RU

Prezidentin BMT manifesti – dünyaya Azərbaycan mesajı

Yaxud qalib dövlətin ümumi sülh və bəşəri ədalət çağırışı

“Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq”. Bu fikir Prezident İlham Əliyevin sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışının son cümləsidir. Ümumi şəkildə yanaşsaq, dövlətimizin başçısının nitqi Azərbaycanın dünya üçün vacibliyi manifesti idi. Bu manifest son dərəcə əsaslandırılmış şəkildə bəyan edildi.

İqtibasdakı fikrə gəlincə, əslində, Prezident İlham Əliyev 1991-ci ildən müstəqilliyinə qovuşsa da, işğallar, məhrumiyyətlər və çətinliklərlə üzləşmiş, lakin ruhdan düşməyərək öz amalları uğrunda əzmlə irəliləmiş ölkənin rəhbəri kimi dünyaya çağırış səsləndirdi. Yəni Azərbaycan ona görə vacib məmləkətdir ki, onun bəşəri sülh prioriteti var. Elə bir sülh ki, özündə həm ədaləti, həm də əməli addımların timsalında əməkdaşlığı və dərin işbirliyini cəmləşdirir. Amma şərtimiz var. “Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır”.

Mesaj aydındır: Heç kəs, heç bir dövlət Azərbaycanla diktə dilində danışa bilməz. Həm də ona görə danışa bilməz ki, ölkəmiz dünyanın mühüm nöqtələrindən sayılan Cənubi Qafqazda sülhü təmin edib. Deməli, ölkəmiz beynəlxalq aləm üçün məhz bu səbəbdən vacibdir. Çünki Azərbaycanın təmin etdiyi düzən özündə sülhü bəşəri faydaya çevirmək potensialını daşıyır. Amma keçmiş unudulmamalıdır. Elə 80-ci sessiyaya toplaşmış dövlətlərin təmsilçiləri də Prezident İlham Əliyevin bu fikrini yaddan çıxarmamalıdırlar: “Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam”.

Bəli, Prezident İlham Əliyev mötəbər kürsüdən həqiqətləri danışdı və otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizinin Ermənistanın işğalı altında qaldığını, bu ölkənin həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlının öz yurd-yuvasından didərgin salındığını, vətəndaşlarımızın fundamental insan hüquqlarının kobud şəkildə pozulduğunu bildirdi. Ən başlıcası isə dövlətimizin başçısı bütün bunlara dünya birliyinin etinasız yanaşdığını diqqətə çatdırdı.

Prezident Əliyevin Ermənistanın BMT-nin işğalın dayandırılmasına dair 4 qətnaməsini heçə saydığını vurğulaması fonunda gözlərimiz önündə təcavüzə haqq qazandırmaq, onu leqallaşdırmaq cəhdləri də canlandı. Daha doğrusu, ölkəmizin lideri keçmişi canlandırdı: “1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu isə öz missiyasını yerinə yetirə bilmədi. Onun həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə, status-kvonu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışdılar”.

Üzləşdiyi bütün riyakarlıqlara və ədalətsizliklərə baxmayaraq, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. 2020-ci ilin Vətən müharibəsi təkcə bu yoldakı mühüm mərhələ olmadı, həmçinin, xalqımızın həmin riyakarlıqlara və ədalətsizliklərə üsyanına çevrildi. Nəzərə alaq ki, 44 günlük müharibə başlayanda ölkəmizi, az qala, işğalçı və qəsbkar kimi təqdim etmək meyillərini görmüşdük. Bu sayaq təmayüllərə qarşı informasiya savaşı aparmışdıq. Nəhayət, indi Azərbaycan lideri BMT-dən haqq davamızı dünyaya ədalət prizmasından təqdim edir. Bu təqdimat yalnız sözlərdə ifadəsini tapan tezis deyil, böyük diktədir. Baxın, beş il əvvəl milli əzmimizi təzavüzkarlıq pəncərəsindən dəyərləndirməyə çalışanlar hazırda Prezident İlham Əliyevin səsləndirdiyi və ehkamlaşmış mahiyyət daşıyan bu fikirlərini dinləməyə, sadəcə, məhkumdurlar: “Otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi”.

Məlum olduğu kimi, Azərbaycan 44 günlük müharibədən, eləcə də lokal xarakterli antiterror tədbirlərindən sonra Ermənistana sülh əlini uzatmışdı. Prezident İlham Əliyev həm 2020-ci il noyabrın 10-da, həm də 2023-cü il sentyabrın 20-də xalqa müraciətində Cənubi Qafqazın tarixində yeni mərhələnin başlandığını elan etmişdi. Dövlətimizin başçısı dilə gətirdiyi fikirlərlə sülhün qarşılıqlı fayda kazusunu müəyyənləşdirmişdi. Xaricdəki havadarlarına arxalanan Ermənistan isə xeyli müddət Azərbaycanın barış gündəminə müqavimət göstərmişdi.

Nəhayət bu il avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə iki Cənubi Qafqaz ölkəsinin xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar ki, həmin sənədə Birləşmiş Ştatların dövlət başçısı şahid qismində imza atdı. Sülhün haqqında söz açdığımız qarşılıqlı fayda kazusuna gəlincə, Prezident İlham Əliyev BMT tribunasından regional bağlantıların davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil etdiyini vurğuladı: “Vaşinqton Sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”dur (TRIPP)”.

Əlbəttə, Vaşinqton sammiti Cənubi Qafqaz tarixində sülhə yol açan mühüm platformadır. Mövcud xüsusda region ölkələrinin Prezident Trampa təşəkkür payı var ki, onu dövlətimizin başçısı Azərbaycanın adından həm BMT tribunasından, həm də ali qurumun Baş Assambleyasının 80-ci sessiyası çərçivəsindəki rəsmi qəbulda bir daha bildirdi. Dövlətimizin başçısı çıxışında, həmçinin, Bakı–Vaşinqton münasibətlərində yeni mərhələnin başlandığını da bəyan etdi, Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunu da yüksək qiymətləndirdi.

Ancaq əməkdaşlığın daha səmimi şəkildə qurulması vacibdir. Bunun üçün keçmişin mənfi stereotiplərindən birdəfəlik uzaqlaşmaq lazımdır. Keçmiş isə həm də ölkəmizə qarşı böyük ədalətsizlik təmayülünü daşıyır. Söhbət Bakı–Vaşinqton əməkdaşlığından gedirsə, indiki halda diqqətlər Azadlığa Dəstək Aktına 907-ci düzəlişə yönəlir. Prezident İlham Əliyev çıxışında Birləşmiş Ştatların dövlət başçısı D.Trampın 1992-ci ildə qəbul olunmuş həmin düzəlişin icrasını dayandırmasına dair qərarını tarixi addım kimi qiymətləndirməklə kifayətlənmədi, eyni zamanda, gələcək əməkdaşlıq üçün etimad prioritetini açıqladı. Dövlətimizin başçısı dolayısı ilə mesaj verdi ki, ABŞ-ın Azərbaycana qarşı təzyiq məntiqini daşıyan heç bir rıçaqı olmamalıdır: “ABŞ Konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi ikili standartların mirasına son qoymaqla, Azərbaycanın qlobal təhlükəsizlik və sabitliyə töhfə verdiyi bir dövrdə etimad və əməkdaşlığı möhkəmləndirərdi”.

Prezident İlham Əliyevin BMT-dəki çıxışında ifadəsini tapan daha bir məqama diqqət yetirək. Ölkəmiz lideri bildirdi ki, Azərbaycan işğalı aradan qaldırmaq mətanəti ilə bərabər, təzavüzdən qurtardığı torpaqlarına sahiblənmək əzmi ilə də dünyaya nümunədir. Nəzərə alaq ki, cənab Əliyev “Böyük Qayıdış” Proqramı çərçivəsində 50 mindən çox insanın azad edilmiş torpaqlarda yaşayıb işlədiyini və təhsil aldığını təsadüfən vurğulamır. Postmünaqişə dövründə Ermənistanın mina terrorunun yaratdığı təhlükələri, bu təhlükələrin köçkünlərin təhlükəsiz qayıdışına və bərpa layihələrinin həyata keçirilməsinə əngəl törətdiyini, 1990-cı illərin əvvəllərindən bəri Ermənistanın təcavüzü və işğalı zamanı itkin düşmüş dörd minə yaxın azərbaycanlının faciəli tale yaşadığını da həmçinin. Bunlar ciddi problemlərdir. Yəni dövlətimizin başçısı deyir ki, bütün çətinliklərə rəğmən, Azərbaycanın qlobal çağırışlara cavab tədbirləri inklüziv, ədalətli və ümumbəşəri mahiyyət daşıyır.

Prezident İlham Əliyevin çıxışında bildirdiyi kimi, ölkəmiz bir çox təşəbbüslərlə dayanıqlı həll variantlarının təşviqinə aydın sadiqliyini göstərib. Dövlətimizin başçısının bu baxımdan üzərində dayandığı ilk məqam Bakının ötən il iqlim fəaliyyəti, yaşıl keçid və maliyyəyə ədalətli çıxış məsələlərində mühüm nəticələr əldə olunmuş COP29-a ev sahibliyini uğurla reallaşdırmasıdır. “COP29-un ev sahibi kimi bütün tərəflərin, xüsusən də inkişaf etməkdə olan ölkələrin səslərinin eşidilməsini təmin etməklə, iddialı və balanslı nəticələrə yönəlmiş danışıqlara rəhbərlik etdik”, - deyən ölkəmizin lideri COP29-da qəbul edilmiş və Bakı Maliyyə Hədəfi kimi tanınan Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) qlobal iqlim maliyyəsində tarixi mərhələ olduğunu vurğulayıb. Əlbəttə, Prezident Əliyevin mövcud xüsusda konkret mesajı da var: “Yaşıl keçidə ciddi şəkildə sadiq qalmaqla yanaşı, qarşımıza real olmayan hədəflər qoymamalıyıq. Dünya bu gün və yaxın gələcəkdə mədən yanacaqları olmadan yaşaya bilməz”.

Azərbaycan enerji təhlükəsizliyini özündə ehtiva edən sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli məqsədlərin qlobal səviyyədə irəlilədilməsində fəal rol oynamaqdadır. Ayrıca onu da deyək ki, ölkəmiz bir çox ölkələrin enerji təhlükəsizliyinin təminatında özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. Azərbaycan, habelə, şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji missiya daşıyır. “Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Bununla Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur. Bu, Avropada və onun hüdudlarından kənarda enerji təhlükəsizliyinin təmin edilməsində və təchizat marşrutlarının şaxələndirilməsində bizim strateji rolumuzu əks etdirir. Bundan əlavə, son vaxtlar Azərbaycan və Suriya enerji təchizatı, infrastrukturun inkişafı və münaqişədən sonra yenidənqurma işlərinə diqqət yetirərək ikitərəfli tərəfdaşlığı gücləndirib. Bu ilin avqust ayından Azərbaycan Türkiyə ərazisindən Suriyaya təbii qaz tədarük etməyə başlayıb və bununla da ölkənin elektrik enerjisi çatışmazlığını əhəmiyyətli dərəcədə azaldıb”, - deyən Prezident İlham Əliyev 2030-cu ilədək ölkəmizin enerji istehsalının təxminən 40 faizinin bərpaolunan mənbələr hesabına təmin ediləcəyinin anonsunu verir.

Beləliklə, Şərq–Qərb və Şima–Cənub dəhlizləri kimi mühüm bağlantı layihələrinin ərazisindən keçdiyi Azərbaycan yükdaşımalarda təqribən 90 faiz artıma malik Orta Dəhliz boyu tranzit müddətlərinin əhəmiyyətli dərəcədə azalmasına səylər göstərir, beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevrilir, özündə rəqəmsal bağlantılar sahəsində əməkdaşlıq üçün böyük potensial daşıyır, “Rəqəmsal İpək Yolu” kimi əhəmiyyətli layihə vasitəsilə rəqəmsal transformasiya təşəbbüsünü irəlilədir, iqtisadiyyatını şaxələndirir, qeyri-neft sektorunun inkişafına, islahatlar və şəffaflıq vasitəsilə investisiya mühitinin yaxşılaşdırılmasına diqqət yetirməklə, mühüm iqtisadi artıma nail olur. Görülülən tədbirlər həm də ölkəmizdə yoxsulluğun və işsizliyin tarixi minimum həddə – 5 faizə enməsinə gəririb çıxarır.

Prezident İlham Əliyev BMT tribunasından bütün bunları, o cümlədən xarici borcumuzun azalmasını, valyuta ehtiyatlarımızın xarici borcumuzdan təxminən 16 dəfə artıqlığını müstəsna nailiyyət kimi qiymətləndirməklə yanaşı, Azərbaycanın qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyduğunu, təbii fəlakətlərdən, münaqişələrdən və səhiyyə sahəsində böhranlardan zərər çəkən ölkələrə yardım göstərdiyini, COVID-19 pandemiyasına qarşı cavab tədbirləri istiqamətində təşəbbüskarlığını qabardır.

Sonda əvvəldə diqqətə çatdırdığımız məqama qayıdaq. Bəli, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışına nəzərən gəldiyimiz qənaət odur ki, dövlətimizin başçısı Azərbaycanı, belə demək mümkünsə, dünya üçün vaciblik pəncərəsindən təqdim edir və fikrini dolğun şəkildə əsaslandırır. Nəhayət “Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu”, - deyən ölkəmizin lideri Vətənimizin yeni bir dövrə qədəm qoyduğunu bəyan edir. Nailiyyətlərlə dolu dövrə. Prezident İlham Əliyevin mötəbər kürsüdən verdiyi ən böyük mesaj isə budur: Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız ölkəmizin özünün qələbəsi və uğuru deyil, eyni zamanda beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur. Azərbaycan öz təcrübəsini paylaşmağa hazırdır. Ona görə hazırdır ki, ədalətsizliklər, ikili yanaşmalar və riyakarlıqlar aradan qalxsın, ölkələr və xalqlar arasında səmimi münasibətlər qərarlaşsın. O səbəbdən hazırdır ki, dünyada inkişaf, tərəqqi və sülh olsun.

Əvəz CAHANGİROĞLU
XQ

Избранный
24
50
xalqqazeti.az

10Источники