RU

Səssiz çəkindirmə: Musəvi İranın hərbi gücünə nə üçün işarə edir?

Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Yaxın Şərq regionunda geosiyasi vəziyyət getdikcə daha da mürəkkəbləşir, İran və İsrail arasındakı gərginlik isə uzun illərdir ki, beynəlxalq diqqətin mərkəzindədir. Bu fonada İranın hərbi qüvvələrinin hazırlıq səviyyəsi və müdafiə strategiyaları da xüsusi əhəmiyyət kəsb edir.

Ölkənin təhlükəsizlik siyasəti yalnız daxili sabitliyi qorumaqla kifayətlənmir, həm də regiondakı potensial hərbi toqquşmalara cavab verməyə yönəlmiş kompleks hazırlıq tədbirlərini əhatə edir.

Bu kontekstdə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Əbdülrəhim Musəvinin açıqlamaları diqqət mərkəzinə çıxır. Musəvi ölkənin müdafiə qüdrətinin artırılması istiqamətində aparılan işləri, SEPAH qüvvələrinin nailiyyətlərini və aktiv çəkindirmə strategiyasının effektivliyini yüksək qiymətləndirir. O, həmçinin ordunun və SEPAH-ın birliyinin İranın müstəqilliyi və ərazi bütövlüyünün qorunmasında həlledici rol oynadığını vurğulayaraq, regionda hər hansı təcavüz və təhlükəyə qarşı tam hazır olduqlarını bəyan edib.

Bu açıqlama təkcə hərbi güc nümayişi yox, həm də Tehran üçün strateji mesajdır: İran öz ərazisini və maraqlarını qorumaq üçün hər zaman hazırlıqlı vəziyyətdədir və hər hansı provokasiyaya qarşı adekvat tədbirlər görməyə qadirdir. 

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Kazım Kazımov bildirib ki,  İran və İsrail arasında baş vermiş 12 günlük müharibə əslində nəticələnməmiş, yarımçıq qalmış bir qarşıdurmadır. Həm Tehran, həm də Təl-Əviv özünü qalib elan etsə də, Əbdülrəhim Musəvinin son açıqlaması göstərir ki, İran növbəti hərbi toqquşmaya tam hazır vəziyyətdədir:

"Bu mövqeni həm İran, həm də Körfəz mətbuatının şərhlərində aydın görmək mümkündür. Xüsusilə İsrailin baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı son çıxışı da sübut edir ki, müharibənin alovu bu torpaqlardan hələ çox uzaq deyil".

Kazım Kazımov: Bütün bunlar fonunda regiondakı digər qaynar nöqtələr vəziyyətin nə qədər təhlükəli olduğunu bir daha göstərir

Onun sözlərinə görə, şübhəsiz ki, İran və İsrail arasında yenidən baş verəcək istənilən toqquşma regiondakı gərginliyi daha da dərinləşdirəcək. Əsas problem isə ondadır ki, hazırda tərəflər arasında nəinki hərbi əməliyyatlar, heç açıq diplomatik danışıqlar da mövcud deyil. Bu səbəbdən müharibənin qarşısını ala biləcək real addımlar da atılmır:

"Əksinə, həm İsrail, həm də İran daxilində hakimiyyətlər öz xalqlarını “qələbə” əhval-ruhiyyəsində saxlamağa, daha çox silahlanmağa və mümkün müharibəyə hazırlaşmağa yönəlmiş siyasət yürüdür".

Politoloq diqqətə çatdırıb ki, bütün bunlar fonunda regiondakı digər qaynar nöqtələr - Qəzzadakı qanlı toqquşmalar, İsrailin vaxtaşırı Livan və Suriyaya hava zərbələri, eləcə də Qətərdə Həmas liderlərinə qarşı son sui-qəsd cəhdi  vəziyyətin nə qədər təhlükəli olduğunu bir daha göstərir:

"Belə bir həssas şəraitdə İran və İsrail arasında yeni bir hərbi qarşıdurmanın baş verməsi Yaxın Şərqdə gərginliyi misilsiz dərəcədə artıracaq və regionu daha da dərin böhranlara sürükləyəcək".

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
bakivaxti.az

1Источники