RU

Plastik cərrah Sənan Mehdiyevin məhkəməsində ekspert rəyi açıqlandı

Bakıda burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurlunun ölümü ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş cərrah Sənan Mehdiyevin məhkəmə prosesi keçirilib.

KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, bu gün Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrlik etdiyi prosesdə ekspert Məhəmməd Əmrahov ifadə verib.

Ekspert əməliyyat diskini izlədiyini bildirib. Onun sözlərinə görə, 07.01.2025 və 10.01.2025-ci il tarixlərində çəkilmiş baş-beyin KT müayinəsində görüntülərdə burun nahiyəsində, alın və xəlbir sümüklərində postop sümük defektləri və sınıq xətti izlənilib. Alında sağ tərəfdə qopmuş sümük fraqmentlər aşkar olunub.

Daha sonra zərərçəkmiş şəxsin vəkili Tural Musayev ekspertə verdiyi rəydə yazılanların özünə məxsus olub-olmadığını və onları təsdiq edib-etməmədiyini soruşub.

Məhəmməd Əmrahov yazılanların ona məxsus olduğunu və rəyi tam təsdiq etdiyini bildirib.

Təqsirləndirilən Sənan Mehdiyev ekspertdən xəstəni meningit edə biləcək hər hansı sınıq aşkar edib-etmədiyini soruşub.

Məhəmməd Əmrahov burun əməliyyatlarının hər birinin fərqli olduğunu qeyd edib: “Mən deyə bilmərəm ki, bu, hansı sümük zədələnməsidir. Xəstənin kəllə boşluğunda sınıq yox idi”.

Sənan Mehdiyevin vəkili ekspertdən neçə vaxtdır bu sahədə işlədiyini soruşub. Məhəmməd Əmrahov 20 ildən çox ancaq KT üzrə sənədlərə baxaraq rəy bildirdiyini deyib: “Mən KT-dən başqa heç nəyə cavabdeh deyiləm”.

Növbəti məhkəmə prosesi oktyabrın 3-nə təyin olunub.

İttihama görə, Sənan Mehdiyev 2025-ci ilin yanvar ayında Nəzrin Mansurlunu cərrahi əməliyyat edən zaman onun alın, xəlbir və ön çənə sümüklərinə əlavə sınıq xəsarətləri yetirməsinə səbəb olub.

İttihamda göstərilib ki, həkim apardığı vizual müayinənin nəticələrini yetərli hesab edərək əməliyyatın nəticələri haqqında tibbi tədbirlərin təyinatını dəqiqləşdirməyib və onun nəzarət altında qalmasını təmin etməyib.

Nəzrin Mansurlu 2025-ci ilin yanvarın 12-də vəziyyəti ağırlaşdığı üçün yerləşdirildiyi xəstəxanada həkim Sənan Mehdiyevin əməliyyat zamanı burun, alın, xəlbir sümüklərini sındırması nəticəsində aldığı xəsarətlərdən ölüb.

Qeyd edək ki, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mansurlu Nəzrin Aydın qızının yanvarın 12-də ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqla Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Mərcan Medicare” adlı klinikada plastik cərrah işləyən Sənan Mehdiyev tərəfindən icra olunmuş rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması və yerləşdirildiyi klinikada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Избранный
23
8
konkret.az

9Источники