RU

Dünyanın ən dərin və qədim gölü qaranlıq sirr gizlədir

Baykal gölündə bənzərsiz canlılar və kosmosdan görünən buz halqaları var…

Baykal gölü dünyanın ən qədim su hövzəsi hesab olunur və təqribən 25 milyon ildir mövcuddur. Sibirinin cənub-şərqində yerləşən bu göl həm də Yer kürəsinin ən dərin gölüdür – dərinliyi 1700 metrə qədər çatır. Bu unikal su hövzəsi planetin donmayan təmiz su ehtiyatlarının təxminən 20%-ni özündə saxlayır.

Poliqon xəbər verir ki, bu barədə IFLScience nəşri yazır.

Baykal gölü həm də flora və faunanın nadir nümunələrinin evi sayılır. Təxminən 80% bitki və heyvan növləri yalnız burada mövcuddur. Onlardan ən maraqlılarından biri şəffaf bədənə malik, təqribən 21 santimetr uzunluğunda baykal golomyankasıdır. Bu balıq bütün su qatlarında yaşayır və dünyada ən dərin sularda məskunlaşan şirin su balığı kimi tanınır. Golomyankaların digər xüsusiyyəti onların kanibalizmidir. Onlar öz balalarını yeməklə yanaşı, əsasən kiçik xərçəngkimilər və sürfələrlə qidalanırlar.

Gölün ekosistemi iqlim şəraitinə uyğun olaraq dəyişkənlik nümayiş etdirir. Yay aylarında suyun səthi bəzi yerlərdə +16°C-yə qədər isinirsə, yanvardan may ayına qədər Baykal qalın buz təbəqəsi ilə örtülür. Orta hesabla buzun qalınlığı 0,5–1,4 metr olur, bəzi sahələrdə isə 2 metrə qədər qalxa bilir.

Baykalın ən böyük sirlərindən biri isə buz halqalarıdır. Bu nəhəng dairəvi strukturlar qış aylarında əmələ gəlir və hətta kosmosdan görünür. NASA alimlərinin 2020-ci ildə apardığı araşdırmalar göstərib ki, gölün dərinliklərində yaranan isti burulğanlar saat əqrəbi istiqamətində dövr edən su axınları yaradır. Bu axınlar mərkəzdə zəif olduğundan buz qalır, kənarlarda isə güclü istilik buzun əriməsinə səbəb olaraq möhtəşəm halqaların formalaşmasına gətirib çıxarır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu halqalar buz üzərində hərəkət edən sürücülər üçün təhlükə yarada bilər, çünki onları yer səviyyəsindən aşkar etmək çətindir. Problemin həllinə kömək məqsədilə alimlər Baykal gölündə yaranan buz halqalarının interaktiv xəritəsini də tərtib ediblər.

Poliqon.info

Избранный
81
poliqon.info

1Источники