RU

PUTİN MOLDOVADA MƏĞLUB OLDU - Hakim partiya inamlı qələbə qazandı, sabiq prezident xalqı etiraza çağırır

Moldovada keçirilən parlament seçkilərinin nəticələri ölkənin siyasi gələcəyi üçün mühüm dönüm nöqtəsi kimi qiymətləndirilir.

Hurriyyet.az Qərb mediasına istinadla xəbər verir ki, səsvermə protokollarının 99,52 faizinin hesablanmasına görə, Prezident Maya Sandunun rəhbərlik etdiyi hakim “Fəaliyyət və Həmrəylik” Partiyası (PAS) inamlı qələbə qazanaraq 50 faizdən çox səs toplayıb. Bu nəticə Sandunun Avropa İttifaqına inteqrasiya kursuna geniş ictimai dəstəyin göstəricisi kimi şərh olunur.

İkinci yeri rusiyapərəst sosialistlər və kommunistlərin birləşdiyi “Vətənpərvər seçici bloku” tutub – onlar 24 faizdən artıq səs yığıb. Üçüncü pillədə isə Kişinyov meri İon Çebanın yaratdığı “Alternativa” bloku qərarlaşıb (təxminən 8 faiz).

Ümumilikdə, seçkilərdə 1,6 milyondan artıq vətəndaş iştirak edib ki, bu da seçicilərin 52 faizinə yaxındır. Hətta separatçı Dnestryanı bölgənin sakinləri üçün də 12 seçki məntəqəsi açılıb.

Moldovanın sabiq Prezidenti, Sosialistlər Partiyasının lideri İqor Dodon seçkilərin gedişində pozuntuların qeydə alındığını iddia edib. O, bütün siyasi qüvvələri 29 sentyabrda hökumət binası qarşısında mitinqə qatılmağa çağırıb. Dodon bəyan edib ki, aksiyada heç bir partiya simvolikasından istifadə olunmayacaq və tədbir dinc xarakter daşıyacaq.

Seçkilərdən öncə Maya Sandu xalqa müraciət edərək Avropa yönümlü partiyaları dəstəkləməyə çağırmışdı. O, Rusiyanı seçki prosesinə müdaxilədə ittiham edərək bildirmişdi ki, Moskva öz tərəfdarlarını hakimiyyətə gətirmək üçün “yüz milyonlarla dollar” xərcləyir. Rusiya isə bu iddiaları qəti şəkildə rədd edib və xarici ölkələrin seçkilərinə qarışmadığını bildirib.

Moldovada bu seçkilərin nəticələri ölkənin Avropa ilə inteqrasiya yolunu daha da möhkəmləndirəcək. Lakin sosialistlərin etiraz çağırışları, həmçinin Moskva amilinin kəskinləşməsi daxili siyasi mübarizəni gərginləşdirə bilər. Bu isə həm Kişinyovun Brüsselə yaxınlaşma prosesinə, həm də Dnestryanı məsələsində aparılacaq danışıqlara birbaşa təsir göstərəcək.

Избранный
38
50
hurriyyet.az

10Источники