RU

Bulvar idarəsinin rəisi ifadə verdi: "Məni dəniz suyuna görə həbs ediblər" - MƏHKƏMƏ

BAKI, 29 sentyabr. TELEQRAF

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənİlqar Mustafayev ifadə verib.

O bildirib ki, verilən ittihamların heç birini qəbul etmir: "Hesab edirəm ki, mənə qarşı qərəzli hərəkət edirlər. Lakin başa düşmürəm ki, hansı günahıma görə mənimlə bu cür davranılır. Axı, mən öz işimi sədaqətlə, qanun və insani keyfiyyətlərimi rəhbər tutaraq görmüşəm.

Əvvəla ondan başlayaq ki, Hesablama Palatası aktı mənə göstərmədən guya Bulvar İdarəsində 3,7 milyon mənimsəmə faktı tapır və Baş Prokurorluğa göndərir. Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsi isə cinayət işi başlayandan sonra 6 iş günü ərzində məni həbs edir.

Mən sual veririrəm: Niyə belə tez-tələsik məni həbs etmək lazım idi axı? Məgər istintaqa maraqlı deyildimi hər bir epizod üzrə mənim izahatım olsun, hər suala aydınlıq gətirim? Xırda bır oğurluq işində ən azı şübhəli şəxsi ətraflı dindirirlər, aktlarla, rəylərlə tanış edirlər, ziddiyyətli məqamlarda üzləşdirirlər, sonra bütün faktlar təsdiqini taparsa həbs qərarı seçirlər.

Mən isə müstəntiqin 2-3 dəfə çağırmasından sonra həbs olundum. Səbəb çox sadədir. İstintaq orqanı bilirdi ki, verilən ittihamların heç biri mənə yapışmır və çox rahatlıqla sübut edəcəm ki, mənim heç bir günahım yoxdur. Mənə belə bir imkan verməmək üçün tez-tələsik həbs qərarı verdilər ki, absurd ittihamları mənə yapışdırmaq asan olsun.

Axı, həbsdə olan şəxsin səsi eşidilmir... Sübutayetirsəydim ki, heç bir günahım yoxdur, mənə şər-böhtan atan şəxslərin özləri cəzalanacaqdılar".

İlqar Mustafayevin sözlərinə görə, Hesablama Palatasının aktında göstərilənlərə nəzər salında ona qarşı iradlar yazılıb:

"Mən iradlardan bir neçəsini sadalayım. Aktın 23-cü səhifəsində Bakı Bulvar İdarəsi Azərsu ASC-dən suvarma və istifadə üçün su almaq əvəzinə dəniz suyunu duzsuzlaşdıraraq istifadə edə bilərdi və bununla da 800 min manata qənaət etmiş olardı. Bu, axı absurddur. Köhnə bulvar ərazisində 4 restoranın çırkab suları 1,8 kv nasosa quraşdırılıb və bununla da 2600 manat enerjiyə artıq pul xərclənib. Necə hesab edirsiniz, mən çirkab sularını bulvara axıdılmasına icazə verməli idim?"

Sabiq idarə rəisinin sözlərinə görə, bulvar İdarəsində olan bir çox tikintilərə, iaşə obyektlərinin layihə-smeta sənədlərinin hazırlanmasına və ekspertizasına təxminən 91 000 manat pul xərclənib: "Bu da artıq xərcdir. Bildirirəm ki, bu xidməti göstərən müəssisə və təşkilatlarıdır, onların da qiymətləri rəsmi müəyyən edilir. Mən bunu necə dəyişib öz istədiyim rüsumu təyin edə bilərəm axı. Mən 2016-cı ildən 2024-cü ilə qədər, yəni 8 il Bulvar İdarəsinə rəhbərlik etmişəm. İttiham aktına əsasən onun ilk 2 ilində, yəni 2016-2018 8 miliyon, qalan altı ilində isə 4 miliyon pul mənimsəmişəm. Və ittiham aktına inansaq guya Bulvar İdarəsində fəaliyyət göstərən bütün atraksionlardan, ticarət köşklərindən və obyektlərdən yığılan pulları işçilər və sahibkarlar İdarənin əməkdaşlarına, onlar da yuxarı əməkdaşlara və son nəticədə mənə verirdilər və mən həmin pulları mənimsəyirdim. Lakin nə hikmətdirsə heç kim ifadəsində qeyd etmir ki, mənə - İlqar Mustafayevə şəxsən pul verməyib. Bütün bu yazılanlar absurd və gülməli deyilmi. Hansı məmur yeni gəldiyi problemli idarədə ilk iki ildə 8 milyon, sonrakı 6 ildə 4 milyon mənimsəyər? Bütün bu mənimsəmə dövründə Bulvarda olan 1000 nəfərə yaxın insana da bunu açıq-aşkar elan edər, yaxud tapşırıq verər.

Birinci ittiham üzrə onu da qeyd edim ki, mən yeni təyin olunan zaman orada işləyən işçilərin heç birini işdən çıxarmadım, çörəyinə bais olmadım, iş fəaliyyəti necə qurulmuşdursa elə də davam edirdi. Siz vergi sənədlərinə baxsanız görərsiniz ki, mənim rəhbərlik etdiyim dövrdə hər il bulvarın həm gəlirləri, həm də vergiləri artıbdır. Məgər mənimsəmək istəyən şəxs rəsmi vergi və gəlirləri artırar. Həmçinin görürsünüz ki, dövlət büdcəsindən ayrılan pullarla bağlı ittihamda bir cümlə yoxdur".

İlqar Mustafayevin ifadəsinə görə, Bulvar İdarəsinin son 3 illik büdcəsi 40 miliyon manat olub və qəpiyinə qədər hesabatları aparılıb: "Bu isə bir daha onu sübut edir ki, mən düzgün və sədaqətlə işləmişəm. İstintaq birinci epizod üzrə belə qənaətə gəlib ki, atraksion və obyektlərdən gələn pulları kassirlər konkret işçilərə veriblər və bu da hansısakserokopya kağızlarında yazılan yazılara əsaslanır. Yaxşı bu İstintaq belə bir qənatə gəlibsə bunu mənə necə bağlamaq olar axı. Əlbəttə ki, Bulvar hər gün fəaliyyət göstərən strateji bir yerdir və mən də rəhbər kimi tapşırıq vermişəm ki, hər kəs qanunla işləsin, mən öz müavinlərimə, onlar departament və şöbə rəhbərlərinə və ierarxiyaüzrə bu qaydada nəzarət edilir. Axı mən şəxsən necə gedib kassa aparatının qarşısında dayanıb ona nəzarət edə bilərdim. Bu fiziki olaraq mümkün deyil. İkinci bir tərəfdən əgər müəyyən normativlər pozulubsa, məsələn hansısa kassir pulu idarəyə mədaxil edərkən rəsmiləşdirmə qaydası pozulubsa, bu o demək deyil ki, pullar mənimsənilib. Əgər Dənizkənarı Bulvar İdarəsində hər il görülən işlərə dair hesabata nəzər salsansa, görəcəksiniz ki, nə qədər işlər görülüb, nə qədər qənaət edilib. Təkcə birinci epizod üzrə 20-yə yaxın şahid qismində insan dindirilib. Onlardan biri də ifadəsində deməyib ki, mən İlqar Mustafayevə pul vermişəm, yaxud onun kimdənsə pul tələb etdiyinin şahidi olmuşam. Bu necə mənimsəmədir ki, bir nəfər mənim əleyhimə şahidlik etmir, nə video var, nə səs yazısı, nə də rəsmi sənəd, amma günahkar mən oluram".

Təqsirləndirilənşəxs qeyd edib ki, dəniz gəzintisi xidmətlərinin göstərilməsi ilə əlaqədar Şəfəq və Mirvari gəmilərində bilet satışından əldə edilmiş gəlirin mənimsənilməsinə dair: "Hesablama Palatası hansısa möhürsüz, imzasız e-mail vasitəsilə gələn Dövlət Dəniz və Liman Agentliyinin sədrinin müşavirinin göndərdiyi cədvələ əsaslanaraq hesablayıb ki, 2018-ci ildə 173 000 nəfər, 2019-cu ildə 133 680 nəfər, 2020-ci ildə 13 000 nəfər, 2021-ci ildə 62 000 nəfər, 2022-ci ildə isə 48 000 nəfər gəmilərdə sərnişin olub. İndi mənə maraqlıdır 2020-ci ildən 2022-ci ilə qədər ölkədə pandemiya olub, bulvar ərazisi rəsmi olaraq bağlı olub. Pandemiyanın ən sərt vaxtları isə 2021-ci il olub. Hansı ki, insanlar evdən bayıra SMS icazə ilə çıxırdılar. Necə oldu ki, 2021-ci ildə 62 000 nəfər gəmidə səyahətə çıxdı. Demək ki, istintaqın öz yazdığı sübutda olan məlumatda səhvlik var. Bəs kim qarantiya verir ki, Liman agentliyinin sədrinin müşavirinin göndərdiyi imzasız, möhürsüz cədvəldə olan digər məlumatlar da səhv çıxmayacaq.

Bundan başqa ittiham aktında sübut kimi yazılan ifadələrdə qeyd edilir ki, 2018-ci ildən kassa aparatı quraşdırılmış və satılan hər bir bilet kassada qeydiyyata alınmışdır. Odur ki, nə qədər bilet satıldığını kassa məlumatları ilə, yəni quraşdırılan kassanın yaddaşını yoxlamaqla müəyyən etmək mümkündür. Axı kassanı mən saxtalaşdıra bilmərəm. Hesablama Palatası elə ilk növbədə gedib kassa yaddaşını yoxlamalı idi, nəinki dolayı məlumatları axtamaqla məşğul olmalı deyildi".

İlqar Mustafayevin sözlərinə görə, növbəti epizod maraşpark dondurma köşklərinin 2019-2023–cü illər üzrə fəaliyyəti ilə əlaqədar: "İttiham aktında göstərilib ki, guya mən maraşpark dondurma köşklərinin sahibi İsrafil Bascıl Dənizkənarı Bulvar İdarəsinə 2019-2023-cü illər ərzində 736 500 manat pul ödəyib. Bu axı absurddur. Çünki 4 il ərzində təkcə icarə haqqı olaraq 736 500 manat verən bir sahibkarın bu müddət ərzində gəliri 3-4 milyon manat, dövriyyəsi ilə 10 milyon manata yaxın olmalıdır. Bunu ki, müəyyən etmək çətin deyil. Bu işdə Vergi Xidməti də qrupda var idi, istintaq obyektiv aparılsa idi, Maraşpark MMC-nin vergi hesabatlarını çıxarardı və fakt təsdiqini tapsa idi ciddi sübut kimi iş materiallarına əlavə edərdi. İndi isə ziddiyyət yaranır. Əgər Maraşpark MMC-nin sahibi İsrafil Bascılın dediyini sübut kimi götürürüksə, nə üçün ona qarşı gəlirləri düzgün bəyan etməmək və vergidən yayınmaqla bağlı cinayət işi başlamırıq, heç vergi yoxlaması da aparılmır. Amma mənə münasibətdə isə onun ifadəsi Quran ayəsi kimi əsas götürülür və mənimtaleyim həll olunur. İkinci bir ziddiyyət İsrafil Bascıl yazdığı vərəqdə göstərib ki, hər ay İdarəyə pul ödəyib. Yaddındançıxıb ki, 2020-2022-ci illərdə pandemiya olub və Bulvar bağlanıb. Hələ baxsaq bəlkə də İsrafil Bascıl pandemiya dövründə dovlətdən vergi güzəştləri və kompensasiya da alıb".

İlqar Mustafayev popkorn köşkləri ilə bağlı 380 313 manat mənimsəmədən danışıb: "İstintaq bununla bağlı yeganə sübut kimi Abbasov Tohid Fazil oğlu adlı şəxsin ifadəsini əsas gətirib. İndi həmin ifadənin qısa məzmuna baxın və özünüz şahidi olacaqsınız ki, nə qədər gülünc və absurd ittiahmdır. Abbasov Tohid ifadə verir ki, 2000-ci ildən işləyirdi və mən 2016-cı ildə gələn kimi onu Bulvardan kənarlaşdırdım. O da 6 ay sonra mənimlə görüşdü və guya mən dedim ki, sən get öz VÖEN-inlə işlə mən sənə maaş verəcəyəm, əvəzində bütün gəlirləri də səndən alacağam. Belə qeyri-peşəkar sübut olar. Mənim əgər belə bir niyyətim varsa, mən nə üçün tanımadığım, hətta Bulvardan kənarlaşdırdığım və mənə düşmən olan birisi ilə belə bir danışığa gedim. Axı 1-ci sinif uşağına bunu danışsan gülüb keçər ki, qeyri-ciddidir. Bir daha bildirirəm ki, bu ittihamlar yalandır. Əgər Abbasov Tohid və digərləri sahibkar kimi Bulvardan gəlir götürməsə idilər köşklərin sayını hər il artırmazdılar".

Təqsirləndirilənşəxs daha sonra gül və kol bitkilərinə ayrılmış pulların mənimsənilməsəsi epizodundan danışıb: "Bu ittihama görə guya mən Bulvar İdarəsinin istixanası ola-ola Girasol MMC-dən 175672 manat dəyərində gül almaq adı ilə pulları mənimsəmişəm. Bu da cox absurd və gülməli ittihamdır. Əvvəla Bulvar İdarəsində istixananı 2020-ci ildə mən yaratmışam ki, kənardan gül alışının nisbətən azaldaq. Əgər mən Girasol MMC vasitəsilə gul satşı adı ilə pul mənimsəmək istəsə idim, nə üçün istixana yaradırdım, elə kənardan gül almağa davam edərdim. İkincisi, yəqin ki, müstəntiq həmin istixanada olmayıb, çünki oraya baxış keçirsə idi, görərdi ki, adı istixana olan həmin yerdə qaz və qazanxana olmadığı üçün orada bütün il boyu və bütün bulvara yetəcək qədər gül yetişdirmək mümkün deyil. Mən isə bütovlükdə 215 hektar sahəsi olan Bulvara rəhbərlik edirəm və yol verə bilmərəm ki, hansısa aylar Bulvarda güllər olsun, hansısa aylar olmasın. Üçüncüsü, mən Girasol MMC ilə birlikdə pul mənimsəmək istəsəm nə üçün elə cəmi bir il, yəni 2021-ci il bu işi görürəm, elə hər il bu sxem üzrə işləyərdim. Ona görə də bildirirəm ki, bu ittiham da tam əsassızdır".

İlqar Mustafayev deyib ki, vergidən yayınmaqla bağlı məsələ isə mənə tamamilə qaranlıq qalır: "Deməli Vergi Xidməti belə hesab edir ki, əgər istintaq mənə 12 milyoluq mənimsəmədə ittiham edirsə, həmin mənimsədən vergi verilməli idi. Axı bu tamamilə absurddur. Birincisi ona görə ki, mənim təqsirim hələ məhkəmədə sübut olunmayıb və şübhə və ehtimalla bu qədər vergidən yayınma ittihamını vergi yoxlamasının peşəkar olmadığından xəbər verir. İkincisi, Vergi xidməti cinayət işinin materialları ilə də tanış deyil. Çünki mənə elan olunmuş ittihamlarda göstərilən məbləğlər üzrə vergilərin əksəriyyəti ödənilib. Mən ikinci dəfə eyni vergini ödəməliyəm. Digər tərəfdən Vergi yoxlamasının tərəfi mən İlqar Mustafayev yox, Dənizkənarı Bulvar idarəsidir. Axı mən özüm şəxsən sahibkar deyiləm".

Daha sonra təqsirləndirilənşəxsin vəkili İsmayıl Kəngərli vəsatət verib. O, Dəniz Kənarı Bulvar İdarəsindən bəzi hesabatların əldə olunması üçün sorğu verilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib.

Növbəti proses oktyabrın 20-də davam edəcək.

Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İbtidai istintaqla İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq pulları mənimsəməkdə təqsirli biliniblər.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.

İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub.

Избранный
42
23
teleqraf.com

10Источники