RU

Türkiyə universitetlərinin rektorlarından ibarət nümayəndə heyəti Qarabağ Universitetində olub

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Xankəndi, 28 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Xankəndi şəhərində səfərdə olan Türkiyənin Şərqi Anadolu bölgəsindəki universitetlərin rektorlarının və İğdır Azərbaycan Evinin rəhbərinin daxil olduğu nümayəndə heyəti Qarabağ Universitetində olub.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ziyarət çərçivəsində Qarabağ Universitetinin rektoru Şahin Bayramov nümayəndə heyəti ilə görüşüb. Qarabağ Universitetinin inzibati heyət üzvlərinin də iştirak etdikləri görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Ş.Bayramov Qarabağ Universitetinin başlıca fəaliyyət istiqamətləri, strateji hədəfləri və regional ekosistemin inkişafındakı potensial rolu barədə ətraflı məlumat verib. Dövlətin birbaşa diqqəti və dəstəyi ilə Qarabağ Universitetində aparılan quruculuq işlərindən bəhs edən rektor bu ali təhsil müəssisəsinin birillik fəaliyyəti ərzində əldə edilmiş nəticələri diqqətə çatdırıb və qardaş Türkiyə universitetləri ilə qarşılıqlı faydalı əməkdaşlığın önəmini vurğulayıb.

Nümayəndə heyəti üzvləri Azərbaycan–Türkiyə qardaşlığının bütün sahələrdə olduğu kimi ali təhsil müstəvisində də möhkəmlənməsinin vacibliyini vurğulayıblar. Qısa müddət ərzində Qarabağ Universitetində əhəmiyyətli dərəcədə inkişafı görməkdən məmnun olduqlarını bildirən Türkiyə universitetlərinin rektorları davamlı və sıx əməkdaşlığa hər zaman açıq olduqlarını ifadə ediblər.

Sonra əməkdaşlığın potensial istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, qısamüddətli və uzunmüddətli dövrlərdə əməkdaşlıq imkanları dəyərləndirilib, konkret əməkdaşlıq təkliflərinə dair ilkin razılıq əldə edilib.

Daha sonra, nümayəndə heyəti Qarabağ Universitetinin əsas tədris binasında, tələbə yataqxanalarında, İncəsənət fakültəsində, Qarabağ Universitetinin Klinikasında, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunda yaradılmış şəraitlə tanış olub və burada tətbiq olunan müasir ali təhsil proqramlarının məzmunu barədə ətraflı məlumat əldə edib.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibində İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar, İğdır Universitetinin rektoru Ekrem Gürel, Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu, Artvin Çoruh Universitetinin rektoru İbrahim Aydın, Ağrı İbrahim Çeçen Universitetinin rektoru İlhami Gülçin, Bolu İzzet Abant Baysal Universitetinin rektoru Mustafa Alişarlı, Ərzurum Texniki Universitetinin rektoru Bülent Çakmak, Van Yüzüncü Yıl Universitetinin rektoru Hamdullah Şevli təmsil olunub. Nümayəndə heyətini Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Şahin Camalov müşayiət edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
10
azertag.az

10Источники