RU

Bakıdan İrəvana möhlət - Şok tarix açıqlandı  

Paşinyan konstitusiyaya düzəlişi seçkilərdən sonraya saxlayır; bəs Ermənistanı tələsdirməliyikmi? - rəy

“Ermənistan hökuməti 2026-cı ildə ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərində yenidən seçiləcəyi təqdirdə yeni konstitusiyanın qəbulu üçün ümumxalq referendumunu təşkil edəcək”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan BMT tribunasındakı çıxışında deyib.

“Demokratiya sahəsində əldə etdiyimiz nailiyyətləri daha institusional və xalqpərəst etmək üçün yaxın gələcəkdə növbəti addımı atmaq niyyətindəyik. 2026-cı il parlament seçkilərində bir daha xalqın mandatını aldıqdan sonra biz yeni konstitusiyanın qəbulu üçün ümumxalq referendumuna başlayacağıq, bunun nəticəsində ölkədə hakimiyyətin bütün qolları və hüquq sistemi konstitusiyaya uyğun qurulacaq. Ermənistanın dövlətçiliyini davamlı və cəmiyyət mərkəzli edən xalqdır”, - Paşinyan qeyd edib.

Bu o deməkdir ki, yekun sülh sənədi bu ilin sonu, yaxud gələn ilin ilk yarısında imzalanmayacaq. Halbuki belə gözləntilər və proqnozlar səslənmişdi. Amma Paşinyan referenduma iyundan sonra getməyi anons edir. Buna qədər isə tərəflər etimad mühitini daha da möhkəmləndirməli, sülh prosesini davam etdirməli, kənar müdaxilələrə imkan verməməlidir.

Görünür ki, Paşinyan seçkilərdən qabaq konstitusiyaya düzəlişi riskli sayır. Seçkilərdə qələbə isə mövqeyini gücləndirəcək.

Azərbaycan tərəfi Paşinyanın bu mövqeyini necə qarşılayır? Daha bir il də gözləmək üçün səbirli olmalıyıq, yoxsa İrəvanı tələsdirməliyik? Çünki ABŞ hər iki tərəfi tələsməyə çağırmışdı, bəs Paşinyan niyə yubanır?

Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, Paşinyanın bu anonsu gözlənilən idi. Onun fikrincə, seçkidə qələbə ilə əlini gücləndirməyə hazırlaşan Paşinyan sonra xalqı referenduma çağırmaq istəyir: “Hakimiyyət qorxur ki, indi referendum risklidir. Azərbaycanın da onu 1 il gözləməsi üçün diplomatik dillə möhlət istəməsi istisna deyil. Azərbaycan Qarabağda suverenliyini bərpa edib, sülh mətni paraflanıb, ona görə narahat deyil. Hazırda gərginlik Ermənistandadır. Qərb və Rusiya Ermənistan uğrunda yarışır. Ona görə də Paşinyan seçkidə ruspərəstləri məğlub etməlidir ki, referendum keçirəndə müqavimət gücü qalmasın. Azərbaycana da Paşinyanın seçkidə qalibiyyəti lazımdır. Biz heç bir halda Moskvanın adamlarının iqtidara qayıdışını arzulaya bilmərik. Bu mənada, Paşinyanın ayaqlarının altında olan daşları təmizləməsi lazımdır. Bundan sonra region dayanıqlı sülh dövrünə daxil ola bilər”.

Qabil

Qabil Hüseynli

Q.Hüseynli əmindir ki, parlament seçkilərində qələbə Paşinyanın partiyasının olacaq: “Müharibədən sonra belə seçkiyə gedib qalib gəldi. İndi isə xalqa sülh vəd edir. Ermənilər bunu dəyərləndirməlidirlər. Üstəgəl, alternativ çirkin qüvvələrdir. Daşnak-millətçi, keçmiş korrupsionerlər xalqın gözündən düşüb. Onlara səs verməkdənsə, Paşinyana üstünlük verilir”.

Politoloqun fikrincə, yenə də ani dəyişikliklər mümkündür, yəni Paşinyan referendumu tez də keçirə bilərdi: “Sadəcə, bu prosesin uzanması daxili amillərlə əlaqədardır. Burada heç bir əngəl yoxdur. Paşinyanın qarşısında daxili problemlər olmasaydı, çoxdan Azərbaycanın şərtini yerinə yetirmişdi. Hazırda Ermənistan üçün imtahan dövrüdür. Zənnimcə, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə nail ola bilməyəcək. Ukrayna müharibəsi onun strateji imkanlarını daraldıb. Məsələn, Moldovada ruspərəstlər qalib gələ bilmədi. Eynisini Ermənistanda gözləyirəm. Bundan sonra Cənubi Qafqazda Rusiyanın təsirləri getdikcə azalmalıdır. Çünki onun əsas gücü olan ölkə Ermənistandır”.

Professor əlavə edib ki, müxalifətin reytinqi artmır, iqtidar isə ən azı populyarlığını saxlaya bilir, ona görə də küçə hərəkatları da təsir etməyəcək: “Nəticədə isə az sonra referendum olacaq və ardınca yekun sülh sənədi imzalanacaq”.

Qeyd edək ki, BMT-nin baş katibi Antoniu Quterreş Nyu-Yorkda keçirilən 80-ci Baş Assambleyanın açılışında çıxışı zamanı Azərbaycan və Ermənistanı nümunə göstərib. Quterreş bildirib ki, bu il beynəlxalq aləmdə sülh proseslərinə dair mühüm addımlar atılıb.

“Avqustun 8-də Azərbaycanla Ermənistan arasında daimi sülhə gedən addımların atılmasından məmnunuq”. Bunu isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı deyib. O, bu prosesə töhfə verən ABŞ Prezidenti Donald Trampa təşəkkür edib: “Hörmətli Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan başda olmaq üzrə, bu prosesə töhfə verən ABŞ Prezidenti Donald Trampı bir daha təbrik edirəm. Türkiyə və Ermənistan arasında normallaşma prosesi də öz axarı ilə davam edir”.

İran Prezidenti Məsud Pezeşkian da BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bildirib ki, ölkəsi Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyir. “İran sülh və stabilliyi dəstəkləyir. Biz inanırıq ki, region və dünyanın gələcəyi əməkdaşlıq, etimad və qarşılıqlı inkişaf əsasında qurulmalıdır. Bu çərçivədə İran Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir”, - Pezeşkian vurğulayıb.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Избранный
13
1
musavat.com

2Источники