RU

TDT-nin qlobal iqtisadiyyat və nəqliyyat əlaqələrinə töhfələri barədə müzakirələr aparılıb 

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə Bakıda keçirilən “Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda konfrans çərçivəsində “İqtisadi qeyri-sabitlik dövründə TDT-nin dünya iqtisadiyyatına, ticarət və nəqliyyat əlaqələrinə töhfələri”nə həsr olunmuş panel müzakirə aparılıb.

AZƏRTAC xəbər verir ki, paneldə çıxış edən Şimali Kipr Türk Respublikasının Prezidentinin Vətəndaş Cəmiyyəti Təşkilatlarının kommunikasiya koordinatoru Latif Akça Şimali Kipri Türk Dövlətləri Təşkilatına təqdim edə biləcəyi kommersiya və logistika imkanları barədə danışıb. O qeyd edib ki, Şimali Kipr Türk Respublikası TDT-yə ticari və logistik imkanlar təqdim etməyə hazırdır.

L.Akça diqqətə çatdırıb ki, Şimali Kipr strateji mövqeyi ilə Türk dünyasının Aralıq dənizinə açılan təbii qapısıdır. Ada Avropa, Yaxın Şərq və Afrika qitələrinin kəsişməsində yerləşməklə yanaşı, tarixi İpək Yolunun da mühüm keçid nöqtələrindən biridir. O, həmçinin bildirilib ki, Şimali Kiprin sərbəst limanları və azad ticarət zonaları türk dövlətlərinin birgə istehsal və ixracat layihələrinin həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Gazimağusa azad ticarət zonasında yaradılacaq birgə istehsal və ixrac mərkəzləri təşkilat daxilində iqtisadi inteqrasiyanı gücləndirəcək. Koordinatorun fikrincə, Şimali Kipr Türk Dövlətləri Təşkilatının iqtisadi, ticari və enerji təhlükəsizliyi sahəsində mühüm tərəfdaşı ola bilər.

Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun baş elmi işçisi Sanat Kuşkumbayev qeyd edib ki, ölkəsi Orta Dəhliz layihəsini yalnız tranzit potensialı kimi deyil, həm də Xəzər dənizinin iki sahili və Şərq ilə Qərb arasında etibarlı, davamlı körpülər qurmaq baxımından tarixi məsuliyyət kimi qiymətləndirir. Layihə Qazaxıstan və qardaş üzv dövlətlər üçün beynəlxalq münasibətlərdə strateji cavab rolunu oynayır.

Özbəkistan Respublikası Prezidenti yanında Strateji və Regional Araşdırmalar İnstitutunun direktor müavini Şəfoat Nurullayeva TDT çərçivəsində iqtisadi əməkdaşlığın prioritet sahələri barədə fikirlərini bölüşüb. O bildirib ki, 2023-cü ildə yaradılan Ticarət və Sənaye Palataları İttifaqı TDT ölkələrinin iş adamları arasında əlaqələri gücləndirib, ticarət və investisiyaların artmasına imkan yaradıb. Bir sonra təsis edilən İnvestisiya Fondu isə böyük layihələrin maliyyələşməsi üçün vacibdir və kapitalı artıq 600 milyon dollara çatıb. Hazırda TDT ölkələrinin ümumi ÜDM-i 2,1 trilyon dollara, ticarət dövriyyəsi isə 45 milyard dollara çatıb. Xarici kapitala malik müəssisələrin sayı 53 mindən 92 minə yüksəlib.

Ş.Nurullayevanın sözlərinə görə, bütün bu nailiyyətlərə baxmayaraq, hələ tam potensial reallaşmayıb. TDT üçün əsas prioritet ticarətin daha da inkişaf etdirilməsidir.

Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun baş tədqiqatçısı Laszlo Vasa Orta Dəhlizi təkcə nəqliyyat layihəsi kimi deyil, Şərq-Qərb və Şimal-Cənub arasında strateji körpü, həm də Türk dünyasının Asiya ilə Avropa, keçmiş ilə gələcək arasında oynadığı mühüm rol kimi xarakterizə edib.

L.Vasa hesab edib ki, əsas güc türkün birliyindədir: “Ortaq dil, mədəniyyət və tarix bu əməkdaşlığı, sadəcə, taktiki deyil, strateji və institusional xarakterə çevirir. Bu sürətli tərəqqi mədəniyyətdən başlayaraq təhsil, sənaye, innovasiya, rəqəmsal iqtisadiyyat və təhlükəsizlik sahələrinə qədər genişlənir. TDT-ni isə bu baxımdan unikal edən cəhət onun təkcə təşkilat deyil, həm də “bir ailə” olmasıdır”.

Избранный
70
1
azerbaijan-news.az

2Источники