37 yaşlı döyüşçü, keçmiş ikiqat UFC çempionu (66 kq və 70 kq çəki dərəcələrində) Konor Makqreqor oktagona qayıdışı ilə bağlı açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, irlandiyalı "SecondsOut" YouTube kanalına müsahibəsində bildirib ki, hazırda ABŞ prezidenti Donald Trampla danışıqlar aparır və növbəti döyüşünü 2026-cı ilin iyununda Ağ Evdə təşkil olunacaq UFC turnirində keçirməyi planlaşdırır.
“Bu dəfə mən UFC ilə öz adımdan danışıqlar aparmıram. Mən ABŞ-la İrlandiya adından danışıram. Bu, kifayət qədər qeyri-adi vəziyyətdir. Lakin prezident Donald Tramp və onun administrasiyası məni tam dəstəkləyir. Həqiqi bir şou keçirmək üçün səbirsizliklə gözləyirəm”.
Xatırladaq ki, Makqreqor son dəfə 2021-ci ilin iyulunda UFC 264 turnirində amerikalı Dastin Poryeyə ilk raundda ayaq zədəsi səbəbindən texniki nokautla uduzub. Onun peşəkar karyerasında ümumilikdə 22 qələbə və 6 məğlubiyyət var.