RU

Nazir müavini: İqlim fəaliyyətinin sürətləndirilməsində üç əsas faktor rol oynayır

BAKI, 29 sentyabr. TELEQRAF

"İqlim məsələləri ilə uzun müddət məşğul olmaq mövzuya daha dərindən yanaşmaq üçün müəyyən təcrübə və tanışlıq tələb edir. Prosesin sürətləndirilməsi ilə bağlı birinci amil geosiyasətdir".

Teleqraf xəbər verir ki, bu barədə energetika nazirinin müavini Elnur Soltanov Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW 2025) deyib.

O qeyd edib ki, bu hökumətlərarası bir prosesdir və burada milli maraqlar mühüm rol oynayır:

“Dövlətlər bəzən qlobal məsələlərdən danışsalar da, əslində hər bir dövlət öz milli maraqlarını əsas götürür. Lakin xoşbəxtlikdən, bir çox ölkələr üçün yaşıl keçid milli maraqlarla üst-üstə düşür. Bu, xüsusən texnoloji innovasiyaların inkişafı və iqtisadi töhfələr baxımından önəmlidir. Bəzi ölkələr üçün isə əsas hədəf enerji təhlükəsizliyi və özünütəminatdır.

İkinci amil hökumətlərin rolu ilə bağlıdır. Heç bir dövlət və ya dövlətlər qrupu prosesi tələb olunan sürətlə – yəni 2050-ci ilə qədər xalis sıfır emissiya və 1,5 dərəcə hədəfi istiqamətində – təkbaşına irəli apara bilməz. Burada əsas vəzifə özəl sektoru açmaq və səfərbər etməkdir. Çünki bazar qüvvələri olmadan nəticə əldə etmək mümkün deyil. Hökumətlər isə müəyyən maliyyə dəstəyi göstərərək bazar mexanizmlərinin işə düşməsinə şərait yaratmalıdır. Bu, xüsusən də bahalı yaşıl texnologiyaların tətbiqi üçün vacibdir”.

Elnur Soltanov üçüncü mühüm amilin isə ictimai təzyiq olduğunu əlavə edib:

“İnsanların səmimi istəyi və gənclərin fəallığı bu məsələdə mühüm rol oynayır. Nyu-Yorkdan Belemdəki tədbirlərə qədər hər yerdə ictimaiyyətin iqlim dəyişikliyi ilə bağlı səmimi narahatlığı müşahidə olunur. Uşaqların və gənclərin valideynlər üzərindəki təsiri də əhəmiyyətli hesab olunur və bu, gələcəkdə daha böyük dəyişikliklərin əsas hərəkətverici qüvvəsi ola bilər.

Beləliklə, iqlim fəaliyyətinin sürətləndirilməsində üç əsas faktor – geopolitika və milli maraqlar, hökumətlərin özəl sektoru səfərbər etməkdəki rolu və ictimai-sosial təzyiq – həlledici qüvvədir”.

Избранный
26
teleqraf.com

1Источники