RU

Ombudsman: Kiberzorakılıq kimi ciddi risklərin meydana çıxması təhlükəsi artıb

ain.az, Apa.az saytına istinadən bildirir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın APA-ya müsahibəsi

- 28 sentyabr Ümumdünya İnformasiya Əldə Etmək Azadlığı Günüdür. İnformasiya əldə etmək hüququ ilə bağlı fikirləriniz bilmək istəyərdik.

- 10 dekabr 1948-ci il tarixdə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu Maddəsinə əsasən hər kəsin əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququ var. Bu hüquqa maneəsiz olaraq öz əqidəsində qalmaq azadlığı və istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir.

Ölkədə və dünyada baş verən proseslərdən xəbər tutmaq vətəndaşların ən mühüm ehtiyaclarındandır və hər bir fərdin onun üçün maraqlı və əhəmiyyətli olan informasiyanı əldə etmək hüququ vardır. Burada informasiya dedikdə yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar nəzərdə tutulur.

İnformasiya əldə etmək hüququ insan hüquqlarının ayrılmaz hissəsidir, çünki bu hüquq imkan verir ki, vətəndaş digər hüquqları barədə də məlumatlı olsun və onlardan istifadə edə bilsin. Bu səbəbdən də informasiya əldə etmək hüququ sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə təmin edilməlidir.

- Bu hüququn beynəlxalq miqyasda tanınması ilə bağlı hansı mühüm qərarlar qəbul edilib?

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 16.10-cu bəndi fundamental hüquq olaraq informasiya əldə etmək hüququnun beynəlxalq sazişlərə və milli qanunvericiliyin tələblərinə müvafiq qaydada təmin olunmasını nəzərdə tutur.

Təsadüfi deyil ki, 2015-ci il noyabrın 17-də Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) 28 sentyabr tarixini Ümumdünya İnformasiya Əldə Etmək Azadlığı Günü kimi elan etmişdir. Dünyada vətəndaş cəmiyyəti institutlarının və dövlət qurumlarının bu günü qeyd etdiyini nəzərə alaraq, BMT-nin Baş Assambleyası da 2019-cu ildə 28 sentyabr tarixini Ümumdünya İnformasiya Əldə Etmək Azadlığı Günü kimi qəbul etmişdir.

Bu il bütün dünyada UNESCO tərəfindən 28 sentyabr tarixinin Ümumdünya İnformasiya Əldə Etmək Azadlığı Günü kimi elan edilməsinin 10 illiyi qeyd edilir və biz hesab edirik ki, hər kəs üçün bu hüququn əhəmiyyətini vurğulamaq, həm dövlət qurumlarının, həm də vətəndaşların diqqətini sözügedən sahədə mövcud olan problemlərin həllinə yönəltmək üçün bu, bir fürsətdir.

Bütün dünyada olduğu kimi, ölkəmizdə də ictimai əhəmiyyət daşıyan informasiyanın açıqlığının, əlçatanlığının və hər bir insanın informasiya əldə etmə hüququnun təmin edilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirilir.

- Azərbaycanda söz və məlumat azadlığına göstərilən dövlət dəstəyini necə qiymətləndirirsiniz?

- Azərbaycanda söz və məlumat azadlığının müdafiəsinin dövlət siyasətinin tərkib hissəsi kimi qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin bilavasitə müəllifi olduğu Azərbaycan Respublikasının ilk Konstitusiyasının 1995-ci il noyabrın 12-də qəbul olunması demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün hüquqi baza rolunu oynadı, dövlətin gələcək inkişafına təkan verdi və ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını qoydu.

Həmin prinsiplər və ənənələr bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin imzaladığı müvafiq sərəncamlar, qəbul edilmiş milli fəaliyyət planları və proqramları, milli strategiyalar insan hüquqlarının, o cümlədən informasiya əldə etmək hüququnun daha səmərəli təmininə xidmət edir.

Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü, həmçinin ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün və suverenliyinin tam olaraq bərpa edilməsini nəzərə alaraq, ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu, Azərbaycan dövlətçiliyinin əsaslarını möhkəmləndirmək, daha da dərindən dərk etmək və gələcək nəsillərə ötürmək, hüquqi sistemin daha da təkmilləşdirilməsi və ölkənin müstəqillik yolunda qazandığı uğurları vurğulamaq məqsədini daşıyır.

Konstitusiyanın əsas hədəflərindən birini Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması təşkil edir və dövlət başçısının rəhbərliyi altında bölgədə sülh və sabitlik təmin olunmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi hər kəsin fikir və söz azadlığını, 50-ci maddəsi isə hər kəsin qanuni yolla istənilən məlumatı axtarmaq, almaq, ötürmək, istehsal etmək və yaymaq hüququnu bəyan edir. Bu gün ölkəmizdə Konstitusiyada təsbit olunmuş məlumat əldə etmək azadlığının daha səmərəli təmin edilməsi istiqamətində mühüm işlər görülür, kompleks hüquqi islahatlar həyata keçirilir. Həmçinin bu sahədə mövcud beynəlxalq sənədlər ratifikasiya edilmiş, zəruri qanunvericilik bazası yaradılıb.

Belə ki, informasiya əldə etmək haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “İnformasiya əldə etmək haqqında”, “Media haqqında”, “Məlumat azadlığı haqqında”, “Fərdi məlumatlar haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunlarından və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Ən aktual məsələlərdən biri vətəndaşların dövlətin həyatında iştirakının təmin edilməsidir. Bu iştirak seçkilər, referendum və başqa formalarda da həyata keçirilir, lakin vətəndaşın dövlət həyatında faktiki olaraq iştirakının təmin edilməsinin ən yüksək mexanizmi informasiya əldə etmək azadlığıdır.

- Azərbaycanda informasiya əldə etmək hüququnun milli səviyyədə tənzimlənməsi necxə həyata keçirilir?

- Dünyanın bir çox ölkələrində bununla bağlı qanunlar qəbul edilib. Azərbaycan da onların sırasındadır. Açıq cəmiyyət və demokratik hüquqi dövlət prinsiplərinə əsaslanaraq 30 sentyabr 2005-ci ildə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur. Bu Qanunun 2-ci maddəsinə görə, “Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir”.

Başqa sözlə, hər bir şəxs informasiya sahibləri olan dövlət orqanlarının, bələdiyyələrin, ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin, o cümlədən publik hüquqi şəxslərin, həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi və fiziki şəxslərin fəaliyyəti, ölkənin taleyüklü məsələləri üzrə gördüyü işlər barədə məlumat almaq imkanına malik olmalı, informasiyaları ən qısa zamanda və ən münasib üsulla əldə etməlidir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi vətəndaşların dövlətin idarə olunmasında iştirakını təmin edir, həmçinin korrupsiyaya qarşı mübarizədə mühüm qanunvericilik aktı hesab olunur.

İnformasiya sahiblərinin əsas vəzifəsi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu qanunla müəyyənləşdirilmiş qaydada təmin etməkdir, informasiya sorğularına tam və çevik cavab verməkdir və açıqlamalı olduqları ictimai informasiyanı qanunla müəyyənləşdirilmiş qaydada və müddətdə açıqlamaqdır. İnformasiya əldə etmək hüququnun pozulmasına görə informasiya sahibləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

- Ombudsmanın informasiya əldə etmək hüququnun təminində rolu nədən ibarətdir?

- Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili öz növbəsində ölkəmizdə həyata keçirilən islahatlara dəstək verir və informasiya əldə etmək hüququnun müdafiəsi, təbliği və təmini sahəsində geniş fəaliyyət həyata keçirir.

Müvəkkil “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, informasiya sahibi olan dövlət orqanlarının, bələdiyyələrin, publik hüquqi şəxslərin, onların vəzifəli şəxslərinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir. 2023-cü ildə bu Qanuna edilən dəyişikliklərlə Ombudsmanın səlahiyyətləri daha da genişləndirilib.

Müvəkkilin bu sahədə qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərinin icrası məqsədilə 2020-ci ildə Ombudsman Aparatında İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsi yaradılmış və səmərəli fəaliyyət göstərir. Şöbə informasiya əldə etmək hüququnun pozulması ilə bağlı daxil olan müraciətlərin baxılması və cavablandırılması, bu hüququn təbliği və təşviqi, monitorinqlərin həyata keçirilməsi və təhlillərin aparılması, qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması, beynəlxalq əməkdaşlıq və informasiya əldə etmək hüququnun təmin edilməsi məqsədilə digər istiqamətlərdə geniş fəaliyyət göstərir.

Müraciətlərin daha operativ şəkildə yerində araşdırılması məqsədilə ölkə ərazisində Müvəkkilin 4 regional mərkəzi fəaliyyət göstərir. Ombudsmanın regional mərkəzlərinin işi təkmilləşdirilmiş, yeni strukturu və dislokasiyası təsdiq edilmiş, işğaldan azad edilmiş ərazilərimizi əhatə edən yeni regional mərkəzin yaradılması isə gələcək addımlar sırasındadır. Həmçinin Ombudsmana əlçatanlığını təmin etmək məqsədilə 916 nömrəli Çağrı Mərkəzi məlumat və müraciətlərin qəbulu üçün 7/24 rejimində fəaliyyət göstərir. Məqsədimiz ölkədə informasiya əldə etmək üçün vətəndaşlara bərabər imkanların yaradılmasına nail olmaq və neqativ halların baş verməsinə şərait yaradan halları aradan qaldırmaqdır.

Müvəkkil tərəfindən informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlərdə əks olunmuş hallar araşdırılır, pozuntu hallarının aradan qaldırılması üçün müvafiq səlahiyyətli qurumlara sorğular göndərilir, zərurət yarandıqda əlavə sənədlər toplanılır.

Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks olunmuş halları 10 iş günü ərzində araşdırır, lakin şikayət dəqiqləşdirmə tələb edirsə və ya şikayəti araşdırmaq üçün əlavə izahat və sənədlər toplamaq lazımdırsa, şikayətçiyə bu barədə yazılı məlumat verməklə, şikayətə baxılması müddətini əlavə olaraq 10 iş gününə qədər uzada bilər.

“İnformasiya əldə etmək haqqında” qanuna əsasən, informasiya sahibi tərəfindən informasiya əldə etmək hüququnu təmin etmək məqsədi ilə müvafiq struktur bölmə yaradılmalı və ya informasiya məsələləri üzrə vəzifəli şəxs təyin edilməlidir. Bundan başqa, hər bir dövlət qurumunda elektron məlumat toplusu (reyestr) yaradılmalı və informasiya sahiblərinin apardıqları fəaliyyət və onun nəticələri barədə məlumatlar rəsmi internet səhifələrində yerləşdirilməlidir.

Müvəkkil informasiya sahibi tərəfindən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilib-edilmədiyini, informasiya sorğusunun qeydiyyata alınmasını, sorğunun qanunla nəzərdə tutulmuş qaydada, müddətdə və üsulla təmin edilməsini, informasiya sorğusunun icrasından imtinanın qanunun tələblərinə uyğun olmasını, ictimai informasiyanın açıqlanması vəzifəsinin dəqiq və tam həcmdə yerinə yetirilməsini, internet informasiya ehtiyatının yaradılması vəzifəsinin yerinə yetirilməsini aydınlaşdırır. Bu baxımdan mövcud şəraitə uyğun olaraq dövlət qurumları tərəfindən rəsmi internet səhifələrindəki onlayn müraciət bölmələrinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunlaşdırılması da zəruridir.

Ombudsman informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlə bağlı informasiya sahibindən pozuntuların aradan qaldırılmasını tələb edir və Müvəkkilin göstərişini aldıqdan sonra informasiya sahibi 10 iş günü müddətində görülən tədbirlər barəsində ona yazılı məlumat verməlidir. Həmçinin Müvəkkil informasiya sahiblərindən zəruri məlumatları (sənədləri, materialları) və ya onların surətlərini tələb edə bilər. Həmin məlumatlar 5 iş günü müddətində Müvəkkilə təqdim edilməlidir. Ombudsmanın göstərişini aldıqdan sonra informasiya sahibi məlumatı vermədiyi və ya Müvəkkilin tələblərini yerinə yetirmədiyi hallarda Müvəkkil müvafiq yuxarı orqana müraciət edir.

Eyni zamanda, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 may 2017-ci il tarixli, 1361 saylı Fərmanına uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 371 – 374, 381.2, 381.3 və 554-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili adından – İnsan Hüquqları üzrə Müvəkkil, onun Aparatının rəhbəri, Aparat rəhbərinin müavini tərəfindən protokol tərtib olunur. İnformasiya əldə etmək hüququnun pozulması müəyyən edildiyi hallarda inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti məhkəmələrə göndərilir, nəticədə informasiya sahibləri barəsində inzibati tənbeh tədbirlərinin tətbiqinə dair qərarlar qəbul edilir.

Lakin qeyd edilməlidir ki, əgər şikayət anonimdirsə, informasiya sahibinin fəaliyyəti barəsində konkret məlumat olmadıqda, təkrar, əsassız və ya qərəzli olduqda, həmin iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varsa, ərizəçi informasiya sahibinin informasiya əldə etmək üçün yaratdığı imkanlardan kifayət qədər səmərəli istifadə etmədikdə və bəzi digər hallarda informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılmır.

- Cəmiyyətimizdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, insan hüquqları, o cümlədən informasiya əldə etmək hüququ sahəsində hansı işlər görülür?

- İnformasiya sorğularının informasiya sahibləri tərəfindən düzgün təmin edilməsi üçün “İnformasiya əldə etmək haqqında” qanunun müddəaları dərindən öyrənilməli və tətbiq edilməlidir. Bunun üçün Ombudsman Aparatı tərəfindən paytaxt və regionlarda informasiya sahibləri və vətəndaşlar üçün müntəzəm olaraq geniş hüquqi maarifləndirmə işi aparılır, müxtəlif tədbirlər, təlimlər və seminarlar keçirilir. Təlimlərdə informasiya əldə etmək azadlığı, informasiya sahibləri və sorğuçuların hüquqları, qanunda göstərilmiş digər maddələr haqqında ətraflı məlumat verilir, informasiya əldə etmək hüququnun müdafiəsi və təmini ilə bağlı təqdimatlar edilir, insanlar arasında maarifləndirici çap vəsaitləri paylanılır.

Belə ki, vətəndaşların informasiya əldə etmək hüquqlarının səmərəli təmini və bu sahədə hüquq pozuntularının qarşısının alınması, müvafiq hüquqla bağlı nəzəri biliklərin və məlumatlılığın artırılması məqsədilə şöbə tərəfindən 9 buklet hazırlanıb. Vətəndaşlar üçün “İnformasiya əldə etmək hüququmuzu bilək!” adlı buklet, informasiya sahibi olan qurumlar üçün “İnformasiya əldə etmək hüququnu təmin edək!” adlı buklet, miqrantlar üçün "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin informasiya əldə etmək hüququ" adlı bukletlər (Azərbaycan, ingilis, rus və Ukrayna dillərində), media subyektləri və jurnalistlər üçün “Media subyektlərinin və jurnalistlərin informasiya əldə etmək hüququ” adlı buklet, "Right of access to information!" adlı broşür və "Implementation of the Law on Access to Information in Azerbaijan: The activities of the Commissioner for Human Rights (Ombudsman) of the Republic of Azerbaijan" adlı buklet hazırlanaraq çap olunmuş, geniş milli və beynəlxalq ictimaiyyət arasında yayılmış, həmçinin ölkəmizin 30-dan çox kitabxanalarına göndərilib.

Bukletlərdə informasiya, informasiya əldə etmək hüququ, informasiya sorğusu anlayışları, müvafiq qanunlardan irəli gələn müddəalar, informasiya sahiblərinin vəzifələri, informasiya sorğusu, onun təqdim edilmə üsulları, icra müddəti və imtina səbəbləri, informasiya sorğusunun icrasından imtina edilməsi və ya lazımınca icra olunmaması barədə şikayət verilməsi qaydaları, Ombudsman tərəfindən şikayətə baxılmasının xüsusiyyətləri və müvafiq protokol tərtib etmək səlahiyyətlərinə dair məlumatlar öz əksini tapıb. Məlumatlandırma baxımından bu vəsaitlər olduqca əhəmiyyətlidir.

Cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsinin, insan hüquqları, o cümlədən informasiya əldə etmək hüququ sahəsində məlumatlılıq səviyyəsinin artırılmasının mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq tərəfimdən informasiya əldə etmək hüququ haqqında maarifləndirici sosial videoçarx hazırlanaraq, müxtəlif televiziya kanallarında nümayiş olunaraq, geniş ictimaiyyətə təqdim edilib. Videoçarxda “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn müddəalar, informasiya sahiblərinin vəzifələri, informasiya sorğusu, onun icra müddəti, informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılmasının xüsusiyyətləri haqqında və Ombudsmanın müvafiq protokol tərtib etmək səlahiyyətlərini əks etdirən məlumatlara yer verilib.

Bundan başqa, şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq monitorinqlər keçirilir, dövlət qurumlarına sorğular göndərilir və cavabların təhlilləri aparılaraq mövcud çatışmazlıqların aradan qaldırılması üçün qanunvericiliyin dəyişilməsi ilə bağlı təkliflər hazırlanır. Ombudsman informasiya əldə etmək sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təklif və tövsiyələrini davamlı olaraq aidiyyəti qurumlara təqdim edir. Bu sahədə dövlət qurumları, qeyri-hökumət təşkilatları, müvafiq beynəlxalq təşkilatlar, xarici ölkələrin milli insan hüquqları institutları ilə səmərəli əməkdaşlıq edilir.

- İnformasiya əldə etmək hüququnun təmin edilməsi bu gün Azərbaycanda söz və mətbuat azadlılığının inkişafına necə təsir göstərir?

- İnformasiya əldə etmək hüququnun reallaşdırılması söz və mətbuat azadlığının da göstəricisidir. Bu il mətbuatımızın 150 illiyi qeyd edilir. Xalqımızın “Əkinçi” ilə başlanan milli özünüdərkində milli mətbuatımız müstəsna rol oynayıb. Bu gün Azərbaycanda müstəqil, peşəkar və özünəməxsus ənənələri olan mətbu orqanlar fəaliyyət göstərir. Mətbuat, söz və ifadə azadlığının Konstitusiya ilə tənzimlənməsi onların dövlət tərəfindən tanınması və qorunmasına, demokratiyanın dayanıqlı inkişafına zəmin yaradır, eyni zamanda, cəmiyyətin məlumatlı, iştirakçı və cavabdeh olmasını təşviq edir. Bu gün media müstəqil demokratik dövlətimizin, onun cəmiyyətinin aynası, aşkarlıq, sərbəst düşüncə, obyektiv ictimai rəy vasitəsidir. Azərbaycanda yüzlərlə media qurumu fəaliyyət göstərir, onlar cəmiyyət həyatının müxtəlif sferaları ilə bağlı informasiyalar əldə edir, işıqlandırır və insanların məlumatlandırılmasına xidmət edirlər.

Respublikamızda həyata keçirilən dinamik proseslərin cəmiyyətə çatdırılmasında, dolğun işıqlandırılmasında jurnalistlərin əməyi böyükdür. İctimai maraq kəsb edən məsələlər barədə məlumat yaymaq funksiyası medianın üzərinə düşür. Media subyektləri və jurnalistlər cəmiyyətdəki ictimai, siyasi, sosial və iqtisadi vəziyyət haqqında, dövlət orqanlarının, bələdiyyələrin, müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə düzgün informasiya almaq hüququna malikdirlər. Jurnalistlərə onları maraqlandıran məlumatları sərbəst şəkildə əldə etmək, toplamaq və yaymaq üçün normal şərait yaradılarkən informasiya əldə etmək hüququ gerçəkləşmiş olur.

Son illər rəqəmsal texnologiyalara sürətli keçid və bu sahədə digər innovasiyaların keyfiyyətcə yeni media mühitinin formalaşdırması fonunda dezinformasiya, nifrət nitqi, kiberzorakılıq kimi ciddi risklərin meydana çıxması təhlükəsi artıb. Bu səbəbdən media sahəsində fəaliyyət həm hüquqi, həm də etik çərçivələrlə tənzimlənməli, insan hüquqlarına hörmət və riayət edilməsi prinsipləri ilə uzlaşdırılmalıdır.

Bu baxımdan, Ombudsman tərəfindən media ilə geniş əməkdaşlığa, media subyektləri üçün insan hüquqları üzrə tematik təlimlərin təşkilinə, media savadlılığının artırılması üzrə birgə tədbirlərin gücləndirilməsinə mühüm yer verilir. İnanırıq ki, bütün dövlət orqanlarının media ilə əməkdaşlığının daha sıx və əlaqəli formada qurulması ölkəmizin davamlı inkişafı prosesinə, ölkədə insan hüquq və azadlıqlarının, o cümlədən informasiya əldə etmək hüququnun daha səmərəli təmininə mühüm töhfə verəcək.

İnformasiya əldə etmək hüququnun müdafiəsi sahəsində fəaliyyətimizlə bağlı məlumatları geniş əhali kütləsinə çatdırmaq məqsədi ilə pres-relizlər hazırlanır, mətbuatda məqalələr dərc edilir, televiziyaya müsahibələr verilir. Həmçinin məlumatların çevik və effektiv şəkildə əhaliyə, media subyektlərinə çatdırılmasını təmin etmək üçün “Facebook”, “X”, “Instagram” və “Telegram” sosial şəbəkələrindən də istifadə olunur.

Eyni zamanda, onu da diqqətə çatdırmaq istərdim ki, uşaq hüquqlarının müdafiəsi və təbliği Ombudsmanın fəaliyyətində əsas istiqamətlərdən biridir. Uşaqların mənafelərinin hər zaman üstün tutulmasının, onların sağlam psixoloji mühitdə böyüməsinin dövlətin, cəmiyyətin və hər bir fərdin birgə vəzifəsidir. Uşaqların mənafelərinə uyğun olmayan paylaşım və fəaliyyətlər onların psixoloji inkişafına və təhlükəsizliyinə mənfi təsir göstərməklə yanaşı, şəxsi həyatın toxunulmazlığı prinsipini pozur və istismar riskini artırır.

Media subyektlərində, sosial şəbəkələrdə uşaqlarla bağlı hər hansı materialın yayılmasından öncə bunun səbəb ola biləcəyi nəticəyə mütləq diqqət yetirilməli və uşağın şəxsi və ailə həyatına, şərəf və ləyaqətinə hörmət edilməlidir. Hazırlanan materialın məzmunu uşaqların hüquq və azadlıqlarına zidd olmamalı, onların qanuni mənafelərinə uyğun şəkildə istifadə edilməlidir. Bununla yanaşı, uşaqlar üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə də şərait yaradılmalıdır.

- Bu sahədə beynəlxalq əməkdaşlıq olduqca önəmlidir. Bu istiqamətdə hansı fəaliyyət həyata keçirilib?

- Ombudsman informasiya əldə etmək hüququ sahəsində dövlət qurumları, bir sıra regional və beynəlxalq qeyri-hökumət təşkilatları, xarici ölkələrin milli insan hüquqları təsisatları ilə səmərəli əməkdaşlıq əlaqələri qurmuş və hal-hazırda da bu əməkdaşlığı davam etdirməkdədir. Belə ki, 2023-cü ildə Ombudsman təsisatı informasiya əldə etmək hüququnun təmin edilməsi sahəsində böyük nüfuza sahib olan, ictimai məlumata çıxışın müdafiəsini və təşviqini həyata keçirmək məqsədilə Avropa, Asiya, Afrika, Amerika və Okeaniyanın bir çox ölkələrinin informasiya ombudsmanlarını, habelə bu sahədə fəaliyyət göstərən digər qurumları özündə birləşdirən İnformasiya Komissarlarının Beynəlxalq Konfransının (International Conference of Information Commissioners - ICIC) institusional üzvü seçilmişdir.

Müvəkkilin və Aparatın əməkdaşlarının da iştirak etdiyi və bu sahədə mövcud müsbət təcrübələri paylaşmaq məqsədilə Manila, Tirana, Berlin şəhərlərində ICIC tərəfindən keçirilən Beynəlxalq Konfranslarda Azərbaycanda informasiya əldə etmək hüququnun təmini məqsədilə həyata keçirilən ardıcıl tədbirlər və Ombudsmanın bu sahədə səmərəli fəaliyyəti barədə geniş məlumat verilmişdir.

Bu beynəlxalq tədbirlərdə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində minlərlə soydaşımızın itkin düşməsi və bu günədək taleləri haqqında hər hansı bir məlumatın verilməməsi, həmçinin işğaldan azad edilmiş ərazilərimizdəki mövcud mina probleminin həlli üçün mina xəritələrin verilmədiyi də diqqətə çatdırılmışdır. Ermənistan tərəfindən törədilən ekoloji cinayətlər, faktaraşdırıcı missiyalara dair hesabatların nüsxələri ICIC-yə üzv dövlətlərin rəsmi şəxslərinə təqdim edilmişdir.

Bu gün ölkədə informasiya təhlükəsizliyinin təmin olunması da mühüm məsələdir. Milli informasiya məkanının qorunması, dezinformasiyanın qarşısının alınması, xarici təsirlərin neytrallaşdırılması üçün vətəndaşlar tərəfindən açıq informasiyanın əldə edilməsinin təmin olunması çox önəmlidir. Bir sözlə, sivil, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün, Azərbaycanın dünya informasiya məkanına daxil olması və müasir dövrün tələblərinə uyğun olaraq, cəmiyyətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsi mühüm əhəmiyyət kəsb edir. Lakin bu nailiyyətlərin əldə olunması, dəyərlərin qorunması və inkişaf etdirilməsi yalnız dövlətin deyil, hər bir vətəndaşın üzərinə düşən ortaq məsuliyyətdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
3
apa.az

8Источники