RU

II Azərbaycan – Özbəkistan Media Forumu öz işini yekunlaşdırdı

 

II Azərbaycan – Özbəkistan Media Forumu çərçivəsində “Rəqəmsal informasiya mühitində etik məsuliyyət” mövzusunda panel müzakirə təşkil olunub.

 

Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru Dr. Nozima Muratovanın moderatorluğu ilə keçirilən panel müzakirədə AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Sevinc Abdullayeva, Özbəkistanın Milli Kütləvi İnformasiya Vasitələrinin Dəstəklənməsi və İnkişafı üzrə İctimai Fondun Himayəçilər Şurasının sədri Akramjon Fozilov, “1news.az” xəbər portalının baş redaktoru Kəmalə Məmmədova və “O'zbekiston 24” Yaradıcı Birliyinin direktor müavini, “O'zbekiston 24” teleradio kanalının baş prodüseri Xaydar Xasanov spiker qismində çıxış ediblər.

 

Müzakirələrdə rəqəmsal informasiya mühitində etik prinsiplərə riayət olunmasının əhəmiyyəti, media nümayəndələrinin ictimai məsuliyyəti, dezinformasiya və manipulyativ məzmunlara qarşı peşəkar davranış standartlarının formalaşdırılması məsələləri diqqət mərkəzində olub. Çıxışçılar qeyd ediblər ki, sürətlə dəyişən rəqəmsal platformalarda informasiya istehsalı və yayımı prosesi jurnalistlərdən yüksək peşəkarlıqla yanaşı, etik məsuliyyətin də daşıyıcısı olmağı tələb edir. Həmçinin bildirilib ki, rəqəmsal məzmunun geniş auditoriyaya sürətli təsir imkanları həm ictimai rəyə, həm də sosial münasibətlərə birbaşa təsir göstərir. Bu səbəbdən, etik normaların qorunması və məsuliyyətli media mühitinin yaradılması dövlət qurumları, media təşkilatları və vətəndaş cəmiyyəti institutları arasında daha sıx əməkdaşlıq tələb edir.

 

Sessiyanın sonunda spikerlər auditoriyanın suallarını cavablandırıb, mövzu ilə bağlı fikirlərini bölüşüb.

 

Qeyd edək ki, panel sessiyadan sonra Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumu öz işini yekunlaşdırıb.

Tarix: 30 Sentyabr 2025, 17:52   
Избранный
10
2
pravda.az

10Источники