RU

Bakıda “INMerge” İnnovasiya Sammiti keçirilib

Bakıda “PASHA Holding” MMC-nin təşkilatçılığı ilə iki günlük “INMerge” İnnovasiya Sammiti baş tutub.TƏHSİL.BİZ  xəbər verir ki, sammit çərçivəsində innovasiya, investisiya və əməkdaşlıq mövzuları müzakirə olunub. Tədbir Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistandan siyasətçiləri, korporasiyaları, investorları, startapları və ekosistem oyunçularını bir araya gətirib. Sammit 5 mindən çox iştirakçı, 150 spiker, 100 startap və 80-dən çox vençur fondunu bir araya toplayaraq əməkdaşlıq və inkişaf üçün geniş imkanlar yaradıb.Builki proqram finteks və məsuliyyətli bankçılıqdan başlayaraq data və süni intellekt, “Sənaye 4.0”, telekommunikasiya, marketinq, e-ticarət və investisiya sahələrini əhatə edən səkkiz istiqamət üzrə təşkil olunub.

Sammitin ilk günündə “Pixar” şirkətinin həmtəsisçisi Ed Katmul, “OpenAI” şirkətinin bazara çıxış üzrə keçmiş rəhbəri Zak Kass və Harvard Universitetinin professoru Tarun Xanna biznes və texnologiyanın gələcəyini formalaşdıran ideyalarını bölüşüblər.

Açılış mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “PASHA Holding”in baş icraçı direktoru Cəlal Qasımov və şirkətin innovasiyalar üzrə rəhbəri Tuğra Musayeva çıxış ediblər.

Mikayıl Cabbarov texnologiya və kreativliyin yeni imkanlar yaratdığını, bacarıq və biliklərin artırılmasının vacibliyini qeyd edib. Nazir bildirib ki, ölkəmizdə bu istiqamətdə mühüm tədbirlər görülür və sammit innovativ ideyaları real imkanlarla birləşdirən unikal platformaya çevrilib. O, həmçinin yüksək performanslı hesablama imkanlarının yalnız dövlət qurumlarına deyil, özəl sektor, akademiya və vətəndaş cəmiyyətinə də təqdim edilməsinin bilik mübadiləsini genişləndirəcəyini, proqnozlaşdırmanı yaxşılaşdıracağını və faktlara əsaslanan qərarverməni gücləndirəcəyini vurğulayıb.

“PASHA Holding”in baş icraçı direktoru Cəlal Qasımov “INMerge”i Mərkəzi Avrasiya regionunun aparıcı innovasiya forumu adlandıraraq onun son beş ildə kiçik korporativ tədbirdən beynəlxalq əhəmiyyətli platformaya çevrildiyini qeyd edib. Onun sözlərinə görə, sammit yalnız ilhamlandırmaqla kifayətlənmir, həm də təhsil və bilik mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır:“Dünya heç vaxt indiki qədər sürətlə dəyişməyib. Belə bir mühitdə öyrənməyə açıq olmaq, maraqlı qalmaq və “öyrənilənləri unudub yenidən öyrənmək” bacarığı həyati əhəmiyyət kəsb edir. Fərdlər və təşkilatlar resurs və ideya çatışmazlığından deyil, öyrənməyi dayandırdıqları zaman geri qalırlar”.

Birinci günün son paneli biliyin milli inkişafa çevrilməsinə həsr olunub. Paneldə elm və təhsil naziri Emin Əmrullayev, “PASHA Holding”in baş direktorunun müavini Dəyanət Sədullayev və Harvard Biznes Məktəbinin professoru Tarun Xanna təhsilin sahibkarlığı təşviq etməsi, innovasiyaları hərəkətə gətirməsi müzakirə edib, onların davamlı milli inkişafa verdiyi töhfələrdən danışıblar.

Tarun Xanna universitet və özəl sektor əməkdaşlığının çətinliyini vurğulayaraq Çinin Şençjen şəhərində fəaliyyət göstərən BYD şirkətini uğurlu nümunə kimi göstərib. Onun sözlərinə görə, şirkətin hazırda Honkonq–Şençjen regionunda 1 milyon işçisi var ki, onların da 100 mini fəlsəfə doktorudur. Şirkət növbəti on ildə bu rəqəmi daha 80 min artırmağı planlaşdırır.

Dəyanət Sədullayev isə bildirib ki, “PASHA Holding” universitetlərlə fəal əməkdaşlıq edir, tələbələrə təcrübə proqramları təklif edir və praktiki biliklər qazandırır:“Tələbələrin bəziləri daha sonra bazara daxil olur, digərləri isə “PASHA Holding”də çalışmaq imkanı əldə edirlər. Bundan başqa, biz ölkədə kibertəhlükəsizlik məktəbini maliyyələşdiririk. Çünki kibertəhlükəsizlik bu gün Azərbaycanda çox vacib mövzudur”.

Emin Əmrullayev isə Tarun Xannanın yeni innovativ ixtisasların açılması ilə bağlı sualına cavabında deyib ki,  məsələ yeni ixtisas yaratmaqla bitmir. Bu istiqamətdə dərin düşünülmüş yanaşmalar, müasir pedaqoji metodlar və praktiki tətbiq imkanları tələb olunur. O əlavə edib ki, texnologiya və innovasiya sahəsində inkişaf üçün təkcə yumşaq bacarıqlar deyil, güclü fundamental bilik bazası və STEAM təhsili vacibdir. Cəmiyyətin texnoloji inkişafında mühəndislər, riyaziyyatçılar və hüquqşünaslar kimi fundamental peşə sahibləri həlledici rol oynayırlar.

Emin Əmrullayevin fikrincə, güclü STEAM təhsili və düzgün qurulmuş tədris ölkənin texnoloji inkişafının və innovasiya ekosisteminin təməlini təşkil edir.

Nazir qeyd edib ki, innovasiya və sahibkarlıq yalnız proqramlarla məhdudlaşmamalıdır. “Biz, ilk növbədə, yanlış yanaşmalardan uzaq durmalı, düzgün metodları müəyyən etməliyik. Təhsil sahəsində innovasiya yalnız məktəblərə deyil, həm də geniş ictimaiyyətə təsir etməlidir”, – deyə o vurğulayıb.

O, sonda qeyd edib ki, ölkədə innovasiya mühiti yalnız texnologiya və proqramlar ilə qurulmur. Bu, eyni zamanda gələcək nəsillərin yetişdirilməsi və cəmiyyətin ümumi inkişafına töhfə verəcək mədəniyyətin formalaşdırılması ilə bağlıdır.

Sammit çərçivəsində İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SIM) ilə Türkiyənin Süni İntellekt Siyasəti Assosiasiyası (AİPA) arasında Anlaşma Memorandumu da imzalanıb. Tədbirin ikinci günü də panel sessiyalarla davam edib.

 

 

 

 

 

Избранный
13
1
tehsil.biz

2Источники