RU

Ölkəmizdəki dini konfessiyaların nümayəndələri Anım Gününü qeyd ediblər - FOTOLAR

“Vətən uğrunda həlak olmuş qəhrəmanlarımızın əziz xatirəsi qəlbimizdə hər zaman yaşayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin”. Bu sözlər bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında toplaşan Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərlərinin və icma üzvlərinin dilindən səslənib. Hər bir dini konfessiya rəhbəri öz dini inanc və ayininə uyğun şəkildə Vətən müharibəsi şəhidlərini yad edib, onların ruhları üçün dualar oxunub.

QMİ-nin mətbuat xidmətindən bildirilib ki, multikultural Azərbaycanın dini liderləri monolit cəmiyyət olaraq Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən əziz şəhidlərimizi yüksək məqamlarına layiqli şəkildə yad ediblər. Vətən müharibəsi şəhidlərinin şərəfinə ehsan süfrəsi açılıb.

Şeyxülislam Allahşükür Paşazadə bildirib: “Bu gün xalqımızın, dövlətimizin tarixinin möhtəşəm ildönümüdür. Azərbaycan torpaqlarının 30 illik erməni işğalına son qoyan Vətən müharibəsinin başlanmasından beş il ötür. Tarixi ədalətin bərpası yolunda haqq savaşımızın tarixi hər bir azərbaycanlının şərəf günü, qürur mənbəyidir. 27 sentyabr – Anım günü tarixinin milli dirçəlişimizin, dövlətçilik qüdrətimizin, Vətən sevgisinin zirvəsi olaraq xalqın yaddaşında önəmi olduqca özəldir. Azərbaycan xalqı sentyabrın 27-də öz tarixinin ən böyük imtahanına daxil oldu. İllərlə həsrətində olduğu əzəli torpaqlarını işğalçıdan, öz milli-mədəni abidələrini əsarətdən azad etmək, məscidlərini həqarətdən, sərvətlərini talandan qurtarmaq yolunda haqq mübarizəsinə başladı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu haqqımızı özümüzə qaytarmaq, beynəlxalq hüququn tanıdığı, lakin təmin edə bilmədiyi ərazi bütövlüyümüzü bərpa etmək kimi şərəfli vəzifəni həyata keçirdi. Bu adil savaşda Vətən yolunda canından keçən qəhrəman şəhidlərimizə Uca Allah rəhmət eləsin, igid qazilərimizə şəfalar bəxş etsin!

Həmin günlərdə hər birimizin qəlbi Azərbaycanla, Azərbaycan əsgəri ilə birgə döyünürdü, 30 illik həsrətin bitəcəyinə inanırdıq. Əmin idik ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqı Qarabağda qələbə qazanacaq, sülh və ədalət bərqərar olacaq. Din xadimlərimiz həmin taleyüklü günlərdə gecəli-gündüzlü xalqın yanında oldular, əsgərlərimizə, onların ailələrinə və yaxınlarına dini-mənəvi xidmət göstərdilər. Müxtəlif dinlərə mənsub Vətən müharibəsi şəhidlərimizin dəfn mərasimlərinə birgə qatıldıq, müsəlman, katolik, pravoslav, yəhidi - fərq qoymadan birlikdə iştirak etdik. Bu gün də biz yenə birlikdə qəhrəman şəhidlərimizi yad edirik. Azərbaycan dövlətinin qüdrəti sarsılmazdır və müdrik dövlətçilik xətti davam etdikcə zəfərlərimiz davam edəcəkdir. Azərbaycan din xadimləri, bütün dindarlarlarımız Zati-aliləri Prezident İlham Əliyev cənablarının hər zaman yanındadırlar, qalibiyyətli siyasi xəttini hər zaman dəstəkləyirlər və onun üçün həmişə dualar edirlər”.

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə müsəlman din xadimləri və ölkəmizdə fəaliyyət göstərən digər dini konfessiyaların nümayəndələri Vətən şəhidlərinin Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər Parkını ziyarət ediblər.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası yolunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurasının hazırladığı tədbirlər planına uyğun olaraq Anım günü ilə əlaqədar ölkə ərazidindəki məscid, kilsə və sinaqoqlarda Vətən savaşında canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirələri anılıb, dualar edilib.

Din xadimləri bu günlərdə Bakıda və bölgələrimizdəki şəhid ailələrini ziyarət edib, 44 günlük döyüşdə və antiterror əməliyyatı zamanı yaralanan qazilərə baş çəkiblər.

“Cebheinfo.az”

Избранный
4
5
cebheinfo.az

6Источники