Dünyanın aparıcı avadanlıq istehsalçılarından biri olan Almaniyanın Mayer & Cie. şirkəti iflas müraciəti edib.
BAKU.WS xəbər verir ki, 120 ildən çox fəaliyyətdə olan ailə şirkəti, 2024-cü ildə 80 milyon avro dövriyyə əldə etsə də, maliyyə çətinliklərini aşmaq mümkün olmayıb.
Almaniyanın Albstadt şəhərində yerləşən və əsasən yuvarlaq toxuma maşınları ilə tanınan Mayer & Cie. dünya bazarında böyük nüfuza malik idi. Şirkət tişört, iç geyim, pijama və yataq dəstlərinin istehsalında istifadə edilən texnologiyaları ilə məşhurdur və 300-dən çox patenti var.
Hazırda şirkətin 350 əməkdaşı qeyri-müəyyənlik içindədir. İşçilərin böyük hissəsi Almaniyada, digərləri isə Çexiya və Çində çalışır. Şirkət rəhbərliyi 23 sentyabrda iflas prosesinə nəzarəti öz üzərinə götürdüyünü açıqlayıb.
İflasın qarşısını almaq üçün işçilərin əvvəlki illərdə əlavə ödənişlərdən imtina etməsi də çıxış yolu olmayıb.