RU

“Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumunun açılış mərasimi oldu- FOTO

30 sentyabr tarixində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumunun açılış mərasimi olub.

Avtosfer.az xəbər verir ki, forum Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlıq əlaqələrinə həsr olunmuş videoçarxla başlayıb.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov forum iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan və Özbəkistan xalqları arasında olan tarixi bağlar bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin güclü siyasi iradəsi, uzaqgörən liderliyi nəticəsində yüksək mərhələyə çatmışdır. İkitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin bütün sahələrdə, o cümlədən media sahəsində əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanlar açdığını vurğulayan İcraçı direktor qeyd edib ki, rəqəmsal media mühitinin nizama salınması, yeni texnologiyaların tətbiqi və jurnalistikanın peşəkar standartlarının qorunması istiqamətində qarşılıqlı təcrübə və bilik mübadiləsi hər iki ölkənin media sektorunun inkişafına mühüm töhfə verəcək.

Forumda çıxış edən Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin sektor müdiri Dilşod Saidjanov iki qardaş ölkə – Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib. O bildirib ki, ortaq tarixi və mədəni dəyərlərə söykənən bu əlaqələr informasiya mübadiləsinin intensivləşdirilməsi, dezinformasiyaya qarşı birgə mübarizə strategiyalarının formalaşdırılması və regional informasiya təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov qeyd edib ki, rəqəmsal medianın inkişafı audiovizual məzmunun istehsalı və müvafiq sahənin tənzimlənməsi istiqamətində yeni yanaşmaların tətbiqini tələb edir. Onun sözlərinə görə, bu proses qlobal media məkanında keyfiyyət standartlarının yüksəldilməsini, peşəkar prinsiplərə əsaslanan fəaliyyətin gücləndirilməsini və beynəlxalq əməkdaşlığın daha sıx qurulmasını zəruri edir.

Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxanov diqqətə çatdırıb ki, informasiya və media sahəsində əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlığın mühüm istiqamətlərindən biridir. O vurğulayıb ki, Azərbaycan və Özbəkistan mediası arasında qurulan birgə platformalar qarşılıqlı informasiya mübadiləsini gücləndirir və xalqlarımızın ortaq dəyərlərinin təbliğinə xidmət edir.

Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru Dr. Nozima Muratova isə forumun həm elmi müstəvidə, həm də praktik sahədə əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu platforma ali təhsil müəssisələrinin əməkdaşlığını genişləndirməklə yanaşı, gələcək jurnalistlərin rəqəmsal bacarıqlarının artırılmasına, media təhsilində müasir innovativ yanaşmaların tətbiqinə və təcrübə mübadiləsinin gücləndirilməsinə mühüm imkanlar yaradır.

Qeyd edək ki, Forum “Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər” və “Rəqəmsal informasiya mühitində etik məsuliyyət” mövzularında panel sessiyalarla davam edəcək.

FOTO QALEREYA
Избранный
31
16
avtosfer.az

10Источники