RU

Astronomlar buzlu kütləni udan “ağ cırtdan” kosmik obyektini müşahidə ediblər

Bakı, 29 sentyabr, AZƏRTAC

“Hubble” kosmik teleskopundan istifadə edən astronomlar Plutona bənzəyən və buzlu kütləni udmuş kimi görünən “ağ cırdan” kosmik obyektini müşahidə ediblər.

AZƏRTAC NASA-nın məlumatına istinadla xəbər verir ki, “ağ cırtdan” Yerdən təxminən 255 işıq ili uzaqlıqda yerləşir, kosmik baxımdan planetimizə nisbətən yaxındır və Günəşin kütləsinin təxminən 57 faizinə malikdir. İşıq ili işığın bir ildə qət etdiyi məsafədir (9,5 trilyon km).

“Ağ cırtdan”lar, qara dəliklər qədər sıx olmasa da, Kainatın ən yığcam cisimləri arasındadır. Kütləsi Günəşin səkkiz qatına qədər olan ulduzların sonu “ağ cırtdan” kimi görünür. Onlar sonda yanacaq kimi istifadə etdikləri bütün hidrogeni yandırır, daha sonra cazibə qüvvəsinin təsiri ilə çökür və xarici təbəqələrinin “qırmızı nəhəng” mərhələsində partlamaya səbəb olur. Nəticədə yığcam nüvə yox olur.

Günəş də milyardlarla il sonra “ağ cırtdan” kimi varlığını sona çatdıracaq kimi görünür. Yeni araşdırmada məlum olub ki, “ağ cırtdan” Günəşdən 50 faiz daha böyük olduğu təxmin edilən ulduzun qalığıdır. Əvvəlki formada onun diametri planetimizdən bəlkə də 190 min dəfə böyük olmasına baxmayaraq, hazırda təxminən Yerin diametrinə bərabərdir.

Astronomlar əvvəllər “ağ cırtdan”ların güclü cazibə qüvvəsi sayəsində planetlər, aylar və asteroidlər kimi qayalı cisimləri necə istehlak etdiklərini və ya elmi dillə desək, toplaşdıqlarını sənədləşdirmişdilər. Alimlər teleskoplardan istifadə edərək, ağ cırtdanın səthində bu obyektləri təşkil edən elementlərdən ibarət materialı aşkar edirlər.

Tədqiqatçılar indi bu “ağ cırtdan”da udduğu obyektin əsasən qayalıq deyil, buz kimi olduğunu göstərən kimyəvi barmaq izini aşkar ediblər. Onlar nəhəng ulduzun qravitasiya təsirlərinin Plutona bənzər dünyanı parçaladığından və həmin parçaların daha sonra onun öz üzərinə düşdüyündən şübhələnirlər.

“Ehtimal ki, “ağ cırtdan” Plutona bənzər buzlu dünyanın qabığından və mantiyasından fraqmentlər toplayıb”, -deyə İngiltərədəki Uorvik Universitetinin astrofizika üzrə tədqiqatçısı Snehalata Sahu “Royal Astronomical Society” jurnalında dərc olunan məqaləsində yazıb. O əlavə edib: “Plutona bənzər bir dünyadan qopan bir parçanı udmuş kimi görünən “ağ cırtdan” təxminən Günəşin ölçüsü ilə müqayisə oluna bilən məsafədə olduqda, güclü cazibə qüvvəsi bu obyekti dalğalı şəkildə təhrif edir və nəhayət, onu parçalara ayırır”.

Bu müşahidələr Günəş sistemimizdəki kimi buzlu cisimlərin digər planet sistemlərində də mövcud olduğunu sübut edir. Günəş sistemində onların bolluğu var, xüsusən də Pluton, kometalar və digər buzlu cisimlər kimi “cırtdan” planetlərin məskunlaşdığı ən kənar planet Neptundan kənarda olan soyuq bölgədə bu obyektlər daha çoxdur.

Su həyatın mühüm tərkib hissəsidir. Ancaq Yer kimi qayalı planetlərin böyük miqdarda ona necə sahib olması hələ də müzakirə mövzusudur. “Günəş sistemimizdə kometalar kimi buzlu cisimlərin Yer də daxil olmaqla qayalı planetlərə suyun çatdırılmasında əsas rol oynadığı düşünülür. Onlar su ilə yanaşı, karbon, kükürd və prebiotik kimya və nəhayət, həyatın yaranması üçün vacib olan kompleks üzvi maddələr kimi digər uçucu və üzvi birləşmələri də təmin edirdilər”, -deyə alim qeyd edib. Onun fikrincə, Yerdən, hətta qalaktikamızdan kənarda da nəhəng su ehtiyatlarının olması istisna edilmir.

 

Избранный
8
2
azertag.az

3Источники