalı hücumçunun "sport.sk" saytına müsahibəsini diqqətinizə çatdırır:

- Ötən bazar günü Bakıda "Formula 1" üzrə Azərbaycan Qran Prisi keçirildi. Orada oldunuz?

-  Çox düşündüm, baxmağa gedim, ya yox. Amma sonra hər şeyi götür-qoy etdim. Sonda getməməyə qərar verdim. Amma bir neçə komanda yoldaşım orada idi, çünki onlar azarkeşdirlər.

- Siz motor idmanını sevmirsiniz?

-  Qətiyyən yox. Avtomobil idmanı mənim dünyam deyil (gülür).

- Yəni "Ferrari", "McLaren", "Mercedes", "Red Bull" və ya "Villiams" maşınları Bakının küçələrində yarışanda sizə heç bir təsiri olmadı?

- Yeganə təsiri o oldu ki, məşqə getməkdə çətinlik çəkdim, çünki bütün yollar bağlı idi (gülür).

- Siz Slovakiyada, Danimarkada, Şotlandiyada, Rumıniyada, Cənubi Afrikada oynamısız, indi isə Azərbaycanda oynamısınız. Müxtəlif futbol mədəniyyətlərini tanımağı sevirsiniz?

- Elə də deməzdim. Hərdən deyirlər ki, əlindəki sərçəni saxlamaq daha yaxşıdır, nəinki damdakı göyərçini. Mən həmişə seçimlərimi götür-qoy etmişəm. Bəzən nəticələr belə olub. Şotlandiyada kimsə desəydi ki, Cənubi Afrikaya gedəcəyəm, əsla inanmazdım. Amma həyat və şərait elə gətirdi ki, iki ildən sonra orada oldum. Mən kəşfçi ya da səyahətçi deyiləm.

- Amma sizin getdiyiniz ölkələrə baxanda belə düşünmək olar. Razısınız?

- Ola bilər. Amma unutmayaq ki, futbol yalnız Avropada oynanılmır. Həm də maliyyə tərəfi var. Azərbaycanda həm avrokuboklarda oynamaq, həm də yaxşı qazanmaq imkanı oldu. Futbol həyatı məni əvvəlcə Cənubi Afrikaya, indi isə Azərbaycana gətirdi.

- Artıq bir ildən çoxdur ki, Bakıda oynayırsınız. "Sabah"da 54 oyunda iştirak etmisiniz, 18 qol vurmusunuz, 3 dəfə ötürmə vermisiniz və kapitansınız. İlk başda sizi bura gətirən nə oldu və indi nə dərəcədə xoşbəxtsiniz?

- Çox razıyam. Rumıniyada "Sepsi" ilə müqaviləm başa çatırdı və biz sözləşməni uzatmaq barədə razılığa gəlmədik. Onlar mənə yalnız birillik müqavilə təklif etdilər, amma mən yaşımı nəzərə alaraq ən azı iki illik istəyirdim. Buna görə yollarımız ayrıldı. Yayda üç təklif aldım, onlardan biri "Sabah"dan idi. İlk gündən keçmiş baş məşqçi Krunoslav Renduliç və idman direktoru mənim klubda olmağımı istədilər. Ailəmlə birlikdə Misirə tətilə getdik, qayıdanda razılaşma hazır idi. Şərtlərim tam qəbul edildi. Məni cəlb edən məqam da Konfrans Liqasının 2-ci təsnifat mərhələsində oynamaq imkanı idi. Daha əvvəl "Sepsi" ilə "Bodo-Qlimt"ə qarşı oynamışdım və avrokubok ab-havası xoşuma gəlmişdi. Buna görə qərar vermək daha asan oldu.

- Ailəniz Bakıdakı həyata necə uyğunlaşıb?

 Çox yaxşı. Burada həyat yoldaşım və qızımla birgəyəm. Parklar, uşaq bağçaları, təmiz küçələr var. Təhlükəsizlik yaxşıdır. Sadəcə, Slovakiya məhsulları üçün darıxırıq. Amma biz bir neçə ölkədə yaşamışıq, hər yerdə uyğunlaşmışıq. Onsuz da bu, əbədi deyil.

- Burada nəyə alışmaq sizin üçün çətin oldu?

- Yayda dəhşətli istiyə. Çöldə qalmaq mümkün olmur. Yollarda isə inanılmaz tıxaclar var və sürücülər piyada keçidində dayanmağa öyrəşməyiblər (gülür). Həmçinin, komanda yoldaşlarımız ibadət etməyi bitirənə qədər gözləməli oluruq.

- Sabah klubu cəmi 8 il əvvəl yaranıb. İnfrastruktur, şərait və stadion sizi qane edir?

- Çox qane edir. Tamamilə yeni məşq mərkəzimiz var, Avropanın ən yaxşı 5 liqasının klublarına da yaraşar. Stadionumuz da gözəl və rahatdır.

- Bəs klubun hədəfləri nələrdir?

- Ən yüksək pillələrə çıxmaq, "Qarabağ"la mümkün qədər böyük rəqabət yaratmaq. "Qarabağ" burada dominantdır, amma "Sabah" onların əsas rəqibi olmaq istəyir. Məqsədimiz onları taxtdan salmaqdır.

- Sabahın heyətinin dəyəri təxminən 15 milyon avrodur. Bu, Slovakiya klublarından çoxdur. Keyfiyyəti necə qiymətləndirirsiniz?

- "Qarabağ" bu mövsüm Çempionlar Liqasının Liqa mərhələsində oynayır və Lissabonda "Benfika"nı məğlub etdilər. Bu, göstərir ki, Azərbaycanda futbola böyük vəsait yatırılır. Klublar keyfiyyətli oyunçular gətirirlər. Məncə, yaxın vaxtlarda azərbaycan klublarını avrokuboklarda müntəzəm görəcəyik.

- Ötən mövsüm Azərbaycan Kubokunun finalında "Qarabağ"ı məğlub etdiniz, siz də qol vurdunuz və kuboku kapitan kimi qaldırdınız. Bu, sizin üçün nə deməkdir?

- "Sabah" üçün ilk kubok idi. Mənim üçün böyük sevinc oldu, xüsusən də kapitan kimi. Afrikada 3, Rumıniyada 2 kubok qazanmışdım. Fərdi statistika yaxşıdır, amma komanda uğuru daha dəyərlidir. Kapitan və əcnəbi oyunçu kimi bunu yaşamaq çox qürurvericidir.

- "Qarabağ"ın "Benfika"nı Lissabonda məğlub etməsini ölkədə necə qarşıladılar?

- "Qarabağ" hər il avrokubokların əsas mərhələsində olur. Avropada bəlkə də çox diqqət çəkmir, amma burada böyük dəstək görür. Onların heyəti uzun illərdir sabitdir, baş məşqçi Qurban Qurbanov 2008-ci ildən bəri komandadadır. Sistemləri dəyişməyib, yalnız 1-2 oyunçu alırlar və yaxşı maaş verirlər. Bu da onlara uğur gətirir.

- Artıq 8 ildir Slovakiyada oynamırsınız. Qayıdış nə vaxt olacaq?

- Təxminən 1–1,5 il daha xaricdə oynadıqdan sonra Slovakiyaya qayıtmaq istəyirəm.

- Slovakiya liqasını izləyirsinizmi?

- Bəli, diqqətlə izləyirəm. Görürəm ki, liqa ilə bağlı işlər irəliləyib. Proqramlar, oyunçu mükafatları, fəaliyyətlər. Çempionat daha cəlbedici olub. Ümid edirəm, bu istiqamətdə davam edəcək.

- Sizin doğulduğunuz şəhər Svidnik olsa da, böyük futbola "Tatran Preşov"da başlamısınız. Onların yeddi ildən sonra liqaya qayıdışını və yeni stadiondakı atmosferi necə qiymətləndirirsiniz?

- Fantastikdir. Liqa, futbol və Preşov şəhəri üçün böyük hadisədir. Preşovun futbol tarixi var, indi isə müasir stadionu da var. Slovak futbolunun mozaikasına çox gözəl bir parça əlavə edilib. Ümid edirəm, stadionlarda azarkeşlər daha çox olacaq, oyunlar emosional keçəcək. Necə ki, "Koşiçe" - "Preşov", "Slovan" - "Trnava" derbilərində olduğu kimi. Futbolun öz ruhu olmalıdır.

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
9
1
sportal.az

2Источники