RU

Bir əsr əvvəl başlanan Türk dünyasının mənəvi körpüsü

Sentyabrın 30-da AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının və Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Türk Dil Qurumunun birgə təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Dünəndən bu günə Birinci Türkoloji Qurultay: ümumtürk humanitar elmi fikrinin 100 ili və perspektivləri” mövzusunda elmi konfrans keçirilib.

Əvvəlcə konfrans iştirakçıları AMEA-da Türk dünyasına dair aparılan tədqiqatları əks etdirən nəşrlərdən ibarət sərgi ilə tanış olublar.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli mərasimi açaraq Birinci Türkoloji Qurultayın 1926-cı ilin 26 fevral – 6 mart tarixlərində Bakı şəhərində, hazırda konfransın keçirildiyi AMEA-nın Rəyasət Heyətinin Böyük akt zalında baş tutduğunu bildirib. Birinci Türkoloji Qurultayın türk xalqlarının milli oyanış tarixində və özünüdərkində mühüm rol oynadığını deyən akademik qurultayda türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, toponimikası, etnoqrafiyası, incəsənəti və s. ilə bağlı qərarların qəbul edildiyini, nəticədə həmin tədbirin iştirakçılarının amansız sovet rəhbərliyinin hədəfinə tuş gələrək bir qisminin sürgünə göndərildiyi, bəzilərinin isə güllələndiyini söyləyib.

Bundan sonra SSRİ rəhbərliyinin türk xalqlarının birlik və həmrəyliyindən, milli oyanışından qorxaraq türkologiyanı məqsədyönlü şəkildə yalnız dilçilik hadisəsi kimi qələmə verdiyini deyən akademiya prezidenti sovet dövründə Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının, eləcə də AMEA-nın Dilçilik və Şərqşünaslıq institutlarının sadəcə türk dillərini öyrəndiyini vurğulayıb.

Ümumilikdə Birinci Türkoloji Qurultayın ideyalarının bütün qadağalara baxmayaraq unutdurula bilmədiyini deyən İsa Həbibbəyli qurultayın milli düşüncənin, ümumtürk həmrəyliyinin təməllərini atdığını diqqətə çatdırıb. Qurultayın 100 il öncə təqdim etdiyi ideyaların bu gün Türk Dövlətləri Təşkilatının timsalında gerçəkləşməkdə olduğunu deyən natiq təşkilatın başlıca hədəfləri sırasında türk xalqlarının birliyi və həmrəyliyinin dayandığını söyləyib. Həmçinin qeyd edib ki, qurultayın ortaq əlifbaya keçidlə bağlı ideyaları 2024-cü ildə Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyasının iclasında qəbul olunub.

Prezident İlham Əliyevin Türk dünyasını bizim ailəmiz adlandırdığını, türk xalqlarına verdiyi ən yüksək dəyəri ifadə etdiyini bildirən akademik İsa Həbibbəyli bu gün Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv ölkə kimi Türk dünyasında qərarların qəbulunda, birliyin, həmrəyliyin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb.

Dövlət başçısının prioritet elan etdiyi siyasətə uyğun olaraq AMEA-da müvafiq addımların atıldığını deyən qurumun rəhbəri akademiyanın bir çox müəssisələrində Türk dünyasının tarixini, ədəbiyyatını, folklorunu, dilini, musiqisini, arxeologiyasını, fəlsəfəsini öyrənən şöbələrin fəaliyyət göstərdiyini, Türk dünyasının akademik elmi və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu və genişləndirilməkdə olduğunu söyləyib. Bildirib ki, atılan bu addımlar türk xalqlarının elmi-mədəni inteqrasiyası baxımından olduqca mühüm rol oynayır.

Birinci Türkoloji Qurultayın akademik Nizami Cəfərov, professor Mahirə Hüseynova kimi tədqiqatçılarımız tərəfindən sanballı tədqiqata cəlb olunduğunu deyən İsa Həbibbəyli, həmçinin bu istiqamətdə dissertasiyaların və monoqrafiyaların da yazılmasının vacibliyinə toxunub.

Akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin təntənəli keçirilməsi məqsədilə AMEA-nın Rəyasət Heyəti tərəfindən qərar qəbul olunduğunu, bugünkü konfransla qurultayın yubiley tədbirlərinə başlanıldığını deyib. Bildirib ki, ölkəmizdə türk xalqları ilə bağlı aparılan tədqiqatlar gələcəkdə AMEA-da Türkologiya İnstitutunun yaradılması zərurətini meydana qoyur  və zaman buna doğru gedir.

Natiq həmçinin konfansda sanballı məruzələrin dinləniləcəyini bildirib və tədbirin Türk dünyasında türkologiyaya dair tədqiqatların genişlənməsinə öz töhfəsini verəcəyini söyləyib.

Açılış nitqindən sonra Birinci Türkoloji Qurultayın iştirakçılarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda Birinci Türkoloji Qurultaydan bəhs edən videoçarx nümayiş olunub.

Daha sonra Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulovanın təbrik məktubu səsləndirilib.

Tədbirdə “Türklərin Birinci Türkoloji Qurultayı və ya Birinci Türkoloji Qurultayda türklər” mövzusunda çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov bildirib ki, Qurultay bütün çalarları ilə səmimi hadisədir və psixoloji, sosial məzmununa görə heç kəsdə şübhə doğurmur. Akademik vurğulayıb ki, Qurultayda müzakirə edilən məsələlər türk xalqlarının 100 il ərzində səsləndirdiyi fikirləri ifadə edirdi və zamanla İsmayıl bəy Qaspıralı, Vasili Radlov və başqaları tərəfindən dilə gətirilmişdi.  O, qurultayın elmi rəhbərinin görkəmli türkoloq alimimiz Bəkir Çobanzadə olduğunu, qurultay zamanı yaranmış bütün sualların onunla müzakirə edildiyini bildirib. Həmçinin diqqətə çatdırıb ki, qurultay türk xalqlarının ideallarının nəticəsi olmuşdur.

Sonra tədbirin təşkilatçılarından olan Türk Dil Qurumunun prezidenti professor Osman Mert “1926-cı il Bakı Birinci Türkoloji Qurultayından günümüzə Türk dünyasında ortaq əlifba məsələsi” mövzusunda çıxış edib. Belə bir tədbirin təşkilinə görə, AMEA ilə əməkdaşlıqdan məmnunluğunu dilə gətirən Osman Mert Birinci Türkoloji Qurultayın türk xalqlarının tarixində onları bir araya gətirmək məqsədi daşıyan önəmli hadisə olduğunu bildirib. Qeyd olunub ki, bu qurultay Türk dünyası tarixinin dönüş nöqtəsidir, onun ideyaları Türk dünyasının ortaq yaddaşı, dili və mədəniyyətinin xatırlanması baxımından yaşadılmalı və gələcək nəsillərə çatdırılmalıdır.

Xalq şairi Sabir Rüstəmxanlı isə “Birinci Türkoloji Qurultay haqqında söz” mövzusunda məruzəsində Azərbaycan Milli Elmlər Akademiyasının hər zaman xalqımızın elmi düşüncəsinin mərkəzi olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan alimləri hələ sovet dövründə türkologiyanın yaşadılmasına çalışmışdır və “Türkologiya” jurnalının uzun illərdir fəaliyyət göstərməsi bunun isbatıdır. Birinci Türkoloji Qurultayın türk xalqlarının milli kimliyinin dərkində mühüm rol oynadığını deyən Sabir Rüstəmxanlı zaman-zaman qurultayın ideyalarının məqsədli şəkildə siyasiləşdirildiyini, əsas hədəfindən yayındırılmağa çalışıldığını vurğulayıb.

Konfransda, həmçinin AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli “Birinci Türkoloji Qurultay sənədlərdə” və Azərbaycan Dillər Universitetinin məsləhətçi professoru Adil Babayev “Birinci Türkoloji Qurultay və Türk dünyası” mövzusunda çıxış edərək Birinci Türkoloji Qurultayla bağlı apardıqları tədqiqatlar barədə məlumat veriblər.

Bundan əlavə, AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri filologiya elmləri doktoru, professor İlhami Cəfərsoy çıxış edərək Birinci Türkoloji Qurultayın türk xalqlarının ictimai fikrində və mədəni inkişafındakı roluna toxunublar.

Sonda yekun sözü ilə çıxış edən akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə AMEA-da bir sıra kitab və monoqrafiyaların nəşrinin, humanitar və ictimai elm sahələri əhatə edən elmi-tədqiqat müəssisələrində silsilə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Qabil YUSİFOĞLU
XQ

 

Избранный
7
1
xalqqazeti.az

2Источники