RU

Kolleclərin boş qalan plan yerlərinə 1815 nəfər qəbul olunub

Bakı, 29 sentyabr, AZƏRTAC

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 3790 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1815 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Onların siyahısı ilə “Abituriyent” jurnalının xüsusi buraxılışında tanış ola bilərsiniz. Jurnalın xüsusi buraxılışının elektron versiyasını (PDF formatında) sabah DİM-in saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkün olacaq.

Qəbul olunanlar oktyabrın 2-dən 10-dək (saat 18:00 dək) “portal.edu.az” platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanın qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

 

Избранный
12
49
azertag.az

10Источники